23 Sentyabr 2020, Çərşənbə

Naxçıvan dünən 

Son üç-dörd ilin ictimai-siyasi hadisələri muxtar respublikamızın iqtisadiyyatına da böyük ziyan vurub. Qıtlıq yaranıb. Bahalıq baş alıb gedir. Adamların yaşayış səviyyəsi xeyli aşağı düşüb. Bir mütəxəssis kimi bunun birinci səbəbini onda görürəm ki, bol suyu, geniş münbit torpağı, günəşli günləri çox olan muxtar respublikamızda son illər kənd təsərrüfatının inkişafına laqeyd münasibət göstərilir. İkinci səbəbi odur ki, indi hamı siyasətlə məşğuldur. Siyasətbazlar düşünmürlər ki, dolanışığımız ancaq torpaqla bağlıdır. Torpaqdan ikiəlli yapışmasaq, iqtisadi böhrandan çıxa bilməyəcəyik.

Axı nə üçün bizim hər cür imkanımız ola-ola özümüzü dolandırmağa gücümüz çatmasın, taxıl və başqa məshullar üçün qonşu dövlətlərin yardımına göz dikək?
Həmişə deyirik ki, bir nömrəli ərzaq məhsulumuz taxıldır. Bu, həqiqətən, belədir. Doğrudan da, taxıl əvəzsiz nemətdir, çörək isə süfrələrimizin şahıdır. İndiki çətinlik dövründə torpaqlardan maksimum istifadə olunmasını, taxılçılığın inkişaf etdirilməsini diqqət mərkəzində saxlamalıyıq. Bu sahə ilə çoxdandır ki, məşğuluq. Yaxşı bilirik ki, hansı torpaqda taxıl əkmək olar. Zəhmət çəkir, bunun əvəzini isə ala bimirik. Camaatın gününün çoxu çörək növbələrində keçir. Kəndli əkdiyi taxılı biçməyə nə texnika tapır, nə də ki üyütməyə dəyirman. Hələ suvarma suyunu demirəm. Şəhərlərdə də çörək növbələrini görəndə adamın ürəyi ağrıyır. Sovetlərdən qalma bir-iki çörək kombinatı var, onların da çoxu fəaliyyətini dayandırıb.
Taxılçılarımızın gileyi də az deyil. Birinci gileyləri ondadır ki, istehsal etdikləri taxılı saxlamağa yer tapmırlar. İkincisi də odur ki, onlara qayğı azdır. Buna görə də məhsul əldə etməkdə çox çətinlik çəkirlər...
Sözümün sonunda demək istəyirəm ki, ana torpaq bir aləmdir. Onun qədrini hamımız bilməliyik. Sinəsində bütün kənd təsərrüfatı bitkiləri ilə yanaşı, taxıl da əkib-becərməklə özümüz-özümüzü dolandıra bilərik. Əgər taxılımız bol olsa yaxşı yaşayar, heç kəsə əl açmaz, heç kəsin yoluna gözümüzü dikmərik.

“Şərq qapısı” qəzeti, 1991-ci il

və bu gün

Çətin günlərdən çörək ətirli, bolluq dolu firavan illərə...

Məqalədə qələmə alınan problemlər çoxumuza yad deyil. Bu yazını oxuyanda çox yox, cəmi 29 il geri qayıdır və süfrəmizin ən əziz neməti olan çörəyə belə, həsrət qaldığımız, çörəklə imtahana çəkildiyimiz günləri bir daha yada salırıq.
Qədirbilən naxçıvanlıların çoxu xatırlayır o çətin və şərəfli günləri... Bir tərəfdən Vətənimizin əsas hissəsindən ayrı düşmüş, bütün əlaqələrimiz kəsilmiş, digər tərəfdən də düşmən hücumuna məruz qalmışdıq. Ancaq həyatımızın hər sahəsində yaranmış çətinliklərə baxmayaraq, bir yumruq kimi birləşib torpağımızı qoruyur, evimizdəki bir bişirimlik unla bişən çörəyi də səngərdəki Vətən oğulları ilə yarı bölürdük. Həmin günlərdə çörəyimiz bol olmasa da, nəyin bahasına olursa-olsun, Vətən torpaqlarını qoruyur, bu torpaqlar şəhid qanı ilə sulansa da, bir qarışını belə, düşmənə vermirdik.


Torpaq əsl sahibinə qaytarıldı

Bəli, 1990-1991-ci illər naxçıvanlıların yaddaşında çətin, lakin həm də şərəfli illər kimi qaldı. Zaman tarixin ən gözəl gününü – müstəqilliyimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişini və ondan sonrakı möhtəşəm dəyişiklikləri görməyi bizə nəsib etdi. Ulu Tanrı xalqın dahi oğlunu ana torpağına məhz nicat üçün qaytardı. Onun gəlişi ilə Vətənimizin başı üzərində Günəş doğdu. Dahi rəhbərin Naxçıvana qayıtması düşmənlərimizi qorxuya saldı, naxçıvanlıların isə hədsiz sevincinə səbəb oldu. Ulu öndərin gəlişi ilə yurdumuzda tənəzzüldən tərəqqiyə doğru tarixi mərhələnin əsası qoyuldu. Nəticəsi isə göz qabağındadır. Bu gün, necə deyərlər, ilanmələyən çöllərə çəkilən qapalı suvarma şəbəkələrinə, yuyulub əkin dövriyyəsinə qatılan torpaqlara, ucsuz-bucaqsız taxıl zəmilərində gecə-gündüz işləyən kombaynlara, inşa edilən taxılsaxlama anbarlarına, ən əsası ərzaq satışı yerlərindəki piştaxtalarda müxtəlif çeçiddə bişirilimiş çörəklərin bolluğuna baxanda ötən illər ərzində nə qədər inkişafa nail olunduğu açıq-aşkar nəzərə çarpır. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlara o qədər də asan nail olunmayıb. Keçilən yola nəzər yetirdikdə, bugünkü xoş güzəranımızın məqsədyönlü tədbirlərin, böyük zəhmətin bəhrəsi olduğunu görərik.
Kənd təsərrüfatı sahəsində əldə edilən müsbət nəticələrə aparan ilk addım aqrar-torpaq islahatları ilə başladı. Məlumdur ki, sovetlər dönəmində mövcud olan asılı iqtisadiyyat sistemi birliyin dağılması ilə digər respublikalar kimi, Azərbaycanda da ağır iqtisadi böhran yaratdı. Bu böhrandan çıxmanın yeganə və düzgün yolu isə, ilk növbədə, aqrar-torpaq islahatları aparmaq idi. Həmin vaxt ölkəmizdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız insanlar bunu reallaşdırmaq fikrindən uzaq, kreslo davasında idilər. Elə həmin dövrdə Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanıldı, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşdı. Belə ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Həmin il Culfa rayonunun Şurud və Gal kəndlərindəki torpaqlar kəndlilərə verildi və beləliklə, uğurlu yolun ən əhəmiyyətli mərhələsinə başlanıldı. Bu məqamda onu da xatırladaq ki, dahi şəxsiyyət hələ ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanı keçmiş ittifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikasına çevirmişdi. Həmin illərdə muxtar respublikamızda da böyük həcmdə meliorasiya işləri aparılmışdı. Bu gün əkinçiliyin inkişafında özünəməxsus rol oynayan Arpaçay dəryaçası da o illərin yadigarıdır.

Susuz çöllərdən sarı kəhrəba dənizinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır” tövsiyəsi bu gün muxtar respublikamızda real həyatda öz əksini tapıb. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş inkişaf strategiyasının muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində təkcə son 25 ildə 22 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. 

Ötən illərlə müqayisə aparanda əldə edilən nəticələr daha aydın görünür. Məsələn, 2019-cu ildə cəmi əkin sahələri 62 min 970 hektar təşkil edib. 1995-ci illə müqayisədə əkin sahələri 34 min 637 hektar, yaxud 2,2 dəfə artıb. 2020-ci ilin əvvəlinə muxtar respublika üzrə suvarılan torpaq sahələri 62 min 231 hektara çatdırılıb ki, bu da kənd təsərrüfatına yararlı torpaq sahələrinin 35 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 6 min 564 hektar artıb. Bu illər ərzində əkin dövriyyəsinə qatılan torpaqlar sırasında Sədərək rayonu ərazisində düşmən nəzarətindən azad olunmuş 73 hektar ərazinin minalardan və döyüş sursatlarından təmizlənərək cari ilin aprel ayında əkin dövriyyəsinə daxil edilməsini xüsusi qeyd etmək lazımdır.
Ötən əsrin 90-cı illərin əvvəllərinsə çətin günlərdə qələmə alınan məqalədə su olmaması ucbatından əkilən taxılın məhsuldarlığının aşağı düşdüyü də vurğulanır. Həmin vaxtlar min bir əziyyətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından əkinçinin, torpaq sahibinin gözü qarşısında tələf olurdu. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında yeni meliorasiya və irriqasiya sistemləri yaradılsa da, 90-cı illərin əvvəllərində mövcud potensialdan belə, istifadə etməyə imkan yox idi.
Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun: “Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün, ilk növbədə, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil” fikirləri rəhbər tutularaq meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb. Hazırda muxtar respublikada ümumi həcmi 303,5 milyon kubmetr olan 31 su anbarı vardır. Tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Babək və Culfa rayonlarında yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Bütövlükdə isə həmin su anbarı ilə 17 min hektara yaxın torpaq sahəsi ilboyu fasiləsiz su ilə təmin olunur.150 milyon kubmetr gücündə olan Arpaçay su dəryaçasında aparılan əsaslı təmir və yenidənqurma işləri də su təchizatına müsbət təsir göstərib. Su anbarından çəkilən sağ və sol sahil kanalları vasitəsilə Şərur, Sədərək və Kəngərli rayonlarında 18 min hektara yaxın, Araz çayı üzərində quraşdırılan 20 nasos stansiyasının gücü ilə Şərur, Sədərək, Babək, Culfa və Ordubad rayonlarında 11 min hektardan çox əkin sahəsi suvarılır. Hazırda muxtar respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında 920 subartezian quyusu var ki, onların da 826-sı işlək vəziyyətdədir. 196 artezian quyusu son 10 ildə istifadəyə verilib.

Texnika baxımından heç bir çətinlik yoxdur

İllər öncə min bir zəhmətlə əkilən taxıl yetişib biçin vaxtına çatanda texnika çatışmaması ucbatından tələf olur, kəndlinin zəhməti boşa gedir, əli torpaqdan soyuyurdu. Artıq bu problem də öz həllini tapıb. Uzun illər aparılan islahatlar nəticəsində kəndlinin əməyini yüngülləşdirilib, dövlət tərəfindən bir çox tədbirlər həyatə keçirilmiş, müasir texnikalar alınaraq lizinq yolu ilə onlara verilib. Dövlət başçısının 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfatı texnikasını kreditlə götürmək istəyənlərin ödəməli olduqları dəyərin 40 faizi təchizatçıya dövlət tərəfindən ödənir, qalan məbləğin 20 faizini alıcı ilkin ödəniş edir. Texnikanın qiymətinin yerdə qalan 40 faizi məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürülür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir. 

 Aparılan məqsədyönlü siyasət ölkəmizdə, o cümlədən muxtar respublikamızda bir çox nailiyyətlərə imza atılmasına yol açıb. İndi kim istəsə çox asanlıqla və sərfəli qiymətə texnika alır, pulunu isə hissə-hissə ödəyə bilir. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradıldığı vaxtdan cari ilin may ayına qədər muxtar respublikada 1228 mülkiyyətçiyə lizinqə verilən 2081 texnikaya görə 9 milyon 764 min manat güzəşt tətbiq edilib, 359 texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 232 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub. 2019-cu ildə və bu ilin ötən dövründə muxtar respublikada lizinq yolu ilə fiziki şəxslərə 18 kombayn satılıb. Cari ildə taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 107 taxılbiçən kombayn, 295 qoşqu, 301 kipvuran, 81 özüboşaldan avtomaşın, 602 traktor, 38 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib. Biçinə cəlb olunan “Dominator Klass”, “New Holland” və “Sampo” markalı müasir kombaynların 93-ü fiziki şəxslərə, 7-si “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 6-sı isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Çörək bol olarsa, basılmaz Vətən!


Vaxtilə min bir əziyyətlə əkilən taxılı nə saxlamağa yer tapırdıq, nə də ki üyütməyə. Onun münasib qiymətə satılmaması isə başqa bir dərd idi. Bu gileyləri o zamanlar çox əkinçinin dilindən eşidirdik. Bu gün bütün bu problemlər öz həllini tapıb. Artıq taxılı harada saxlayacağıq kimi bir problemimiz yoxdur. “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları bu məsələnin həllinə imkan verib. Anbarların yaradılması həm də muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması ilə də birbaşa bağlıdır. Belə ki, bu gün Naxçıvanda strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Təqdirəlayiq hal isə taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Təkcə bir faktı qeyd edək ki, 2020-ci ilin məhsulu üçün ötən ilin payızında və cari ilin yazında əkilmiş 36 min 879 hektar sahədən 115 min 649 ton taxıl tədarük edilib, hektarın orta məhsuldarlığı 31, 4 sentner olub.
Bu gün təsərrüfatçıların taxılı harada üyütmək çətinliyi də yoxdur. Artıq qədim yurdumuzda dəyirmanların, demək olar ki, hamısı təmir olunub əhalinin istifadəsinə verilib. Onlarla dəyirman yenidən qurulub və ya inşa edilib. Onu da deyək ki, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində taxılın tədarük olunub saxlanılması ilə yanaşı, istehsalına da əlverişli şərait yaradılıb, yeni un dəyirmanı istifadəyə verilib. Gündəlik istehsal gücü 200 ton un olan dəyirmanda müasir texnoloji avadanlıqlar quraşdırılıb. Ayrı-ayrı sahələrdə olduğu kimi, un istehsalı sahəsində də regionumuzun perspektiv inkişafı nəzərə alınıb, un tələbatı 65 min tona yaxın olan muxtar respublikamızda illik istehsal gücü 73 min ton olan yeni un dəyirmanı yaradılıb. Bu dəyirman işlərin kompleks şəkildə həyata keçirilməsinə imkan verir. Belə ki, həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una, çörəyə olan tələbatı ödənilir.

 

Dəyirmanın keyfiyyətli taxılla təmin olunmasına hər cür şərait yaradılıb. Burada üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq əla, I növ və qara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib elementlərlə zəngin olan yeni çeşiddə kəpəkli un da istehsal edilir. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 38 qəpikdən alınır ki, bu da taxılçılığa olan marağın daha da artmasına səbəb olur.

Çörəyi ver çörəkçiyə, birini də üstəlik

 İllər öncə çörək növbələrində dayanmaqdan əldən düşür, yolların kənarlarındakı ağacları məcburiyyət qarşısında ürək ağrısı ilə kəsib təndirə, ocağa qoyub çörək bişirirdik. Həmin illərdə qonşuluğumuzda yaşayan qoca nənənin köhnə “maşınkasının” neftini zülmlə oradan-buradan tapıb gətirər, birtəhər sazlayıb yandırandan sonra isə qonşu qadınlarla birlikdə mis qazanda növbə ilə çörək bişirərdik. Tez-tez hisləyən köhnə “maşınkanın” ucbatından dörd bir tərəf qapqara olar, göz-gözü görməzdi. Çörək zavodumuz olsa da, burada istehsal edilən çörək əhaliyə yetmirdi. Yadımdadır ki, təkcə Şərur rayonundakı çörək zavodu üç növbə işləyirdi. Məktəbimizin yuxarı sinif şagirdləri də gedib orada növbəli işçi kimi könüllü olaraq çalışırdılar. O zaman rayonun bütün kəndləri gözünü bura dikmişdi. Hələ çox vaxt Naxçıvan şəhərindən də çörək dalınca buraya gələnlər olurdu. Bişən çörəyin çoxu səngərdəki əsgərlərə göndərilirdi. Sakinlər talonla çörək alır, bəzən paylarını da əsgərlərə verir, özləri birtəhər ötüşürdü...
Həmin çətin illərdən bu günümüzə baxanda isə görürük ki, muxtar respublikamızın hansı kəndinə üz tutsaq, orada ən azı bir lavaş-çörək sexinə rast gələrik. Hətta elə böyük kəndlərimiz var ki, bu gün orada 5-6 çörəkbişirmə sexi fəaliyyət göstərir. Rayon mərkəzlərində və Naxçıvan şəhərində isə müasir standartlara cavab verən çörəkbişirmə zavod və müəssisələri onlarla çeşiddə çörək istehsal edir. Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2003-cü ildən yaradılan istehsalı sahəsində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi ilə müəssisənin çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatlaşdırılmış yeni xətt istifadəyə verilib. Burada 5 növ undan hazırlanan 14 çeşid çörək, lavaş istehsalı sahəsində isə saatda 4 çeşiddə üç min lavaş istehsal olunur. 2012-ci ildən burada kəpəkli çörək istehsalına da başlanılıb. Bu sadaladıqlarım görülən işlərin, sadəcə, bir qismidir. “Görünən dağa nə bələdçi?” – deyib atalarımız. Qədirbilən naxçıvanlılar bu gözəl günləri bizə bəxş edən ulu öndərimizin əbədiyaşar ruhu qarşısında həmişə baş əyir. Bu yurdun hər bir sakini dövlətimizin başçısı cənab İlham Əliyevə və uzun illərdir, həmin çətin günlərdən bu günə kimi bir elin qayğısını səbir, mətanətlə çəkməklə əsl vətənpərvərlik nümunəsi göstərən Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirir.
Dünən və bu günü müqayisə edəndə bir daha görürük ki, muxtar respublikamız ötən illər ərzində böyük inkişaf yolu keçib. Digər sahələr kimi, strateji məhsul olan taxıla tələbatın ödənilməsi istiqamətində də aparılan işlər nümunə gücündədir. Ən əsası isə kəndlərdə yaşayan əhaliyə qayğı ilə yanaşılır, qarşılaşdıqları problem və çatışmazlıqlar yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlər yurda, torpağa bağlanır, öz zəhmətləri ilə halal ruzilərini qazanır, torpağı özlərinə iş yeri hesab edirlər.

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR