21 Sentyabr 2020, Bazar ertəsi

Muxtar respublikanın son üç onillikdə keçdiyi inkişaf və tərəqqi yoluna nəzər salsaq, qədim diyarda möhtəşəm quruculuq tədbirlərinin həyata keçirildiyini və həmin tədbirlərin geniş coğrafiyaya malik olduğunu görərik. Fərq yoxdur, istər şəhər, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində aparılan bu işlərdə bir ali məqsəd əsas götürü­lüb: insanların layiq olduqları səviyyədə yaşamasını təmin etmək. Təbii ki, bu tədbirləri muxtar respublika sakinləri ürəkdən dəstəkləyir və minnətdarlıqlarını bildirirlər. Bu sırada naxçıvanlıların içməli su ilə təminatı xüsusi yer tutur. Neçə illərdir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və bu ünvanlara yaxın kənd yaşayış məntəqələrində bu istiqamətdə görülən işlər öz bəhrələrini verməkdədir.

İyul ayının 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi də həmin tədbirlərdən biridir və rayon sakinlərinə əsl bayram sevinci yaşadıb. “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nə 2012-ci ildə başlanılıb, Şərur şəhərində, Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngə yaşayış məntəqələrində içməli su, Şərur şəhərində isə həm də kanalizasiya şəbəkələri inşa olunub. Həmin ünvanlarda 240 kilometrə yaxın içməli su, 50 kilometrə yaxın kanalizasiya xətləri çəkilib. Bununla da 30 minə yaxın sakin içməli su ilə təmin olunub. İnşa edilmiş sutəmizləyici qurğuda su ozonla təmizlənir, mexaniki, torba və katric filtrlərdən keçirildikdən sonra anbarlara yığılır, öz axını ilə şəbəkəyə ötürülür. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə isə ötən ilin fevral ayında başlanılıb. İlk olaraq qeyd edək ki, Arpaçay subölücüsündə qalereya inşa edilib. Adıçəkilən layihəyə əsasən tikilən qalereya Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə, eni 1,3, hündürlüyü 2, uzunluğu isə 134 metrdir.
Kompleks 2 hektar sahəni əhatə edir. Burada sahəsi 700 kvadratmetr olan sutəmizləyici qurğu, gözətçi binaları, hər birinin tutumu 400 kvadratmetr olan 2 xam, ümumi tutumu 27 min 500 kubmetr olan 3 təmiz su anbarı yerləşir. Qalereyadan kompleksə daxil olan su Almaniyada istehsal edilmiş ozon qurğusu vasitəsilə dezinfeksiyadan sonra xam su anbarlarına verilir. Burada suyun təmizlənməsi həyata keçirilir. Bunun üçün İsveçrə və Türkiyə istehsalı olan 3 mərtəbəli filtr qurğularından istifadə edilir, suya natrium hiproxlorid vurulur, təmizlənmiş su anbara yığılır və şəbəkəyə verilir.

Sutəmizləyici qurğu gün ərzində 20 min 400 kubmetr və ya saniyədə 236 litr sutəmizləmə gücünə ­malikdir.
Binada 5 xətt quraşdırılıb. Sutəmizləyici qurğuda 2 yeni xəttin yaradılması üçün ehtiyat yer ayrılıb. İş prosesi tam avtomatlaşdırılıb. Su sərfi 1150 litrdir. Buradan su anbarına qədər plastik borularla 1500 metr xətt çəkilib, üzərində 2 suboşaldıcı inşa olunub. Su anbarlarından rayon mərkəzinə qədər isə 9,5 kilometr uzunluğunda plastik boru xətti çəkilib.
İnsanlara göstərilən belə qayğının onlar tərəfindən yüksək dəyərləndirildiyini də vurğulamaq yerinə düşər. Qeyd edim ki, rayonda olarkən bir neçə şərurlunun ürək sözlərini dinlədim. Şərur Rayon Mərkəzi Xəstəxanasının həkimi Vaqif Babayev bildirdi ki, muxtar respublikada su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri insanları sağlam və ekoloji cəhətdən təmiz su ilə təmin etməkdir. Son illər bu istiqamətdə xeyli iş görülüb. Bu baxımdan Şərur rayonu da istisna deyil. Bölgədə bir neçə layihənin uğurlu həlli bütün şərurluları ürəkdən sevindirib. Yeni layihə də onlardan biridir. Bunun üçün dövlətimizə dərin minnətdarlığımızı bildiririk.
Şərur şəhər sakini, müəllimə Zülfiyyə Məmmədova:
– Su təmizlikdir, aydınlıqdır. Su həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Ona görə muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər birimizə böyük qayğının ifadəsidir. Şərurlulara göstərilən belə qayğı onları yurd yerinə daha qırılmaz tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini yüksəldir, muxtar respublikamızın, ölkəmizin daha da inkişafı naminə fəal olmağa çağırır.
Beləcə, uzun illərdir ki, davamlı xarakter alan yeni bir layihənin reallığa çevrilməsi insanların layiq olduqları səviyyədə yaşamalarına yaşıl işıq yandırıb. Bu işıq hər birimizə qayğının ifadəsidir.

- Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR