02 İyun 2020, Çərşənbə axşamı

Mühüm coğrafi mövqeydə və Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Мuxtar Рespublikası Azərbaycanın qədim meyvəçilik regionlarından biri hesab edilir. Ərazidə arxeoloji qazıntılar zamanı tapılanərik, şaftalı, alça və digər meyvə çəyirdəkləri tədqiqatçıların burada meyvəçilik tarixinin 3500 ildən çox olduğunu deməyə əsas verir. Tarixən burada olan təsərrüfat əhəmiyyətli yabanı meyvə bitkilərini bu gündə seleksiyaçılar yüksək qiymətləndirirlər. Hazırda bağlarda becərilən meyvə sortları ərazidə olan yabanı meyvə bitkiləri üzərində əsrlər boyu aparılmış xalq seleksiyasının məhsuludur.

Meyvəçilik əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən yüksələn xətt üzrə inkişaf etdirilir. Həmin dövrdə ümummili lider Heydər Əliyevin layiqli davamçısı cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbər seçilməsilə bu qədim diyarda kənd təsərrüfatının mühüm sektoru olan meyvəçiliyin inkişafında uğurlu mərhələ başlandı. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı meyvəçiliyin inkişafı üçün həlli vacib tədbirlər haqqında imzalanan sərəncamların, proqram və layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiqSərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərə­vəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunmuşdur. Qeyd edilən proqramların icrası zamanı muxtar respublikanın meyvə genefondunun qorunub saxlanması və genişləndirilməsi, aborigen meyvə sortlarının mütərəqqi üsullarla aparılan tədqiqatlar əsasında, sistemli şəkildə öyrənilməsi, həmçinin ərzaq təhlükəsizliyi baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunması, rəqabətə davamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensiv tipli meyvə bağları salınması, yeni texnoloji prinsiplərə əsaslanan meyvə emalı müəssisələrinin yaradılması xüsusilə diqqətdə saxlanılmışdır.

Qeyd edək ki, 1996-cı ildə 1995-ci illə müqayisədə 480 hektardan çox yeni meyvə bağı salınaraq meyvəçilik üzrə ümumi əkin sahəsi 1586 hektara çatdırılmışdır. 2001-ci ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 2248 ha olmuş, 2005-ci ildə isə bu bağların ümumi sahəsi 2746 ha çatmışdır ki, onların da 2424 hektarı barverən yaşda olmuşdur. Ötən dövrdəhər il meyvə bağlarının əkin sahələri artırılmışdır ki, bu da öz növbəsində istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərmişdir. 2009-cu ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 3727,3 hektara çatdırılmışdır ki, bu da 1995-ci illə müqayisədə 3,6 dəfə çoxdur. 2009-2013-cü illərdə məlum dövlət proqramının icrası dövründə muxtar respublikanın meyvə bağlarının əkin sahəsi 600,3 hektar genişləndirilərək 4327,6 hektar olmuşdur. 2011-ci ildə 4107,2 hektar olan meyvə bağlarının sahəsi 546,3 hektar artırılaraq 2015-ci ildə 4653,5 hektar təşkil etmişdir. 2014-2018-ci illərdə bağların sahəsi 672,7 hektar artırılaraq 5000,3 hektara çatdırılmışdır. 2018-ci ildə məhsuldarlıq 2014-cü illə müqayisədə 32 faiz artmışdır. 2019-cu ildə meyvə bağlarının ümumi sahəsi 1995-ci ildəkindən 4,7 dəfə çox artaraq 5156,5 hektar olmuşdur ki, bunun da 89,2 faizi barverən yaşda olmuşdur.

Müqayisə etsək görərik ki, 1996-cı ildə 1991-ci ilə nisbətən muxtar respublikada meyvə istehsalı 8 dəfə, məhsuldarlıq isə 12,2 dəfə artmışdır. 2014-cü ildə ümumi yığım 1996-cı illə müqayisədə 1,92 dəfə üstündür. 2015-ci ildə istehsal edilən məhsul 2014-cü illə müqayisədə 41 faiz artıb. Məhsul tədarükü üzrə ən yüksək göstərici 2018-ci ildə 55949 ton olub ki, bu da 1996-cı illə müqayisədə 3 dəfə çoxdur.

Vurğulamaq lazımdır ki, 2002-ci ilavqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə Naxçıvanda meyvəçiliyin elmi əsaslarla, sistemli şəkildə tədqiq edilməsinin əsası qoyulub. Tədqiqatların istiqaməti kimi keyfiyyətli, məhsuldar, xəstəliklərə davamlı sortların öyrənilməsi və seleksiya işlərində istifadə edilərək daim təkmilləşdirilməsi qeyd edilib. Unudulmaqda olan, “Naxçıvan sortları” adı ilə məhşurlaşmış onlarla meyvə sortlarının qorunması və öyrənilməsi məqsədilə Bölmənin Bioresurslar İnstitutunda meyvə genofondu bağı yaradılıb. Genofond bağında meyvə bitkiləri planauyğun olaraq əkilmiş, meyvəçilikdə qəbul edilmiş muasir metodikalar əsasında elmi araşdırmalar yerinə yetirilmişdir. Fəaliyyət dövründə AMEA Naxçıvan Bölməsində muxtar respublikada becərilən çəyirdəkli, tumlu, giləmeyvəli və digər meyvə bitkilərinə dair tədqiqatlar aparılıb, onların sistematik tərkibi müəyyənləşdirilib, genefondu qiymətləndirilib, zərərvericiləri öyrənilib.Qısa müddət ərzində yabanı alma və armudun növ və variasiyalarının təhlili verilib və Azərbaycan florası üçün iki növü ilk dəfə təqdim edilib, ərazidə becərilən üzüm, alma, armud, gilas, albalı genofondunun kompleks şəkildə tədqiqinə nail olunub. İndiyədək 178 üzüm, 104 alma, 63 gilas və 24 albalı sort və formasının genefondunu müəyyənləşdirilib, bioloji və pomoloji göstəriciləri tədqiq edilib.Meyvəçilik sahəsində kadr hazırlığına da xüsusi diqqət yetirilib, bir çox meyvələrə dair monoqrafiyalar, müasir becərmə üsullarının təbliği istiqamətində kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılıb.

Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertlərinin qiymətləndirmələrinə görə, dünya ərzaq təhlükəsizliyinin vəziyyətinin iki mühüm göstəricisindən biri adambaşına düşən istehsal həcmidir. 2012-2015-ci illəri əhatə edən müvafiq dövlət proqramında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatının adam başına 88,5 kiloqrama çatdırılması nəzərdə tutulsa da, bu vəzifə muxtar respublikada uğurla yerinə yetirilərək 115,6 kiloqrama çatdırılmışdır. Belə ki, Naxçıvanda bir nəfər üçün tələbat 2018-ci ildə 122,7 kq qeyd edilərək ən yüksək olmuşdur. Muxtar respublikanın hər bir nəfəri üçün il ərzində istehsal edilən meyvə 2019-cu ildə 1996-cı illə müqayisədə 2,1 dəfə çox olmuşdur.

Naxçıvan Muxtar Respublikasında uğurla icra olunmuş 2012-2015-ci və icrası bu ilin sonunadək davam etdirilən 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramları kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafında olduqca böyük əhəmiyyətə malikdir. Bu proqramlarda muxtar respublikada yüksək keyfiyyətli və məhsuldar meyvə bağlarının salınması, unudulmaqda olan meyvə sortlarının bərpası, ərazilər üzrə müvafiq meyvə sortlarının əkininə dair tövsiyələrin hazırlanması, əhalinin fasiləsiz olaraq meyvə ilə təmin edilməsi məqsədilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi, meyvə məhsullarının ixracının stimullaşdırılması öz əksini tapmışdır. Hər iki proqramın icrası Naxçıvanda uzun illərdən bəri təbii şəraitin, uzun müddət becərilmə və introduksiya olunmuş sortların hesabına xalq seleksiyası nəticəsində formalaşmış yüksək məhsuldarlığa malik yerli meyvə sortlarının bərpasına və seleksiya işlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Proqramların icrası əsasında Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində, Arazboyu düzənlik ərazilərdə meyvə və üzüm bağları da salınmışdır. Həmçinin Şərur rayonunun Kərimbəyli və Çərçiboğan kəndlərində süfrə sortlarından ibarət yeni üzüm bağı salınmış, Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılmışdır. Kəngərli rayonu ərazisində püstə bağı, rayonun Xok kəndi ərazisində yeni badam bağı salınmışdır. Muxtar respublikada bar verən meyvə bağlarının ümumi sahəsi 2012-ci ildəki 3143,4 hektardan artırılaraq 2015-ci ildə 4013,4 hektara çatdırılmışdır. Ümumiyyətlə, 1996-cı ilə nisbətən 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında meyvə bağlarının ümumi sahəsi 4,6 dəfə, barverən meyvə bağlarının sahəsi 4,9 dəfə, meyvə istehsalı 71,6 dəfə, hektardan məhsuldarlıq 14,5 dəfədən çox artmışdır.

Qeyd edək ki, ötən dövrdətingçiliyin inkişafına da xüsusi diqqət yetirilmişdir. 2012-2015-ci illər ərzində muxtar respublika üzrə 751 hektar ərazidə 660 minə yaxın ting əkilmişdir. Regionun torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələri yaradılmışdır. Şərur və Babək rayonlarında müxtəlif meyvələrin məhsuldar sortlarından ibarət tinglər yetişdirilmişdir. Culfa rayonunun Dizə kəndində tingçilik təsərrüfatı yaradılmış, Şahbuz rayonunda mövcud tingçilik təsərrüfatının fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ildə püstə bağında 12 hektar sahədə 1250 dibçəkdə yetişdirilmiş püstə fidanı, 10 hektar sahədə isə püstə tingi vasitəsilə bərpa işləri aparılmışdır.

 Görülən işlərin nəticəsidir ki, 2019-cu ildə meyvə bağlarının 89,2 faizi barverən yaşda olmuşdur. Məhsulverən meyvə bağlarının ən çoxu Şərur rayonunun (1294,5 hektar) payına düşür. Buna müvafiq olaraq muxtar respublikada istehsal olunan meyvənin çox hissəsi (38,9 faizi) Şərur rayonundan tədarük edilmişdir. Rayonun meyvə bağlarında hektardan məhsuldarlıq ən yüksək göstərici (156,2 sentner) olmuşdur. Şahbuz rayonunda barverən meyvə bağlarının sahəsi (759,4 hektar) və bu bağlardan istehsal edilən məhsul (8026 ton) Şərur rayonu istisna olmaqla, digərlərindən üstün göstəriciyə malikdir. Babək rayonunda meyvə bağlarının sahəsi nisbətən az (498 hektar) olsa da, hektardan məhsuldarlıq yüksək (135,2 sentner) olmuşdur.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri demişdir: “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Xatırladaq ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmiş, bu ildə ildə meyvə bağlarının əkilməsilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına köməklik edilmiş, təsərrüfat sahiblərinə pulsuz olaraq meyvə və meşə tingləri verilmiş, mütəxəssis dəstəyi göstərilmişdir. Yaradılan əlverişli şəraitin və göstərilən dövlət qayğısının nəticəsidir ki, yeni yaradılan 13 ailətəsərrüfatı tərəfindən ümumilikdə,19,8 hektar(meyvə-17,3 hektar, üzüm-2,5 hektar) sahədə meyvə və üzüm bağları salınmışdır. Bununla yanaşı, meyvəçiliyin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də tədarük olunan meyvənin saxlanılmasıdır. Bu məqsədlə ötən dövrdə  muxtar respublikada ümumi tutumu 15 min 945 tonolan 38 soyuducu anbar yaradılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün Naxçıvan əhalisinin meyvə məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir.

Ümumiyyətlə, muxtar respublikada bu sahədə əldə olunan nailiyyətlər onu göstərir ki, dövlət qayğısı nəticəsində digər sahələr kimi meyvəçilik də davamlı inkişaf yolundadır.

Orxan BAĞIROV

AMEA Naxçıvan Bölməsi

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR