13 İyul 2020, Bazar ertəsi

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dəzgahqayırma, elektrotexnika və yol-inşaat maşınları , məişət kondisionerləri və digər sahələr inkişaf etdirilmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda sənaye sahəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqəti özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda uğurlu nəticələr əldə etmişdir. Bu sahədə görülən işlərin nəticəsidir ki, əvvəllər aqrar sahənin üstünlük təşkil etdiyi muxtar respublikada bu gün artıq ümumi daxili məhsul istehsalında sənaye sahəsi ilk yeri tutur.

1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 256,3 dəfə artaraq 1 milyard 14 milyon 971 min manatı ötmüşdür. 1991-ci ilin sonuna muxtar respublikada 46 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, ötən dövr ərzində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma və yeyinti sənayesi olmaqla, 400-dən çox istehsal sahəsi yaradılmışdır.
Hazırda muxtar respublikada yaradılmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsul istehsalına da imkan verir. “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı, “Naxçıvan Avtomobil Zavodu”, “Ləzzət Qida Sənaye”, “Naxçıvan Duz İstehsalı Müəssisəsi”, “Badamlı Mineral Sular Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətləri və digər müəssisələrin yaradılması muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

Son illərdə yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi maşınqayırma sənayesində yeni məhsulların istehsal imkanını artırmışdır. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir ki, bu da, əsasən, avtomobil istehsalında özünü göstərir. Bu baxımdan Naxçıvan Avtomobil Zavodu maşınqayırma sənayesinin inkişafında mühüm rola malikdir. 2010-cu ildən fəaliyyətə başlayan zavod nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun ən müasir avtomobillər istehsal edilir. İstehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlardan istifadə olunur. Bunun nəticəsidir ki, yeni modeldə avtomobillərin istehsalı da artır. Zavodda müxtəlif təyinatlı “NAZ Lifan” markalı avtomobillər istehsal olunur. Bunlardan “Lifan X-70”, “Lifan L-7”, “FAW T-33” minik və “FAW T-80” model yük avtomobilləri 2020-ci ilin məhsullarıdır. Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları açılmışdır. Həmçinin muxtar respublikada istismar olunan “NAZ Lifan” markalı minik avtomobillərinə yerində texniki xidmət göstərilməsi məqsədilə Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzi yaradılmışdır.

Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, bu sahədə yeni müəssisələrin yaradılması, müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi daxili bazarın yerli məhsullarla təmin edilməsinə şərait yaradır. Dünyanın nəhəng maşınqayırma müəssisələrinin ölkəmizdə öz istehsal sahələrini yaratmaq niyyətlərini gerçəkləşdirməsi isə bu sahənin gələcək inkişafına geniş imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü ölkəmizdə maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd edildiyini xatirladaraq əminliklə vurğulamaq istərdik ki, bu gün peşə bayramlarını qeyd edən muxtar respublikamızda fəaliyyət göstərən maşınqayırma sənayesi işçiləri bundan sonra da istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi sayəsində səylərini artırmaqla bu işə öz töhfələrini verəcəklər.

Mehparə Məmmədova
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR