26 Sentyabr 2020, Şənbə

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun məhsuldar torpaqları burada əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirməyə imkan verib. Bölgənin torpaq mülkiyyətçiləri kənd təsərrüfatı ilə məşğul olanlara göstərilən dövlət qayğısından səmərəli istifadə edərək məhsul bolluğu yaradır, bununla həm özlərinin ailə büdcəsini gücləndirir, həm də muxtar respublika iqtisadiyyatına töhfələrini verirlər.

Rayonda inkişaf etdirilən əkinçilik sahələri içərisində taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, ötən il də taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 3524 hektar sahədən 12 min 17 ton buğda, 603 hektar sahədən 1930 ton arpa tədarük edilib. Bundan ruhlanan taxılçılar cari ilin məhsulu üçün ötən ilin sonlarında 4731 hektar sahədə payızlıq səpin aparıblar. Bunun 4273 hektarı buğda, 458 hektarı isə arpadır. Taxılçılar payızdan indiyədək tələb olunan bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirib, zəmilərin suvarılmasına, gübrələnməsinə ciddi önəm veriblər. Çəkilən zəhmət hədər getməyib, bol məhsul yetişdirilib. İyun ayının 15-dən sonra taxılın tədarükünə başlanılacaq.
Min bir zəhmətlə hasilə gətirilmiş məhsulun vaxtında və itkisiz tədarük olunması üçün hazırlıq tədbirləri yekunlaşdırılıb. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, burada mövcud olan 10 kombayn işlək vəziyyətə gətirilib, bir neçə gün əvvəl aqrolizinq xətti ilə daha bir sahibkar yeni kombayn alıb. Taxıl daşıyacaq texnikalara da baxış keçirilib, ehtiyat hissələri və kifayət qədər yanacaq əldə olunub.
Görülən bu tədbirlər belə deməyə əsas verir ki, Şərur taxılçılarının zəhməti bu il də hədər getməyəcək, elin varı vaxtında və itkisiz tədarük olunacaq.

*  *  *

Son illər dövlətimiz tərəfindən aparılan meliorativ tədbirlər, torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi Culfa rayonunda da taxılçılığın inkişafına səbəb olub. Rayon ərazisindəki taxıl zəmilərinin indiki vəziyyəti sahələrdən bol məhsul əldə olunacağından xəbər verir.
Culfa Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda taxıl biçininə hazırlıq işləri qısa müddət ərzində yekunlaşıb. Taxıl biçini üçün müxtəlif fiziki və hüquqi şəxslərə məxsus, ümumilikdə, 28 kombayn hazır vəziyyətə gətirilib. Bundan başqa, taxıl biçinlərinə cəlb ediləcək taxıldaşıyan avtomaşınlar və qoşqulu traktorlara, presvuran aqreqatlara baxış keçirilib, texnikaların saz vəziyyətdə olması yoxlanılıb, torpaq mülkiyyətçiləri və mexanizatorlarla maarifləndirmə işləri aparılıb, ehtiyat hissə və yanacaq tədarükü görülüb. Texnikaların daim saz vəziyyətdə olması üçün səyyar təmir briqadası yaradılıb.
Verilən məlumatda o da bildirilib ki, biçin zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi, yığılan məhsulun təmizlənməsi üçün xırman yerlərinin hazırlanması, sahə kənarlarındakı yolların hamarlanması və zəruri olan digər tədbirlər həyata keçirilib, taxıl biçininə hazırlıq işləri yekunlaşdırılıb.
Məlumat üçün bildirək ki, rayon ərazisində artıq biçinə başlanılıb və 13,7 hektar ərazidə buğda, 54,8 hektar sahədə arpa biçilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR