Artıq bir neçə ildir ki, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən tədbirlər çərçivəsində “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilir, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılır.

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün daha geniş imkanlar açıb. Qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq Ailə Təsərrüfatları İctimai Birliyi yaradılıb, diyarımızda bu mütərəqqi təsərrüfat forması ilə məşğul olan şəxslərə ətraflı informasiyalar verilib, maddi dəstək göstərilib, onların potensialından cəmiyyətin iqtisadi həyatında daha səmərəli istifadə olunması təşkil edilib. Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi, onların taralarla təchizatı məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verib.
2020-ci il muxtar respublikada “İxrac ili” elan edilib, bu məqsədlə Ali Məclis Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər planında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar davamlı olaraq ailə təsərrüfatları ilə aparılan müəyyən təşviq işlərində istehlak bazarının tələbləri öyrənilir, ixracyönümlü məhsulların dəstəklənməsi istiqamətində işlər həyata keçirilir.
Müşahidələr göstərir ki, müxtəlif bitki toxumlarından alınan yağlara bazarda tələbat böyükdür. Dünən bu istiqamətdə Şahbuz rayonunun Badamlı qəsəbəsində bitki toxumlarından hazırlanan yağların və doşabların istehsalını həyata keçirən yeni ailə təsərrüfatı fəaliyyətə başlayıb. Ailə təsərrüfatçısı Vüsal Salahov bildirdi ki, ilkin olaraq burada bir sıra xəstəliklərin müalicəsində effektiv nəticələr verən çörəkotu və Hindistan cəvizi yağları, keçibuynuzu doşabı istehsal ediləcək. Gələcəkdə bazarın tələbinə uyğun olaraq məhsul çeşidinin artırılması nəzərdə tutulub. Bu məhsulların muxtar respublikada satışı ilə yanaşı, ölkəmizin digər bölgələrinə, həmçinin xarici ölkələrə ixracı da planlaşdırılır.
Qeyd edək ki, yeni bitki toxumlarından yağların və doşabların istehsalı sahəsində quraşdırılan avadanlıqlar Almaniya istehsalıdır, xammal isə Türkiyə Respublikasından gətirilir. Gələcəkdə xammalın da muxtar respublikamızda istehsalı nəzərdə ­tutulub.

- Nail ƏSGƏROV