07 Avqust 2020, Cümə

Ötən günlərdə inşa olunan Darıdağ arsenli su müalicə və istirahət kompleksindən xəbər hazırlamaq üçün birlikdə Culfa rayonuna yollanmışdıq. Burada aparılan tikinti işləri ilə tanış olduqdan sonra haqqında yazı yazmağı planlaşdırdığımız digər ünvanadək maşında Culfa rayonunun dünənindən və bu günündən söhbətləşdik, çox da uzaq olmayan keçmişindən danışdıq. Bəli, ötən əsrin 90-cı illərinin əvvəllərində Culfa rayonu da digər bölgələrimiz kimi çox çətin günlər yaşayırdı. Nə yolları yol idi, nə də küçələri. Kəndlərdə isə vəziyyət daha ağır idi. Soyuq qış günlərində isə çətinliklər daha da artırdı. Həmin dövr yaxşı xatirimizdədir, böyüklər həmişə pis günün ömrü az olar, – deyib heç bir zaman öz inamlarını itirmirdilər. Belə də oldu, müstəqilliyimizin bəhrəsi kimi bu gün Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız və onun bölgələri inkişafının zirvəsindədir. Culfa rayonu da illərin quruculuq töhfələrindən pay alıb, burada ən ucqar dağ kəndlərinə qədər rahat yollar çəkilib, hazırda yenə də rayon ərazisində kompleks quruculuq işləri aparılır. 

Avtomobilimiz yolun kənarında ətrafı yaşıllıqla əhatə olunmuş binaya “Nəqşi-cahan Holdinq” Şirkətlər Qrupunun Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasına yaxınlaşdı. Bu gün süfrələrimizin bəzəyi olan “Sirab”, “Badamlı” mineral sularının və digərlərinin hazırlanmasında istifadə olunan karbon qazı məhz bu müəssisənin istehsalıdır. Nəinki Azərbaycanda, hətta Qafqazda ikinci belə bir zavod yoxdur desək, yanılmarıq.

Müəssisədə bizi qarşılayan “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Seyidovla həmsöhbət olduq. O qeyd etdi ki, muxtar respublikanın bütün təbii ehtiyatlarından səmərəli istifadə edilməklə daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolu nəzərə alınaraq 2008-ci ildə bu müəssisədə kompleks tədbirlər həyata keçirilib. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırılıb ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək səviyyədə aparılmasına imkan yaradıb.
Müsahibimiz söylədi ki, müəssisədə, əsasən, müasir avadanlıqlar quraşdırılıb. Yeni texnoloji avadanlıqlar hesabına müəssisənin illik istehsal gücü 6300 tondur. İstehsal prosesi tamamilə avtomatlaşdırılıb. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədilə xüsusi avtomaşınlar alınıb. Məhsullarımızın muxtar respublika və ölkə bazarlarında alıcıları var. Müəssisənin direktoru onu da qeyd etdi ki, təbii yolla əldə olunan xammalın istehsalı bir qədər ucuz başa gəldiyindən alıcı sarıdan narahatlıq yoxdur. Əsas bazar ölkədəki mineral su istehsalı ilə məşğul olan müəssisələrdir. Mineral su yatağından 2650 metr məsafədə borularla gətirilən xammal burada 3 mərhələdə sıxılıb soyudularaq maye halına salınır, xüsusi filtrlərlə təmizləndikdən sonra anbara ötürülür. Eyni zamanda ilk dəfə olaraq müəssisədə quru buz istehsal edən sex yaradılıb. Karbon qazının sürətlə buxarlanması yolu ilə əldə edilən quru buzun istehsalı üçün qəliblər quraşdırılıb.
Quru buzdan, əsasən, tibb sahəsində, dondurma istehsalında, meyvə-tərəvəz anbarlarında istifadə olunur. İndiyədək muxtar respublikada bu məhsula olan tələbat yalnız idxal hesabına ödənilib. Hazırda sexin illik istehsal gücü 50 tondur.
Müəssisədə laboratoriya da fəaliyyət göstərir. Bu da istehsal edilən məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. Xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə, istehsal olunan karbon qazının, quru buzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Elə bu səbəbdəndir ki, istehsal olunan məhsullara tələbat artır, quru buz sifarişə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən şirkətlərə də göndərilir. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” MMC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötüb.
Elman Seyidov bildirdi ki, bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir, istehsal edilən məhsul sifarişə uyğun olaraq ayrı-ayrı şirkətlərə vaxtında çatdırılır. Hazırda tələbata uyğun olaraq istehsal edilən məhsulun 30 faizi muxtar respublikada, 70 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir. Həmçinin muxtar respublikamızda istifadə olunmuş və ya istifadə müddəti bitmiş ilkin yanğınsöndürmə cihazlarının təmiri və doldurulması üçün burada əlverişli şərait yaradılıb. Burada 1, 2, 4, 5, 12, 25, 50 kiloqramlıq balonlarda quru kimyəvi tozlu, köpüklü və karbon qazlı ilkin yanğınsöndürmə cihazlarının müasir avadanlıq və materiallardan istifadə olunaraq doldurulması və hər cür texniki xidmətin göstərilməsi işi də həyata keçirilir. Onu da qeyd edək ki, əvvəllər ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər istismar müddəti bitən yanğınsöndürmə cihazlarını təmir və yenidən doldurulması üçün xarici ölkələrə aparırdılar. Bu da vaxt itkisi və əlavə maliyyə vəsaiti tələb edirdi. Karbon Qazı Zavodunda bu sahənin fəaliyyətə başlaması ilə bu həmin problem aradan qaldırılıb.
Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də buradakı sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə Karbon Qazı Zavodunda arsenli suyun duzunun istehsalına başlanılıb. İstehsal olunan Darıdağ müalicəvi duzu çəkisi 200 qram olan paketlərdə qablaşdırılır və satışa çıxarılır.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını daha da artırıb, iqtisadi əlaqələri genişləndirib, yeni sahibkarlıq subyektlərinin yaranmasına stimul verib. Sahibkarlığa dövlət dəstəyinin artması nəticəsində muxtar respublikanın rayon və kəndlərində iri, orta və kiçik istehsal müəssisələri yaradılıb, uğurlu investisiya layihələri həyata keçirilib, yeni sahibkarlıq subyektləri fəaliyyətə başlayıb. Bu baxımdan Culfa rayonunda da sənaye və kənd təsərrüfatı üzrə yeni subyektlərin yaradılmasına, mövcud olanların isə fəaliyyətlərinin genişləndirilməsinə daim dəstək göstərilir. Rayonda fəaliyyət göstərən sahibkarlıq müəssisələri iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, istehsal etdikləri məhsulları paytaxt və xarici bazarlara da ixrac edirlər. “Karbon Qazı Zavodu” MMC-də olduğumuz vaxt ərzində bütün bu sadaladıqlarımızın əyani şahidi olduq və əminliklə qeyd edə bilərik ki, vaxtilə bütün istehsal sahələri tənəzzülə uğrayan muxtar respublikamız bu gün sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayır. İndi Naxçıvanın rayon və şəhərlərində yox, kənd yaşayış məntəqələrində də istehsal sahələrinin qurulması, üstəgəl, yerli məhsulların xaricə ixrac olunması qədim diyarın bu sahədə böyük bir inkişaf yolu keçdiyini təsdiqləyir. Artıq həmin müəssisələr “İxrac ili”ndə daha çox məhsul istehsal etmək əzmindədir.

- Pərviz HACILI
Alim AĞAYEV
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR