09 İyul 2020, Cümə axşamı

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur bu gün müasir Azərbaycan rayonudur. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən quruculuq tədbirləri bəhrələrini verib. 

Təkcə 2020-ci ilin ötən dövründə inşası başa çatdırılan və hazırda davam etdirilən obyektlərə diqqət yetirmək kifayətdir ki, rayonda həyata keçirilən quruculuq tədbirlərinin coğrafiyası barədə təsəvvürə malik olaq. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 166 min 300 manat həcmində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsait 6 milyon 932 min 100 manat təşkil edib. Bəhs olunan dövrdə rayonda 13 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub.

Cari ilin aprel ayında rayon mərkəzində Mərasim evi və dini icma üçün iş otaqlarının, “Çomaxtur” elektrik yarımstansiyasının, may ayında isə Məmmədsabir kəndində kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Muğancıq-Mehrabda kənd və xidmət mərkəzlərinin, tam orta məktəb binasının, feldşer-mama məntəqəsinin tikilib istifadəyə verilməsi şərurlularda böyük sevinc hissi yaradıb.
Hazırda 20-dək ünvanda müxtəlif istiqamətli tikinti və ya yenidənqurma işləri həyata keçirilir. Onlardan biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən bölgədə inşası aparılan Sənaye Məhəlləsidir. Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub, tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.
Qeyd edək ki, Sənaye Məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələri yaradılacaq. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti işlərinin keyfiyyətlə aparılması, obyektlərin vaxtlı-vaxtında təhvil verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İnşaat işləri başlanandan əhalinin məşğulluğunun da artırılmasına imkan yaranıb.
Sənaye Məhəlləsində yerli tikinti materiallarından istifadəyə üstünlük verilir. Qısa müddət ərzində həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, obyektlərin tikintisi nəzərdə tutulmuş vaxtda başa çatdırılacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR