25 Sentyabr 2020, Cümə

Bu gün muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər şəhər, qəsəbə və kənd­lərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikamızın səfalı bölgələrindən biri olan Ordubad rayonunda kompleks abadlıq və qurucu­luq işləri cari ildə də uğurla davam etdirilir.

Ordubad şəhərində yeni quruculuq ünvanlarından biri ictimai yaşayış binasıdır. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan bu binada 28 mənzil istifadəyə veriləcək. Yaşayış binasında tikinti işləri artıq başa çatıb, binanın fasadı üzlənib, həyətdə abadlıq işləri görülür. Tikinti işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçiriblər.
Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri elm və təhsil sahələrini də əhatə edir, tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün geniş imkanlara malik müəssisələr tikilərək, yenidən qurularaq və ya təmir-bərpa edilərək istifadəyə verilir. Hazırda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin binasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya Holdinq”in inşaatçıları tərəfindən təmir və yenidənqurma işləri həyata keçirilir. 358 şagird yerlik olacaq təhsil ocağında müasir sinif otaqları, hərbi kabinə, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kitabxana və idman zalı yerləşəcək. Məktəbdə internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq, kitabxana fondu zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq.
Bu gün muxtar respublikamızda həm də çoxəsrlik tarixi keçmişimizin və dini-mənəvi dəyərlərimizin ifadəsi olan abidələrin, ziyarətgahların tikinti və bərpası da diqqətdə saxlanılır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işləri aparılır. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində dəstəmaz yeri yaradılacaq, geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemləri qurulacaq. Bərpa zamanı abidənin memarlıq quruluşu saxlanılacaq, dindarlar üçün lazımi şərait yaradılacaq.
Rayonun digər quruculuq ünvanları Nüsnüs və Əndəmic kəndləridir. Nüsnüs kəndində kənd və xidmət mərkəzləri tikilir, məktəb binası əsaslı şəkildə yenidən qurulur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq məktəb binası 416 şagird yerlik nəzərdə tutulub. Məktəbdə kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otaqları, kitabxana, idman zalı və bufet fəaliyyət göstərəcək. Kənd mərkəzində isə icra nümayəndəliyi, ATS, poçt, bələdiyyə, Yeni Azərbaycan Partiyası Nüsnüs kənd ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi və həkim ambulatoriyası üçün müasir şərait yaradılır. Bu obyektdə binanın özülünün dəmir-beton işləri tamamlanıb.
Əhaliyə nümunəvi ticarət və məişət xidmətləri göstərilməsi üçün kənddə xidmət mərkəzi də inşa olunur. Yuxarı Əndəmic kəndindən Nüsnüsədək olan kəndarası, həmçinin kənddaxili avtomobil yollarının da əsaslı surətdə yenidən qurulması işləri davam etdirilir.
Rayonu əhatə edən genişmiqyaslı quruculuq tədbirlərindən Əndəmic kəndinə də pay düşüb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilir. üç mərtəbədən ibarət olacaq kənd mərkəzində hazırda beton-qəlib işləri görülür. Xidmət mərkəzində isə hörgü işləri artıq başa çatıb.
Qeyd edək ki, Ordubad şəhərinin daxili avtomobil yolları da yenidən qurulur.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR