25 May 2020, Bazar ertəsi

Müasir və dayanıqlı iqtisadiyyatın yaradılması üçün sənayenin inkişafı əsas şərtdir. Sənaye maddi nemətlərin hasil edildiyi və bu nemətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının emalının həyata keçirildiyi mühüm fəaliyyət sahəsi olub iqtisadiyyatın lokomotivi rolunu oynayır.

Son dövrlər muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılmış, rəqabətədavamlı və ixracyönlü yeni məhsul növlərinin istehsalını həyata keçirən müəssisələr fəaliyyətə başlamışdır. Əldə olunmuş uğurlar istehsalın şaxələndirilməsinə, enerji və ərzaq təhlükəsizliyinin, eyni zamanda səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına yeni imkanlar yaratmışdır.
İlk dəfə 2019-cu ildə muxtar respublikada sənaye məhsulunun dəyəri bir milyard manatı ötmüşdür ki, bu da 2010-cu ildəki göstəricidən 3,2 dəfə çoxdur.

Sənaye məhsulu, min manat

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesi, 94,1 faizi emal sənayesi, 5,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 0,4 faizi isə su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi müəssisələrində istehsal olunmuşdur.

2019-cu ildə sənaye məhsulunun 5,9 faizi dövlət, 94,1 faizi isə qeyri-dövlət sektorunda qeydə alınmışdır. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 faiz təşkil etmişdir.
Muxtar respublikada 2019-cu ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunmuşdur. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 faiz təşkil etmiş və sıralamada 3-cü yerdə olmuşdur.
Bu dövr ərzində hər bir nəfərə düşən sənaye məhsulu 2216,8 manat təşkil etmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur.
2019-cu ildə istehsal edilmiş sənaye məhsulunun 955 milyon 707 min 300 manatı emal sənayesində qeydə alınmışdır ki, bu da 2010-cu ildəki göstəricini 3,4 dəfə üstələmişdir.

Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmiş, 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası və 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının inkişafına stimul yaratmışdır.
Sənayenin inkişafı istiqamətində 2019-cu ildə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 10 milyon 944 min 900 manat kredit verilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 1,5 dəfə çoxdur.

Bu sahənin dinamik inkişafı bu sektorda işləyənlərin say tərkibinin davamlı artımına müsbət təsir göstərmişdir. 2019-cu ildə sənaye sektorunda 16763 nəfər işçi çalışmışdır ki, bu da 2010-cu ildəki göstəricidən 30,4 faiz çoxdur. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2010-cu ildəki göstəriciyə nisbətən 40,9 faiz artaraq 416 manat təşkil etmişdir.
Cari ilin ötən dövründə muxtar respublikada sənayenin inkişafı istiqamətində Şərur Sənaye Məhəlləsinin, yeni duz şaxtasının, mineral sular zavodunun, elektrik enerjisi istehsalı üzrə sahələrin, o cümlədən bərk sürtkü yağlarının, tullantı yağlarının yenidən emalı, odun kömürü, meyvə-tərəvəz məhsullarının qablaşdırılması üzrə taraların istehsalı sahələrinin yaradılması davam etdirilmişdir.
Yeni məhsul növlərinin istehsalının təmin olunması sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, muxtar respublikanın ixrac potensialının artırılmasına müsbət şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilmişdir.
Muxtar respublikada yerli istehsalın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət sənayeləşmə prosesinin daha da sürətləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə, ixrac imkanlarının genişlənməsinə yeni üfüqlər açmaqdadır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR