08 Avqust 2020, Şənbə

“İxrac ili”ndə bu potensial daha da yüksəlməkdədir 

Müasirliyə qovuşmuş qədim diyarımızda fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatlarının, sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsullar dükan-bazarlarımızda yaradılmış bolluğu daha da artırıb, süfrələrimizi bir qədər də zənginləşdirib. Həmin məhsulların rəqabətədavamlı və ixracyönümlü olması onların muxtar respublikadan kənara çıxarılmasına imkan verib. Bu imkanlardan səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, keçirilən beynəlxalq tədbirlərdə muxtar respublikanın məhsul istehsalçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə sərgilərin, forumların təşkili əsas prioritetlərdəndir. Son illərin statistikasına nəzər yetirsək, muxtar respublikadan 1000 nəfərdən çox nümayəndənin 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etdiyini və uğur qazandığını görərik. Təkcə 2017-2018-ci illərdə “Caspian European Club”un ölkəmizin iqtisadi regionları üzrə 18 parametrlə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq 1-ci yerə layiq görülməsi də son illərin uğurlu iqtisadi göstəricilərinə ən bariz nümunədir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, son onilliklərdə muxtar respublikada sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və turizm, eyni zamanda ordu quruculuğu sahələrində, məhsul istehsalının artımı və əhalinin həyat şəraitinin yüksəldilməsində böyük irəliləyişlər əldə edilib, bir sözlə, Naxçıvan Azərbaycanımızın ən qabaqcıl, inkişaf etmiş nümunəvi diyarına çevrilib.

Sözsüz ki, bu gün əldə olunan yüksək göstəricilər və durmadan artan iqtisadi potensial tendensiyası həyata keçirilən uğurlu istlahatların və sabitliyin nəticəsidir. Muxtar respublikamızda ötən il də bütün sahələrdə böyük uğurlara imza atıldı. Keçirilmiş 33 beynəlxalq tədbirdə muxtar respublikadan 122 sahibkar­lıq subyektinin iştirakı təmin edilib və uğurlu nəticələr əldə olunub. Bir çox çeşiddə məhsul Rusiya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə nümayiş etdirilərək xeyli sayda alıcı qüvvəsi toplayıb.
Muxtar respublikamızda “İxrac ili” elan olunan cari ildə də qədim diyarımızın tarixinə yeni-yeni nailiyyətlər yazılır. Onu da xüsusi vurğulamaq gərəkdir ki, bu nailiyyətlərin əldə olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla tez-tez görüşməsi və onların bütün problemlərinin həllinə həssaslıqla yanaşması böyük rol oynayır. Cari ilin fevral ayının 6-da keçirilən növbəti görüşdə Ali Məclisin Sədri demişdir: “2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”.
“İxrac ili” nin ötən dövrünə nəzər yetirsək, görərik ki, sahibkar­lığın inkişafına göstərilən diqqət və qayğı davam etdirilməkdədir. Bunun nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Həyata keçirilən iqtisadi siyasətin ifadəsi kimi, muxtar respublikamızda istehsal olunan 383 növdə məhsul daxili bazarın tələbatını ödəməklə, idxaldan asılılığın azaldılmasında mühüm rol oynayıb. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bu tələbatın daha geniş şəkildə ödənilməsi üçün hər il olduğu kimi, bu il də yeni müəssisələrin yaradılması davam etdirilməkdədir.
Ötən uğurlu ilin ardından “İxrac ili” nin fövqündə həm də kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəmək və ixrac imkanlarının artırılması məqsədilə aprel ayının 9-da “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verildi. Açılış mərasimində iştirak edən Ali Məclisin Sədri demişdir: “Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə, şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir. Görülən işlərin nəticəsində muxtar respublikada suvarılan torpaqların sahəsi 62 min hektara çatdırılmışdır. Bu torpaqlardan yüksəkkeyfiyyətli məhsul götürmək üçün keyfiyyətli toxumlara ehtiyac vardır. Ona görə də Naxçıvanda toxumçuluq inkişaf etdirilir. ­Hazırda toxum tələbatının 80 faizə yaxını yerli istehsal hesabına ödənilir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəyə verilməsi ilə muxtar respublikada toxuma olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir”.
Sevindirici haldır ki, toxumçuluq sahəsinin inkişafı əhalinin ərzaq tələbatının yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsinə şərait yaratmaqla yanaşı, rəqabətədavamlı məhsul istehsalında da əvəzsiz rol oynayacaq. Göstərilən diqqətin nəticəsində ərzaq bolluğu və məhsuldarlıq artacaq, həmçinin əhalinin məşğulluğu da təmin olunacaq. Məlumat üçün bildirək ki, “Bərəkət Toxumçuluq” kompleksinə taxıl anbarı, qarışıq yem sexi, toxumların satış mərkəzi, tutumu 500 ton olan hazır məhsul anbarı, 2 min hektar əkin sahəsi, texnika və avadanlıqların saxlanılması üçün qaraj, eləcə də təmir sexi daxildir. 1924 kvadratmetr sahəni əhatə edən taxıl anbarında taxılın uzun müddət və keyfiyyətlə saxlanılmasına imkan verən və tutumu 24 min ton olan 48 bunker vardır. Qarışıq yem sexinin istehsal gücü ildə 72 min tondur. Burada quşlar üçün kökəltmə və yumurtalıq, mal-qara üçün isə ətlik və südlük istiqamətində 8 çeşiddə yem istehsal olunur. Yaradılan şərait onu deməyə əsas verir ki, toxum sarıdan istehsal gücünü artıran muxtar respublikada ərzaq təhlükəsizliyi tam təmin olunub.

May ayının 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi də “İxrac ili” nə daha bir uğurlu töhfə oldu. Müasir texnologiya və avadanlıqlarla təmin olunan 15 min hektardan artıq ərazini əhatə edən zavodun yaradılması yaxın gələcəkdə muxtar respublikaya xeyli gəlir gətirəcək. Burada quraşdırılan müasir avadanlıqlar sayəsində zavodun istehsal gücü artıb, ekoloji cəhətdən təmiz və sağlam mineral suya olan tələbatın tam ödənilməsinə şərait yaradılıb. Bu da mineral sularımızın xaricdə alıcı qüvvəsi qazanması və kapital axını baxımından çox əhəmiyyətli rol oynamaqdadır. 

Görülən davamlı tədbirlər muxtar respublikanın iqtisadi imkanlarının genişləndirilməsinə, əhalinin maddi rifah halının yüksəldilməsinə, muxtar respublikaya xarici investisiyaların cəlb olunmasına yeni imkanlar açır. Diyarımız “İxrac ili”ndə yeni-yeni uğurların fövqündə bu imkanlardan və daxili potensialından səmərəli istifadə edərək yaxın gələcəkdə daha cəlbedici məkana çevriləcək. Sadalanan nailiyyətlər onu deməyə əsas verir ki, yeni istehsal sahələri istifadəyə verilməklə həyata keçirilən uğurlu siyasət muxtar respublika iqtisadiyyatını daha da gücləndirəcək.

- Türkan HÜSEYNLİ

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR