27 Sentyabr 2020, Bazar

Giləmeyvələr içində özünəməxsus dadı, bir çox faydaları ilə seçilən çiyələyi, yəqin ki, xoşlamayan insan tapılmaz. Həqiqətən də, yaz və yay aylarında böyükdən-kiçiyə bu giləmeyvə hər kəsin sevimlisi olur. Buna görə də çiyələk biznesini gəlirli bir iş hesab etmək olar. Babək rayonunun Zeynəddin kəndində çiyələk yetişdirilməsi ilə məşğul olan ailə təsərrüfatının timsalında bunun bir daha şahidi olduq. 

 Əvvəlcə qeyd edək ki, bu giləmeyvə muxtar respublikamızın bütün bölgələrində yetişdirilir. Lakin bazarı çiyələklə təmin edən bölgəmiz, əsasən, Zeynəddin kəndidir. Dad-tamı, xoş ətri ilə Zeynəddin çiyələyi, necə deyərlər, mövsümün brend məhsuluna çevrilib. Kənd sakini Vətən Abbasov isə çiyələk yetişdirilməsi ilə məşğul olan ailə təsərrüfatı yaradıb. 

Sahibkarın sözlərinə görə, Zeynəddində çiyələk əkini ilə, demək olar ki, hər kəs məşğuldur. Hansı həyətə, bostan sahəsinə üz tutsan, mütləq çiyələk tapacaqsan. Çünki bu kəndin torpağı, suyu çiyələk əkini üçün çox əlverişlidir. Odur ki, kənd sakinləri bu sahədə kifayət qədər təcrübəyə malikdirlər. Lakin çiyələk yetişdirilməsini indiyədək biznes şəklində inkişaf etdirən olmayıb. Buna görə də 5 min 500 kvadratmetrlik sahədə çiyələk əkib-becərməyə başladıq. Məqsədimiz isə Naxçıvan bazarını dadlı, keyfiyyətli çiyələklə təmin etməkdir.

Zeynəddində olarkən ailə təsərrüfatı üzvlərinin fəaliyyətini izlədik. Onların bu sahəyə maraqlarını hiss etmək çətin deyildi. Hər bir təsərrüfat üzvü böyük qayğı tələb edən bu zərif bitkinin, necə deyərlər, elə bil başına fırlanırdı. O anda düşündüm ki, burada təəccüblü nə var? Öz işlərinə bağlı insanlar hər zaman zəhmətkeş olurlar. Çünki onlar bilirlər zəhmət çəkən bəhrəsini də görür. Elə bu zəhmətkeş ailə kimi gəlir əldə edir, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu yazıda bəhs etdiyim ailə təsərrüfatı üzvləri həm də muxtar respublika sakinlərinin tələbatını ödəmək kimi bir vəzifəni yerinə yetirirlər.
Öyrəndim ki, təsərrüfat üzvləri əvvəlcə çiyələk əkinini istixanalarda həyata keçiriblər. Məhsul bol olsa da, dadı və keyfiyyəti kifayət qədər ürəkaçan olmayıb. Buna görə də çiyələk əkinini kəndin bol minerallı və məhsuldar torpağında aparmağı qərara alıblar. Burada becərilən bitkilər Türkiyə sortudur. Aylıq sort olan bu çiyələklər dad-tamı ilə seçilir və ildə iki dəfə məhsul verir.
Vətən Abbasov deyir ki, sahədə məhsul yığımı mayın əvvəlindən həyata keçirilir. Hər gün 350 kiloqramadək çiyələk yığılır. Yığım hələ 10-15 gün davam edəcək. İkinci yığım isə avqust-sentyabr aylarında aparılacaq. 3 ildən sonra isə yeni əkin keçiriləcək. Daha çox məhsul əldə etmək üçün yeni şitillik sahəsi yaradılıb və şitil yetişdirilir. Cari ilin mart ayında buraya birillik məhsuldar Amerika sortu əkilib. Bu sortun giləmeyvələri daha iri olması və məhsuldarlığı ilə fərqlənir. Onun şitilləri artırılaraq əkin sahələrinə köçürüləcək.
Vətən Abbasov deyir ki, məhsulun alıcısı başının üstündədir. Bu günədək bazara 4 tondan çox məhsul çıxarılıb. Sahibkar bu gün muxtar respublikada ailə təsərrüfatının fəaliyyətinə yaradılan şəraitdən də razılığını bildirdi. Hər həftəsonu Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında iştirak edən təsərrüfatçı satışda heç bir çətinliyinin olmadığını da dedi.
Ləklərdə məhsul bolluğu bir daha əminlik yaradır ki, torpağı sevsən, zəhmətdən qaçmasan, bəhrəsini artıqlaması ilə görərsən. Nəticə isə göz qabağındadır. Hazırda bazarda bu məhsul boldur və hər kəs yerli, keyfiyyətli çiyələk əldə edə bilir. Vətən Abbasov əminliklə və qürur hissi ilə deyir ki, onların zəhməti nəticəsində bu gün muxtar respublikaya çiyələk idxalının qarşısı alınıb. Bazarda həm dadı, həm də keyfiyyəti ilə seçilən yerli məhsul da hər kəsin ürəyincədir. Qiymətlər də münasibdir.
Zeynəddin çiyələyi artıq Naxçıvanın daha bir ləziz məhsuluna çevrilib. Əminik ki, ləziz Naxçıvan çiyələyinin sorağı tezliklə xarici bazardan da gələcək.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR