31 May 2020, Bazar

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndərin yolunun uğurla davam etdirilməsi sosial-iqtisadi inkişafın möhkəm təməlini yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah vardır. Sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin etmişdir”. 

Şübhəsiz ki, qazanılan uğurların əsasında dayanan faktorlardan biri də qəbul olunan dövlət proqramlarının uğurla icra edilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəldilmişdir.

Dövlət proqramında yerli iqtisadi potensialın gücləndirilməsi, əsas ərzaq məhsulları ilə təminatın yaxşılaşdırılması, ekoloji təmiz məhsul istehsalının inkişafının dəstəklənməsi, sahibkarlığın inkişafının gücləndirilməsi, məşğulluğun artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi çox sayda istiqamətlər müəyyənləşdirilmiş, 98 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. Həmin tapşırıqların icrası 2020-ci ilin yanvar-mart aylarında diqqətdə saxlanılmış, sahibkarlıq subyektlərinin ixrac fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər görülmüş, muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə ailə təsərrüfatı məhsullarının göndərilməsi və 4 ixrac əməliyyatı üzrə 7 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir. Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 4 milyon 853 min 500 manat həcmində kreditlər verilmişdir. Özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi istiqamətində təşviq tədbirləri davam etdirilmiş, 1 layihə üzrə 92 min 911 manat dəyərində təsdiqedici sənəd verilmişdir. Müxtəlif ölkələrin nümayəndələri ilə keçirilmiş 3 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 4 sahibkarlıq subyektinin 17 nümayəndəsinin iştirakı təmin olunmuşdur.

2020-ci ildə nəqliyyat infra­strukturu obyektlərinin adlarını, daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanmasının davam etdirilməsi məqsədilə 20 obyektdə quraşdırılacaq ünvan lövhələrinin, giriş nömrə nişanlarının sayı müəyyənləşdirilmiş, torpaqların kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində 3 min 458 daşınmaz əmlak obyekti plana alınmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında uzunluğu 3300, eni 60 metr, ümumi sahəsi 250 min kvadratmetr olan uçuş-enmə zolağının tikintisi başa çatdırılmışdır. Geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verən yeni zolağa fevral ayında test-sınaq məqsədilə ilk hava gəmisi endirilmişdir.
Muxtar respublikamızda gömrük orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət proqramına uyğun olaraq yanvar-mart aylarında gömrük orqanlarının maddi-texniki bazasının gücləndirilməsi davam etdirilmiş, Şahtaxtı gömrük-keçid məntəqəsində 1, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsində 2 rentgen yoxlama-baxış qurğusu quraşdırılmışdır. Pandemiya ilə bağlı Sədərək və Culfa Gömrük idarələrində, ümumilikdə, 2 stasionartipli dezinfeksiya bariyeri, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsində və Şahtaxtı Gömrük İdarəsində 2 məsafədən istilikölçən termovizor quraşdırılmış, vətəndaşların Naxçıvan Muxtar Respublikasına daxil olan zaman hərarətlərinin ölçülməsi məqsədilə 11 ədəd əl üçün məsafədən termometr alınmışdır.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı aparılan iqtisadi siyasətin əsas prioritetlərindəndir. Dövlət pro­qramında muxtar respublikada sənaye məhəllələrinin və yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı nəzərdə tutulan işlər ötən dövrdə davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə yaradılmasına başlanılan Şərur Sənaye Məhəlləsi muxtar respublikada sənaye sahəsində mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsinə mühüm töhfə verəcəkdir. Sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Yanvar-mart aylarında 1 korpusun tikintisi davam etdirilmişdir. Bununla yanaşı, Naxçıvan şəhərində qaynaq çubuğu, boya, Babək rayonunda plastik səbət istehsalı sahələrinin yaradılması, Kəngərli rayonunda mebel istehsalı sahəsinin genişləndirilməsi başa çatdırılmış, Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan bölməsinin, “Gənclər Yaşayış Kompleksi”nin qurulması, yun və təbii boyaq bitkilərinin tədarükü məntəqəsinin, odun kömürü istehsalı sahəsinin yaradılması, plastik kapsul və qapaq, unlu-qənnadı məmulatların istehsalı sahəsinin genişləndirilməsi, Babək rayonunda tullantı yağların yenidən emalı, bərk sürtkü yağlarının istehsalı sahəsinin yaradılması, Kəngərli rayonunda yeni duz şaxtasının açılması, Şahbuz rayonunda spirtli içki, yeni mineral sular istehsalı sahəsinin yaradılması davam etdirilmiş, 1 istehsal sahəsinin fəaliyyətinin bərpasına nail olunmuşdur.

Kənd təsərrüfatı iqtisadi inkişafın əsas hərəkətverici sahəsi olmaqla yanaşı, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca şərtdir. Ona görə də muxtar respublikada bu istiqamətdə kompleks tədbirlər görülür, mütərəqqi metodlar tətbiq edilir, meyvəçiliyin inkişafına diqqət artırılır. Qəbul olunmuş dövlət pro­qramlarında bu məsələnin xüsusilə diqqətdə saxlanılması qarşıya yeni vəzifələr qoyur. Ötən dövrdə muxtar respublika ərazisində 44,4 hektar sahədə yeni meyvə bağları salınmış, 47 min 176 müxtəlif növ meyvə ting­ləri, 6 min 675 üzüm kolu əkilmişdir. Babək rayonunda 1 hektar ərazidə salınmış üzüm bağının fəaliyyətinin stimullaşdırılması, Culfa rayonunda 1 tingçilik sahəsinin yaradılması başa çatdırılmış, Şərur, Babək və Şahbuz rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması, Culfa rayonunda bağçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilmişdir.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 137 müxtəlif texnika və texnoloji avadanlıq alınmışdır. Muxtar respublikanın kəndlərində kiçikhəcmli emal müəssisələrinin yaradılması məqsədilə 7 layihəyə, ümumilikdə, 58 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Kənd təsərrüfatı məhsullarının markalanması məqsədilə 7 ailə təsərrüfatına müvafiq köməklik göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Son illərdə muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində irimiqyaslı layihələr icra olunmaqdadır. Bu layihələrin icrası nəticəsində tikilən müasir avtomobil yolları əhalinin rahat hərəkətini təmin etməklə yanaşı, həm də məhsulun vaxtında daşınmasına şərait yaradır. 2020-ci ilin ötən dövründə muxtar respublikamızda 11 kilometr avtomobil yolları yenidən qurularaq istifadəyə verilmiş, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir.
Müasir içməli su və kanalizasiya sistemlərinin qurulması insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Muxtar respublikanın yaşayış məntəqələrində bu tədbirlərin görülməsi sakinlərin rahat yaşayışına hesablanmışdır. Dövlət proqramında bu istiqamətdə vəzifələrin müəyyənləşdirilməsi məsuliyyəti daha da artırır. Ötən müddətdə yaşayış məntəqələrində 32 kilometr su, 8 kilometr kanalizasiya xətti çəkilmiş, 342 ev birləşməsi aparılmış və sayğac quraşdırılmışdır.
Muxtar respublikanın mövcud hidroenerji potensialından və Günəş enerjisindən istifadə etməklə ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli elektrik stansiyalarının tikintisi enerji təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın enerji tələbatının 60 faizdən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir. Birinci rübdə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması məqsədilə Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Ordubad rayonunda 36 meqavat gücündə Su Elektrik Stansiyasının tikintisi və Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücünün artırılması davam etdirilmişdir. Dövlət pro­qramının sığınacaqların və mülki müdafiənin digər obyektlərinin yaradılması ilə bağlı bəndinin icrası məqsədilə də işlər görülmüş, Şərur və Culfa şəhərlərində ictimai yaşayış binalarının zirzəmilərində təmir işlərinə başlanılmışdır.
Dəmir yolu sərnişin və yüklərin daşınmasında ən səmərəli nəqliyyat növüdür. Çünki yüklərin həcminə, sərnişinlərin sayına, maliyyə xərclərinin münasibliyinə, eyni zamanda daha təhlükəsiz daşınmalara görə dəmir yolu nəqliyyatının üstünlükləri çoxdur. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın uğurlu icrası dəmir yolunun inkişafı üçün də əlverişli imkanlar yaradır. Görülən işlərin davamı olaraq “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilmiş, cari təmir işləri aparılmış, yararsız vəziyyətdə olan 625 ağac şpal təzə ağac şpallarla əvəz edilmiş, stansiyalarda 16 yol dəyişənin izolyasiya dəsti dəyişdirilmiş və 28 izolyasiya calaqları yenisi ilə əvəz olunmuşdur.
Müasir mərhələdə informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Muxtar respublikamızda da sabit telefon şəbəkəsinin yeni nəsil telekommunikasiya sisteminə keçirilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Bu tədbirlərin həyata keçirilməsində “Evədək optika” layihəsinin icrası xüsusi əhəmiyyət kəsb edir. Layihə çərçivəsində 2020-ci ilin ötən dövründə 7 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş və GPON avadanlığı quraşdırılmışdır.
Dövlət proqramında nəzərdə tutulan infrastruktur obyektlərinin yaradılması, mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, bərpası və konservasiyasının davam etdirilməsi ilə bağlı tapşırıqlar da mühüm əhəmiyyət kəsb edir. Məhz bu tapşırıqların icrası istiqamətində birinci rübdə xeyli əsaslı işlər görülmüş, Ordubad rayonunun Vənənd kəndində baytar məntəqəsi və rabitə evi istifadəyə verilmiş, 432 şagird yerlik məktəb binasının yenidən qurulması, musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binasının, Darkənddə su dəyirmanının, Dəstə kəndində Radio və Televiziya Ötürücü Stansiyanın, Naxçıvan Neft Məhsulları Təminatı Müəssisəsinin Culfa rayonunda yanacaqdoldurma stansiyasının tikintisi, Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Buzxana abidəsinin bərpası başa çatdırılmışdır.
Əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi və rifahının yaxşılaşdırılması hər bir ölkə üçün ən vacib məsələdir. Xüsusilə qayğıya ehtiyacı olan vətəndaşların diqqətdə saxlanılması, onların problemlərinin həlli sosial siyasətin əsasını təşkil edir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial­-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər görül­məkdədir. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə, ümumilikdə, 6 ailəyə mənzillər təqdim edilmiş, 65 az­təminatlı ailənin özünüməşğulluğu təmin olunmuş, sağlamlıq imkanları məhdud 10 nəfər müvafıq iş yerlərinə göndərilmiş, ünvanlı dövlət sosial yardımı almaq üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 10 nəfər işlə təmin edilmişdir.
İqtisadiyyatın dinamik inkişafının səhiyyə sahəsinə də böyük təsiri muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Son 25 ildə Naxçıvan səhiyyəsi böyük inkişaf yolu keçmişdir. Bu gün muxtar respublikada əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Aparılan quruculuq işləri səhiyyə infrastrukturunu daha da müasirləşdirmişdir. Dövlət proqramına uyğun olaraq bu ilin ötən dövründə Naxçıvan Qarnizonunun Hərbi Xəstəxanasının, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin inzibati binasının, “Darıdağ Arsenli Su Müalicə” publik hüquqi şəxsin binasının, Şahbuz rayonunun Ağbulaq kəndində həkim ambulatoriyasının tikintisi, “Darıdağ” Termal Otelin, Ordubad Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Naxçıvan şəhər xəstəxanalarında, Şərur rayonunun Aralıq, Babək rayonunun Nehrəm, Cəhri kənd xəstəxanalarında, Culfa Rayon Mərkəzi Xəstəxanasında təmir işləri davam etdirilmişdir.

Dövlət proqramında nəzərdə tutulan tədbirlər sırasında təhsil quruculuğu xüsusi yer tutur. Ona görə də cari ilin ötən dövründə də bu sahədə silsilə işlər görülmüşdür. Belə ki, Şərur rayonunun Qarabürc, Muğancıq-Mehrab, Babək rayonunun Nəcəfəlidizə kəndlərində məktəb binalarının, Culfa Rayon Təhsil Şöbəsi üçün inzibati binanın tikintisi, Ordubad şəhərində 1 nömrəli və Nüsnüs, Şərur rayonunun Şəhriyar, Culfa rayonunun Camaldın kəndlərində məktəb binalarının yenidən qurulması, Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin, Memarlıq və mühəndislik, Konservatoriya, Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin binalarında, Naxçıvan Regional Peşə Tədris Mərkəzinin inzibati binasında təmir işləri davam etdirilmişdir.
Dövlət proqramının 2020-ci ildə uğurla həyata keçirilməsi qeyd edilən tapşırıqların icrasına nail olunmasında ən mühüm vasitə olacaqdır.

“Şərq qapısı”

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR