20 Oktyabr 2020, Çərşənbə axşamı

Yaxın illərin söhbətidir. Muxtar respublikanın aidiyyəti nazirliklərinin nümayəndələrinin diyarımızın böyük kənd yaşayış məntəqələrində torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlərində iştirak edirdim. Bu tədbirlərdə torpaqlardan düzgün istifadə məsələsi müzakirə olunur, sahələrdə əyani şəkildə mütəxəssis məsləhətləri verilirdi.
Növbəti görüşlərin birində sadə bir torpaq adamının çıxışı, sözün həqiqi mənasında, mənə çox maraqlı təsir bağışladı. “Torpağın dilini bilmək” ifadəsinə məhz onda inandım.

Bu yazının qəhrəmanı da elə torpağın dilini öz dilimiz kimi bilən Arif Cəfərovdur. Babək rayonunun Yarımca kənd sakini Arif qardaşımızla elə o tədbirdə tanış olmuşam. Üstündən illər keçir. Ara-sıra görüşür, hal-əhval tutur, söhbətləşirik. Bir dəfə qəzetimizin redaksiyasında keçirilən dəyirmi masada iştirak edib, yenə də dəyərli söhbətinə heyranlıqla qulaq asmışam – əsl torpaq adamı, əsl zəhmətkeş bir insanın verdiyi hər bir məsləhət yaddaşıma həkk olunub.
Cari ilin artıq başa çatmış taxıl tədarükünün qızğın bir dövründə telefon əlaqəsi saxlayaraq Arif Cəfərovu redaksiyaya dəvət etdim. Çox səmimi bir şəkildə:
– Eşidirsənmi kombaynların səsini? Taxıl biçdirirəm.
Bir neçə gün sonra özüm getməli oldum. Və yenə də məni maraqlı söhbətinə “qonaq etdi”.

* * *

– Yarımca Babək rayonunun məhsuldar torpaq sahələri, bu qiymətli sərvətə bağlı insanları olan yaşayış məntəqələrindən biridir. Tarixən burada kənd təsərrüfatının müxtəlif sahələrində zəngin təcrübə qazanılıb. Torpaq adamları son illərdə onlara dövlətimiz tərəfindən yaradılmış şəraitdən səmərəli istifadə edir, məhsul bolluğu yaratmağa, gün-güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Bu sözləri 2-ci dərəcəli “Əmək” ordenli Arif Cəfərov deyir, əli ilə ucu-bucağı görünməyən əkin sahələrini göstərərək söhbətinə davam edir:
– Kənddə bir qarış torpaq belə, əkilməmiş qalmır. Hər bir yarımcalı bu qiymətli sərvətin səxavətinə bələd olduğundan onun qədrini bilir. Taxıl əkininə isə Yarımcada xüsusi önəm verilir. Mən də əsasən taxılçılıqla məşğulam. Bu il 60 hektar sahədə taxıl əkmişdim. Builki məhsulum da ailə təsərrüfatıma xeyli gəlir gətirdi.
...El ağsaqqalı, kənd bələdiyyəsinin sədri, ailə təsərrüfatı başçısı. Ömrünün 72-ci ilini yaşayan həmsöhbətimə heç bu yaşı vermək olmaz. Özünə deyəndə üzünə təbəssüm qonur, yenidən söhbətə davam edir:
– Orta təhsilimi alıb, kənddəki kolxozda fəaliyyətə başlamışam. Sonra sürücülük məktəbini bitirərək sürücülük etmişəm. Sovet hökuməti dağılanadək ictimai təsərrüfatlardakı qayda-qanunları o dövrü yaşayanlar yaxşı xatırlayarlar. Elə bilirdik ki, belə də olmalıdır: yarım və ya bir hektar üzüm bağı, bir o qədər tərəvəz sahəsi. Səhər tezdən işə get, günortaya qədər çalış, axşamüstü yenə... Heyvandarlıq fermalarında çalışanların işi lap çətin idi. Düzdür, yaxşı işə qiymət verənlər az da olsa, var idi. Ancaq, ümumilikdə, insan çalışdığının əvəzini yetərincə ala bilmirdi.
Bir məsələni də xatırladım. Eşidəndə ki, ictimai təsərrüfatlar ləğv olunur, həmin təsərrüfatlara məxsus texnikalar, mal-heyvan satışa çıxarılacaq, torpaqlar o ünvanlarda yaşayan insanlara paylanılacaq – heç kimin inanmağı gəlmirdi. Onu da deyim ki, ölkəmizdə islahatlara muxtar respublikadan başlanıldı. Kənd adamı öz torpağının əsl sahibinə çevrildi. Düzdür, ilk dövrlərdə müəyyən çətinliklərlə üzləşdik. Bu da təbii idi. Çünki, ilk növbədə, torpaqda işlətmək üçün texnika çatışmırdı, olan-qalan texnikalar da istismar müddətini başa vurmuşdu, su təsərrüfatı iflic vəziyyətdə idi. Bunlarsız isə torpağa necə yaxın düşə bilərdin? Ancaq yavaş-yavaş hər şey öz yoluna qoyuldu. Tez-tez muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrinə yolum düşür. Bu gün Naxçıvanın ən ucqar kəndinin torpaq sahələrində yeni texnikalardan istifadə olunur, su ilə təminatdakı problemlər aradan qaldırılıb, neçə-neçə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. O təsərrüfatlardan keyfiyyətli toxum almaq bir içim su kimidir. Son illərdə yaradılan ailə təsərrüfatları, onların hərtərəfli fəaliyyəti üçün göstərilən qayğını da üstə gəlsək, heç bir kənd adamı özünün gün-güzəranından narazılıq edə bilməz. Bir də ki artıq ələbaxımlılıq dövrü deyil indi. Yaxşı yaşamaq istəyirsənsə, torpağa üz tut. O səni heç vaxt naümid qoymayacaq, çəkdiyin zəhmətin əvəzini beş qat ödəyəcək. Bundan artıq nə istəyirsən?
Arif Cəfərovla söhbətim məni də o illərə aparır. Həmsöhbətimin sözlərindəki həqiqəti ürəyimdə təsdiq edirəm. Onun bu günümüzlə bağlı dediklərini isə hamımız görürük. Su ilə işləyən un dəyirmanlarının təmiri, yeni dəyirmanların istifadəyə verilməsi, çörəkbişirmə sexlərinin fəaliyyətə başlaması, ümumiyyətlə, müxtəlif istehsal sahələrinin yaradılması muxtar respublikanın yeni həyata qədəm qoymasını göstərirdi. Yaradılan müəssisələr sovet dönəmindəkindən fərqli olaraq ancaq rayon mərkəzində deyil, kəndləri də əhatə etdiyindən bəzi çətinliklər də aradan qalxdı. Kim inanardı ki, ən ucqar kənddə belə, beş-altı nəfərin işlə təmin olunacağı istehsal sahəsi yaradılacaq? Ancaq məqsədyönlü siyasət, qarşıya qoyulan vəzifənin uğurla yerinə yetirilməsində əzmkarlıq özünü göstərdi.
Arif Cəfərov deyir ki, onun ailə təsərrüfatında kombayndan başqa taxılçılıqda işlədilən bütün texnikalar var. Onları zəhmət çəkərək qazandığı vəsaitlə alıb. Son illərdə istifadə etdiyi toxumu da öz sahəsindən əldə edir. Taxılçılıqla məşğul olanlara da satır. Bütün bunlar dövlətimizin kənd adamına göstərdiyi qayğının və torpağın səxavətinin ifadəsidir. Əsl torpaq adamı olan Arif Cəfərov bu qiymətli nemətə bağlananları ən halal insanlar sayır: – Bu gün Naxçıvanda belələri saysız-hesabsızdır. Məhz onların əməyinin nəticəsidir ki, dükan-bazarlarımızda, süfrələrimizdə bolluqdur. Getdikcə də gəlirimiz, qazancımız artır. Biz həm də ona sevinirik ki, torpaqlarımız münbitdir, hər bir məhsul yetişdirməyə qabildir. O öz həyətyanı torpaq sahəsində böyük meyvə bağı salıb. Bağda yerli meyvə sortları yetişdirir. Özü demişkən, toyuq-cücəsinin sayını bilmir. Bütün bunlar sadə bir torpaq adamının zəhməti ilə başa gəlib.
Arif Cəfərov söhbət etdikcə yadıma mərhum şairimiz Əliyar Yusiflinin misraları düşür:
Yerə hökmrandır, göyə hakimdir,
Canlını, cansızı yedirən torpaq.
Heçliyin Tanrısı bilmirəm kimdir,
Varlığın Allahı bir odur ancaq.
P.S. Yazını baş redaktora təqdim etdikdən bir qədər sonra telefonuma zəng gəldi. Açdım. Arif Cəfərov idi. Hal-əhval tutduq. Gələn təsərrüfat ilinin məhsulu üçün taxıl əkininə başladığını bildirdi. Öyrəndim ki, bir tərəfdə şum qaldırılır, bir tərəfdə səpin aparılır, əkilmiş sahələr suvarılır. Hiss etdim ki, bu işləri optimal müddətdə başa çatdırmağa çalışır... Arzu edirik ki, gələn ilin uğurları daha böyük olsun.

 Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR