15 Avqust 2020, Şənbə

Bu il daha 2 hektar sahədə üzüm bağı salınıb


Sərhəd bölgəmiz Sədərək rayonunda üzümçülük ta qədimdən insanların əsas məşğuliyyət sahələrindən biri olub. Burada yetişdirilən üzüm tarixən şöhrət qazanıb, adla deyilib. Dadı, tamı da digər yerlərdə yetişdirilən eyniadlı məhsullardan seçilir.

Bununla bağlı Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov deyir ki, hələ sovet dönəmində Sədərək kəndindəki ictimai təsərrüfatda 100 hektarlarla üzüm bağları olub. Kənd adamları həyətyanı təsərrüfatlarında da üzüm becərməklə öz güzəranlarını qurublar. O dövrdə Sədərəkdə fəaliyyət göstərən Şərab zavodu hər il 30 min tondan artıq üzüm qəbul edib. Burada istehsal olunan şərab məhsulları SSRİ-nin bütün respublikalarına göndərilib. Kənd əhalisinin böyük əksəriyyətinin məşğulluq problemi üzümçülüklə yanaşı, həm də bu zavod hesabına təmin edilib. Bu gün də üzümçülük ənənələri qorunan kənddə 50-dən çox üzüm növü arasında elə bil Tanrı “misqalı” sortunu Sədərək torpağı üçün yaradıb. Bölgədə üzüm bağlarının salınmasında da bir növ özünəməxsusluq var. Arxlar dərin olur, arası 3 metr, tənəklər də bir-birindən 2 metr aralıda əkilir. Burada bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Bərəkətli torpağı, əlverişli iqlimi kənddə “kişmişi”, “qızıl üzüm”, “ağ üzüm”, “hənəqırna”, “gülabı” və sair kimi sortların əkilib-becərilməsinə imkan verib.
Samil Kazımov deyir ki, bunun üçün süfrə üzümü əkini sahələri ilbəil genişləndirilir, yeni üzüm bağları salınır. Təkcə bu ilin yaz iməciliklərində 8 hektar sahədə üzüm tingləri basdırılıb, onların yaxşı kök atması və məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlər diqqət mərkəzində saxlanılıb. “Dəhnə” adlanan sahədə isə 2 hektar ərazidə meyvə bağı salınıb. Hazırda Sədərəkdə barverən üzüm bağlarının sahəsi 264 hektardır. Ötən təsərrüfat ilində bu sahələrdən 1495 ton məhsul istehsal edilib.
Samil Kazımovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafı üzrə Dövlət Proqramı” Sədərək rayonunun əhalisi tərəfindən də rəğbətlə qarşılanıb. Bu pro­qramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi önəm verilib, yeni üzüm bağları salınıb və bu iş davam etdirilir.
Sədərək kənd sakini Səməd Əliyevlə söhbət zamanı bildirdi ki, kəndimizin insanları işgüzar və zəhmətkeşdirlər. Bu yurd yerinin sakinləri alın təri ilə bağ-bağat yaratmış, təsərrüfatın müxtəlif sahələri ilə yanaşı, üzümçülüyü də inkişaf etdirmişlər. Mən özüm də bu sahə ilə məşğulam. Üzümü ailəmizin əsas dolanışıq mənbəyi saymaqla təsərrüfatımda yeni sortların yetişdirilməsinə çalışıram. Onlara vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərir, normal inkişafını diqqətdə saxlayıram. Bəzən düşünürəm ki, Tanrı bizim yerləri üzümçülükdən ötrü yaradıb. Hər bir yerin özünəməxsus təsərrüfat uyğunluğu var, bu yer üzümçülüyə uyğun ərazi olduğu üçün daha çox gəlir verir.
Sədərək kənd sakini Mahir Səfərov uzun illərdir ki, üzümçülüklə məşğul olur. Təkcə ötən il həyətyanı sahəsindən 2 tondan artıq üzüm və meyvə satıb, yaxşı gəlir əldə edib. O deyir: – Ötən əsrin 60-cı illərin əvvəllərindən başlayaraq kolxozda işləmişəm. Ancaq o illərdə kolxozçuların vəziyyəti qənaətbəxş deyildi. Elə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi, bölgəmizin əsas əkin növü olan üzüm bağlarına diqqət artırıldı. Və bundan sonra gün-güzəranımız yaxşılaşmağa başladı. Bunu bizim nəslin istənilən üzvü təsdiq edər.
Üzümçülüklə məşğul olan digər torpaq mülkiyyətçiləri də söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir.
Nəticə etibarilə, belə tədbirlərlə Sədərək üzümünün şöhrətini özünə qayıtmaqda, əhalinin məşğulluğu təmin olunmaqda, dükan-bazarlarımızda bolluq yaradılmaqdadır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR