02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açaraq “Elektron nəzarət portalı”nın istifadəyə verilməsinin tikinti-quraşdırma işlərinin dəyərinin hesablanması baxımından mühüm əhəmiyyət kəsb etməsindən danışıb. Qeyd edilib ki, portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən ­tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.

Sonra Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərinin maliyyələşməsində aparılan nəzarət tədbirləri barədə danışıb. Nazir müavini qeyd edib ki, nazirlik 2017-ci ildən Dövlət satınalmalarına nəzarət sektoru vasitəsilə muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin maliyyələşdirilməsinə nəzarəti həyata keçirir. 2019-cu ildə aparılan nəzarət tədbirləri nəticəsində büdcə vəsaitləri hesabına satın alınan inventar, avadanlıqların bazar dəyəri ilə realizə edilməsinə və 2 milyon 800 min manatdan çox vəsaitə qənaət edilməsinə nail olunub.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində tikinti-quruculuq işlərinin dəyərinin ödənilməsi üçün sənədlərdə bəzən bilərəkdən, bəzən isə texniki səhvliklər ucbatından artıq vəsaitlərin sərf olunduğunu, qiymət intizamına riayət edilmədiyini vurğulayan Həsən İsmayılov təkcə 2019-cu ilin son aylarında aparılan yoxlama ilə 260 min manatdan çox maliyyə vəsaitinin əsassız xərcləndiyinin aşkarlanmasını və müvafiq quruma həmin məbləğdə vəsaitlərin təqsirli şəxslərdən tutularaq bərpa edilməsi üçün məktub ünvanlandığını bildirib.
Daha sonra qeyd edilən nöqsanların profilaktikası məqsədilə hazırlanmış “Elektron nəzarət portalı”nın tətbiqi, sistemin iş prinsipi və üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, portal Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2020-ci il üçün “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsi vəsaiti hesabına alınan tikinti, santexnik və elektrik işlərinin smeta qiymətləri kitabı”nda əks olunmuş qiymətlərin elektron versiyası ilə təchiz edilib. Mal-material, iş və xidmətlər “forma 2” sənədlərinə yalnız bazaya müəyyən edilmiş qiymətə daxil edilə biləcək ki, bununla həm qiymətinə baxılmamış, həm də təsdiq edilmiş, lakin təhrif olunaraq və ya texniki səhvlik ucbatından yüksək qiymətə yazılmış (əvvəllər belə faktlar olmuşdur) mal-material, iş və xidmətlərin mövcudluğu riski sıfra endiriləcəkdir.
Vurğulanıb ki, sistemin tətbiqi hər hansı tikinti obyektinə, hətta tikinti obyektində bölmələrə maliyyə vəsaitlərinin sərfi, sərf olunan tikinti materiallarının sayı, əlavə edilməsi zəruri olan yeni mal-materialların siyahısı və digər məsələlər haqqında mükəmməl və dəqiq statistik hesabatların əldə olunmasına şərait yaradacaqdır. Artıq 2020-ci il üçün tikintisi nəzərdə tutulan və həyata keçirilən bütün obyektlər nəzarət portalına əlavə edilmişdir. Bununla real vaxt rejimində tikintisi aparılan obyektlərə çəkilən xərclər, tikinti materiallarının istifadəsinə dair ani hesabatlar almaq mümkündür.
Qeyd edək ki, portala yalnız Naxçıvan Muxtar Respublikasından daxil olmaq mümkündür və sistemə daxil olmasına icazə verilən bütün subyektlər Maliyyə Nazirliyi tərəfindən istifadəçi adı və şifrə ilə təmin edilib. Sistem mümkün kiberhücumlardan tam mühafizə edilir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR