05 İyun 2020, Cümə

Artıq dünya gündəmini tamamən məşğul edən pandemiyanın iqtisadi və sosial həyatda vurduğu zərərlərin minimuma endirilməsi və dövlətlərin bu sahədə gələcək fəaliyyət istiqamətləri strateqlərin müzakirə mövzularına çevrilib. Bu mənada, sosial izolyasiyanın qaçınılmaz olduğu və ölkələr arasındakı iqtisadi-ticarət əlaqələrinin də ciddi şəkildə məhdudlaşdığı bir dövrdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatının inkişaf prioritetləri yeni əhəmiyyət qazanır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahənin inkişafı, pandemiya və pandemiya sonrası dövrdə qarşıda duran vəzifələrin uğurlu həlli üçün ciddi tədbirlər görülür. Bəhs olunan dövrdə muxtar respublikamızda bu vacib sahənin inkişafı ilə bağlı maraqdoğuran məsələlər barəsində mütəxəssis fikirlərini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Dilsuz Qasımovla həmsöhbət olduq. 

– Dilsuz müəllim, hazırda yaşadığımız period kənd təsərrüfatının inkişafına necə təsir göstərə bilər?

– Pandemiya ölkələrin iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatına, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsir göstərməkdədir. Bu gün Azərbaycanda və onun tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında dünyada yayılmış pandemiya əleyhinə ciddi qabaqlayıcı tədbirlər görülərək insanların sağlamlığı qorunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamında bu sahənin əhəmiyyəti açıq şəkildə bir daha göstərilib. Bu sərəncamın icrası ilə bağlı tədbirlər planında iqtisadi artıma və sahibkarlığa dəstək bölümünün ikinci bəndində postpandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətinin və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə digər sahələrlə yanaşı, kənd təsərrüfatı və emal sənayesinin də ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioriteti kimi müəyyən olunmuşdur. Həmin bu sahələrin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədəuyğun hesab edilir. Şübhəsiz, digər dövlətlərdə olduğu kimi, ölkəmizdə də vətəndaşların sağlamlığı üçün həyata keçirilən izolyasiya tədbirləri xarici ticarət əlaqələrini zəiflətməklə, ərzaq məhsullarının da idxal-ixracını müvəqqəti olaraq məhdudlaşdırıb. Belə şəraitdə həyat üçün ən zəruri maddi nemətlər istehsal edən aqrar bölmədə çoxşaxəliliyin təmin olunması hazırkı dövr üçün ən kritik qərarlardan biridir. Muxtar respublikamızda da ərzaq təhlükəsizliyi sahəsində indiyə qədər həyata keçirilmiş tədbirlər bundan sonra yeni aktuallıq qazanacaq. Çünki əhalinin ilboyu keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edilməsinin alternativinin olmadığına qlobal pandemiya dövründə bir daha şahidlik etdik.
– Muxtar respublikamızda kənd təsərrüfatının davamlı inkişafına hansı faktorlar təsir edir?
– Kənd təsərrüfatı həssas sahədir. Burada müasir elm və texnologiyanın tətbiqi ilə yanaşı, torpaq, su, iqlim ehtiyatları, yaşıllıq və meşə əraziləri kimi heç bir şeylə əvəz olunmayan amillər də vardır. Bundan əlavə, dünyada insan sayının çoxalması və aqrar sahədə rəqabətədavamlılığın artırılması üçün resurslardan intensiv istifadə də, son nəticədə, öz təsirini göstərən amillərdəndir. Buna görə də aqrar kimi çətin və strateji sahədə əldə olunan səviyyə, haqlı olaraq, ölkələrin inkişaf göstəricisi hesab olunur. Bu baxımdan kənd təsərrüfatının ölkəmizin iqtisadiyyatında əhəmiyyəti və qeyri­-neft sektorundakı yeri yaxın tariximizdə onun inkişafını şərtləndirən əsas amillərdən olub. Müstəqillik dövründə dövlətimiz əhalinin ərzağa olan tələbatını, əsasən, öz imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və emal sənayesi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses indi də davam edir. Yeni texnikalar alınır, dövlət tərəfindən bu sahəyə subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Bütün bu amillərin nəticəsində ölkəmizdə və eləcə də muxtar respublikamızda aqrar sektorda məhsul istehsalının artması müşahidə olunur.
Muxtar respublikamızda aqrar sahənin davamlı inkişaf faktorları arasında, şübhəsiz, ölkə­mizdə ilk dəfə aparılmış torpaq islahatlarını qeyd edə bilərik. Naxçıvanda kəndlini torpağa bağlayan bu mühüm tədbir blokadada olan bir diyarın ərzaq təhlükəsizliyinin təmin olunmasının bünövrəsini təşkil edir. İnsanların torpağa olan münasibətini tamamilə dəyişdirən bu islahatların ardınca aqrar sahənin inkişafı məqsədilə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində muxtar respublikada əkin dövriyyəsinə qatılan torpaq ərazisi artdı. Həmçinin geniş suvarma şəbəkəsi yaradıldı, arqar sahənin müasir texnika ilə təminatı əsaslı surətdə yaxşılaşdırıldı. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının son istehlakçıya çatdırılması, onun bazar tələbatına uyğun şəkildə reallaşdırılması üçün yaradılmış soyuducu anbar təsərrüfatı naxçıvanlı torpaq mülkiyyətçilərinin əməyinin rentabelliyini artıran əsas faktorlardandır. Yüz illərdir, Naxçıvan torpağının aqrokimyəvi xüsusiyyətlərinə və buradakı təbii iqlim göstəricilərinə uyğunlaşmış yerli bitki sortlarının qorunub saxlanılması, toxumçuluq təsərrüfatının, süni mayalanma mərkəzinin yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və kompleks təsərrüfatların qurulması üçün dövlət tərəfindən görülən tədbirlər isə aqrar sahənin dayanıqlı inkişafında mühüm amil olub. Məhz bütün bu məcmu amillərin təsiridir ki, bu gün pandemiyanın tüğyan etdiyi bir dövrdə Naxçıvandan dünyaya kənd təsərrüfatı məhsulları ixrac edə bilirik.
– Bəs pandemiyadan sonrakı dövrdə kənd təsərrüfatının inkişafı üzrə hansı prioritetlər gözlənilir?
– Şübhəsiz, pandemiya iqtisadi və sosial həyatda bir çox dəyişikliklərə də səbəb oldu. Bu, eləcə də kənd təsərrüfatına da yeni baxış formalaşdırdı. Artıq yeni dünyada insanların sağlamlığının qorunması üçün dövlətlərin görəcəyi tədbirlər arasında kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritet olacaq. Ayrıca olaraq hər bir vətəndaşın keyfiyyətli qidalara fiziki və iqtisadi çıxış imkanlarının təmin olunması, əsas ərzaq malları üzrə ixracdan asılılığın azaldılması, ərzaq məhsullarının mövsümi, hava və digər amillərlə bağlı olan risklərdən qorunması üzrə aqrar sığortanın təkmilləşdirilməsi də gələcəkdə diqqətdə saxlanılacaq. Bu, muxtar respublikamızda əvvəl də belə olub, qarşıdakı dövrdə də kənd təsərrüfatına yönəlmiş dövlət qayğısının əsas istiqaməti olacaq. Ötən ay Naxçıvanda “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub”.
– Müsahibə üçün sağ olun!

 Əli CABBAROV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR