26 Sentyabr 2020, Şənbə

Müasir şəraitdə bank sektoru qarşısında duran vəzifələrdən biri iqtisadi artım dinamikasının qorunub saxlanılması və yeni layihələrin həyata keçirilməsi üçün sərfəli kredit təkliflərinin verilməsidir. Naxçıvan Muxtar Respublikasında bu vəzifələrin uğurla yerinə yetirilməsi yeni istehsal və xidmət sahələrinin yaradılmasına, əhali məşğulluğunun təmin edilməsinə yaradılan şərait bəhrəsini verməkdədir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ilk yarısında da göstərdiyi bank xidmətləri ilə fəaliyyətini günün tələbləri səviyyəsində qurub.

Hazırda “Naxçıvanbank” ASC 6 filial və 1 mübadilə şöbəsi ilə muxtar respublikamızın bütün ərazisində nümunəvi bank xidmətləri göstərir. Cari il ərzində Kəngərli və Şərur rayon filialları üçün yeni inzibati binaların tikilərək istifadəyə verilməsi bank xidmətlərinin əhaliyə daha da əlçatan olması və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə olub.
Bankdan aldığımız məlumata əsasən cari ilin ötən 6 ayı ərzində də bank fəaliyyətinin bütün sahələri üzrə mühüm irəliləyişlər əldə edilib. Belə ki, Naxçıvanbank tərəfindən 2020-ci ilin ilk 6 ayı ərzində sənaye sahəsinə 11 milyon 250 min, tikinti sahəsinə 426 min, kənd təsərrüfatına 2 milyon 840 min, ipoteka üçün 1 milyon 166,5 min, biznesin inkişafına 1 milyon 742,1 min, nəqliyyat sahəsinə 722,6 min və istehlak üçün 17 milyon 830,2 min manat həcmində kreditlər verilib. Ümumilikdə isə 1 iyul 2020-ci il tarixə bankın kredit portfeli 106 milyon 757 min manat həcmində olub ki, bu da ötən dövrdə fəaliyyətin mühüm göstəricisi kimi qeyd oluna bilər.
Naxçıvanbank modern bankçılığın artan tələblərinə çevik uyğunlaşmaqla bu sahədə yenilikləri sürətlə tətbiq edir. Belə ki, cari il ərzində məsafəli bank xidmətinin tətbiqi, müştərilərin vaxt itkisinin qarşısını almaq məqsədilə müştərilərin istifadəsinə yeni “İnternet Bank” xidməti verilib. Bunun üçün müvafiq infrastruktur yaradılıb və bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir. Hazırda Naxçıvanbank müştərilərinə 41 bankomat, 54 ödəmə terminalı və 875 POS-terminalla xidmət göstərir. Müştərilər banka məxsus ödəmə terminallarından kart balansının artırılmasını, kredit, Naxçıvansığortaya məxsus ödənişlər, mühüm büdcə ödənişlərindən olan Azərbaycan Respublikası İpoteka Fondunun, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Miqrasiya, Dövlət Sosial Müdafiə Fondunun və Vergilər Xidmətinin ödənişlərini həyata keçirə bilirlər. Eyni zamanda bankın emissiya etdiyi yeni Master debit kartları vasitəsilə ölkəmizin ərazisində istənilən banka məxsus bankomatdan komissiyon haqqı tutulmadan vəsaitin nağdlaşdırılması mümkün olmuşdur.
Cari il ərzində Naxçıvanbank tərəfindən həyata keçirilən bir sıra kampaniyalar isə istehlakçı maraqları baxımından daha yaddaqalan olub. Belə ki, 30 yanvarda Gömrük əməkdaşlarının peşə bayramı münasibətilə Onlara zaminsiz istehlak kreditləri verilmiş, 14 fevralda bütün növ fərdi kartların dəyərinə 80 faiz endirim edilmiş, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə VISA Classic və Master Card Standart kart alan və ya onlayn sifariş edən xanımlara kartlar ödənişsiz təqdim olunmuş, Novruz bayramı münasibəti ilə istehlak kreditinin komisyon haqqı ödənilmədən verilməsi təmin edilmişdir. Həmçinin 17 iyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü və 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə kredit götürən səhiyyə işçilərinə və dövlət qulluqçularına istehlak kreditlərinin bank komissiyon haqqı tutulmadan verilməsi təmin edilmişdir. Bütün bu görülmüş işlər bankın xidmət istehlakçıları arasında nüfuzunun daha da artırılması baxımından əhəmiyyətli olmaqla, korporativ əlaqələrin dərinləşdirilməsinə də xidmət edir.

- Əli CABBAROV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR