04 İyul 2020, Şənbə

Heyvanların yaylaqlarda otarılması onların yemlərə olan tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların dadına və keyfiyyətinə görə fərqlənməsinə, ucuz başa gəlməsinə şərait yaradır. Bu cəhətdən heyvanların yaylaq şəraitində saxlanılmasının böyük əhəmiyyəti vardır.
Heyvanların yaylaqda, açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir, orqanizmində maddələr mübadiləsini artırır, cavan mal-qaranın boy artımına və inkişafına köməklik edir.

Kənd təsərrüfatı heyvanlarının yaylaq dövrü ərzində məhsuldarlığının yüksəldilməsi və sağlamlığının qorunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov şəhər və rayon baytarlıq idarələrinin müdirlərinə heyvan sürülərinin yaylaqlara aparılmazdan əvvəl kliniki müayinədən keçirilməsi, yataq yerlərinin və su hövzələrinin ətraf ərazilərində dezinfeksiya işlərinin aparılması, heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu xəritəsinin müəyyən edilməsi, heyvan sürülərinin əvvəlcədən müəyyənləşdirilmiş marşrutla hərəkətinin təmin edilməsi üçün bir sıra tapşırıqlar verib.
Dövlət Baytarlıq Xidmətinin rəisi, xidmətin bir sıra əməkdaşları və Şərur Rayon Baytarlıq İdarəsinin müdiri Cəlal Kamalovun başçılıq etdiyi həkim briqadası ilə birlikdə Şahbuz rayonunun Keçəldağ yaylağının bir neçə yurd yerinə gedərək heyvanların yataq yerlərində aparılan dezinfeksiya işləri ilə tanış olub, onlara tövsiyələr verib. Bildirilib ki, muxtar respublikada əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsi məqsədilə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Baytarlıq xidməti də bu məqsədlə müasir tələblərə uyğun qurulub, maddi-texniki baza möhkəmləndirilib. Qəbul olunmuş Dövlət proqramlarının icrası məqsədilə heyvanların yaylaq şəraitində profilaktik peyvəndləmə tədbirlərinə cəlb edilməsi, müşahidə olunan xəstəliklərə qarşı operativ tədbirlərin həyata keçirilməsi, yaylaqlarda zoobaytarlıq və zoogigiyenik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi daim nəzarətdə saxlanılmalıdır.
Otlaqlarda otarmanın idarə edilməsi mövzusuna da toxunan xidmət rəisi vurğulayıb ki, əgər heyvanlar bir yerdə uzun müddət otarılarsa, onlar çəki və məhsuldarlığını, bitkilər isə tez bərpaolunma qabiliyyətini itirər. Hər bir otlaq sahəsi orada otarıla biləcək heyvanların say həddini müəyyənləşdirən özünün bioloji məhsuldarlığına malikdir. Otlaqların həddən artıq yüklənməsi torpaqlarda bitki potensialının itməsinə, çim qatının dağılmasına, onların erroziyaya uğramasına, hətta istifadə dövriyyəsindən çıxmasına səbəb olar. Otlaqları erroziyadan mühafizə etmək və onların məhsuldarlığını artırmaq ətraf mühitin mühafizəsi və heyvandarlığın inkişaf baxımından əhəmiyyətlidir. Otlaqlardan qaydasız istifadə etmək istər təsərrüfat, istərsə də sanitar-gigiyenik cəhətdən əlverişli deyildir. Çünki belə otarmada yüksək süd məhsulu almaq, heyvanların diri çəkisini artırmaq mümkün olmur. Buna görə də otlaqlardan səmərəli istifadə olunmalı və xəstəliklərə qarşı mübarizə tədbiri kimi növbəli otarma sistemi tətbiq edilməli, sahibkarların bu sahədə maarifləndirilməsi işləri gücləndirilməlidir.

Elnur Əliyev
Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR