Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq üçün geniş imkanlar açıb. Belə ki, ötən dövrdə bu istiqamətdə mühüm işlər görülərək muxtar respublikanın sosial-iqtisadi imkanları daha da genişləndirilmiş, iqtisadi perspektivləri nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Təbii ki, bütün bunlar daxili bazarın hərtərəfli təminatında əsas rol oynamış, idxal məhsulların həcmi dəfələrlə azalmışdır. Artıq Naxçıvanda yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir.

 Diyarımızda uğurla davam etdirilən quruculuq işlərində və ixrac potensialında “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin də payı böyükdür.

2010-cu ildə yaradılmış və tamamilə yerli xammal əsasında fəaliyyət göstərən bu müəssisə muxtar respublikanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır.
Qarabağlar və Çalxanqala kənd­ləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Gündəlik istehsal gücü 2500 kvadratmetr olan müəssisədə bej, oliv, siyonid və travertin məhsulları ilə yanaşı, qara inci mərmər də istehsal edilir. Müəssisədə tam avtomatlaşdırılmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada əl əməyinə əsaslanan dekorasiya sahəsi də fəaliyyət göstərir. Müəssisəyə verilən hər hansı bir sifarişə uyğun travertinin üzərində oyma üsulla naxışların işlənməsi mümkündür.

Müəssisədə istehsal olunan yüksəkkeyfiyyətli məhsullar xarici bazarlara çıxarılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndələrinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilmiş, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olmuşdur. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti öz bəhrəsini vermiş, cari ilin ötən dövrü ərzində “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrində hazırlanan 1555 ton travertin daş məhsulları sifarişə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan Respublikasına göndərilmişdir. Bu tədbirlərin davamı olaraq istehsal olunan 250 ton travertin dünən Gürcüstan Respublikasına yola salınmışdır.
“İxrac ili”ndə İqtisadiyyat Nazir­liyi tərəfindən xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülmüş, yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları (siqaret), travertin, mərmər, mineral sular Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilmişdir. Həmin məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etmək məqsədilə 52 hаldа mənşə sertifikatının verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.
Sənaye məhsullarına ixracla bağlı geriödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Qeyd edək ki, cari ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 11 müraciət daxil olmuş və ixrac olunmuş sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilmişdir.
Bu gün muxtar respublikada sahibkarlara göstərilən böyük diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikada istehsal olunan ixrac imkanlarını artırmış, iqtisadi əlaqələri daha da genişləndirmiş, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti