04 Avqust 2020, Çərşənbə axşamı

Ölkəmizin ixrac məhsulları çoxdur. Müasir dövrdə ixrac olunan brend məhsullar ölkəmizi xarici bazarlarda tanıtmaqla valyuta ehtiyatlarımızın artımında da mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, xarici bazarlarda hamının tanıdığı brend məhsul onun sahibi olan ölkədəki keyfiyyətə ciddi nəzarətdən və işgüzarlıqdan xəbər verir. Bu baxımdan müstəqil Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının müasir ixrac potensialı da diqqəti cəlb edir. 

Muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırmış, iqtisadi əlaqələri genişləndirmişdir.

Bu gün muxtar respublikada fəaliyyət istiqamətinə görə çoxsaylı müəssisələr ixrac qabiliyyətinə malikdir. Naxçıvanda fəaliyyət göstərən şirkətlərə xarici bazarlara çıxışın təmin edilməsi üçün ixrac təşviqlərinin verilməsi, eyni zamanda onlara dəstək mexanizmlərinin tətbiqi dairəsi genişləndirilir. Həmçinin qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur.
Yerli məhsulların xarici bazarlarda tanıdılması və işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsinin 3 bey­nəlxalq əhəmiyyətli tədbirdə iştirakı təmin olunmuş, eləcə də muxtar respublikada istehsal olunan ərzaq məhsulları Moskva və Dubay şəhərlərində keçirilmiş nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunmuşdur. Bu sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan 133 çeşiddə məhsulun nümayişi həyata keçirilmişdir.

Naxçıvandakı müəssisələrin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə, 50-yə yaxın müəssisə ixrac qabiliyyətinə malikdir.
Sənaye məhsullarına ixracla bağlı geriödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Qeyd edək ki, cari ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 11 müraciət daxil olmuş və ixrac olunmuş sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yerinə yetirilməsi nəzərdə tutulmuş ixracyönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması və istehlakçıların artan tələblərinin qarşılanması məqsədilə yaradılan müəssisələrdən biri də “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Gündəlik istehsal gücü 250-300 kq/saat olan müəssisədə vafli məmulatları, peçenye, qurabiyə, lokum və şokoladlı konfet istehsal edilir. Müəssisənin istehsal sahəsində kompüterlə idarə olunan müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal prosesi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi standartlarına uyğun həyata keçirilir.
Müəssisədə istehsal olunan yüksək­keyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır. Bu məqsədlə respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilmiş, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olmuşdur. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti öz bəhrəsini vermiş, cari ilin ötən dövrü ərzində “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal sahələrində hazırlanan 400 ton vafli məmulatları İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında 7 ölkəyə göndərilmişdir. Bu tədbirlərin davamı olaraq ötən günlərdə 24 ton vafli məmulatı Əfqanıstan Respublikasına yola salınmışdır.
Bu gün muxtar respublikada sahibkarlara göstərilən böyük diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırmış, iqtisadi əlaqələri daha da genişləndirmiş, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR