31 Mart 2020, Çərşənbə axşamı

Tarixi mənbələrdən məlumdur ki, çox qədim dövrlərdən taxılçılığın inkişaf etdiyi Azərbaycanda hələ Neolit dövründə taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə olunub. Bu əl dəyirmanlarını sonradan su və yel dəyirmanları əvəz edib. Dəyirmanların inkişafı və təkmilləşməsi əmək məhsuldarlığının yüksəlməsi və dənin üyüdülməsinin yaxşı­laşması ilə nəticələnib. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Lakin muxtar respublikamızda bu gün də su dəyirmanlarından geniş istifadə edilir. Bu da o deməkdir ki, diyarımızda qədim məişət ənənələri qorunub yaşadılır.

Naxçıvan Muxtar Respublikasında taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi daim diqqətdə saxlanılır. Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilib. Bunun da 31 min 667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıl olub. Taxıl zəmilərinin 24 min 729 hektarında buğda, 8579 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artıb. 2019-cu ildə taxıl zəmilərindən 102 min 984 ton məhsul tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 5295 ton çoxdur.

Qayıdaq söhbətimizin əvvəlinə. Muxtar respublikamızda tarixi-mədəni irsimizin bir parçası, milli məişətimizin ayrılmaz hissəsi kimi su dəyirmanlarının bərpası diqqət mərkəzində saxlanılır. Belə dəyirmanlardan biri də Ordubad rayonunun Darkəndindədir.
Məlumat üçün bildirək ki, Darkənd Aza kənd inzibati ərazi dairəsinin tərkibindədir, bir-birinə bitişik yaşayış məntəqələridir. Deyilənə görə, buradakı dəyirman, təxminən, ötən əsrin 40-cı illərində tikilib. Uzun illər Darkənd sakinlərinin istifadə etdikləri dəyirman 2000-ci ilin əvvəllərində camaatın vəsaiti ilə qismən təmir olunsa da, ondan uzun müddət istifadə etmək mümkün olmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2019-cu ildə milli-mədəni və tarixi dəyərlərimizə qayğının ifadəsi kimi dəyirmanın yenidən qurulmasına başlanılıb, cari il yanvar ayının 13-də isə istifadəyə verilib. Qeyd edək ki, bu, muxtar respublikada bərpa olunan beşinci su dəyirmanıdır.

Biz də dəyirmanın yenidən qurulması ilə bağlı kənd sakinlərinin fikirlərini öyrəndik. Ağsaqqallardan Hüseyn Süleymanovla həmsöhbət olduq. O bildirdi ki, Ordubad rayonunda əkinçilik yerli əhalinin başlıca məşğuliyyət sahələrindəndir. Taxılçılıq isə əkinçiliyin əsasını təşkil edir. Hər il zəmilərdən bol məhsul əldə olunur. Darkənddə də taxılçılıq inkişaf edir. Əkin yerlərindən yaxşı məhsuldarlığa nail olan torpaq mülkiyyətçilərinin üz tutduqları yerlərdən biri də su dəyirmanlarıdır. Dəyirmanlar xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilir. Vaxtilə kəndimizdəki dəyirmandan qonşu kəndlərin sakinləri də istifadə ediblər. Darkənd su dəyirmanının yenidənqurmadan sonra istifadəyə verilməsi bütün kənd sakinlərini sevindirir. Çünki bu dəyirmanda istehsal olunan un kənd sakinlərinin tələbatını ödəyəcək, onların yaşayışına müsbət təsirini göstərəcək.
Digər kənd sakini Rəhim Allahverdiyev isə dedi ki, dənin üyüdülməsinin sürəti suyun gurluğundan və daşların diametrindən asılıdır. Dəyirmana su kanalının çəkilməsi də işimizi asanlaşdırıb. Su dəyirmanında üyüdülən undan bişirilən çörək daha dadlı və ətirli olur. Digər tərəfdən, belə dəyirmanlarda əldə olunan undan bişirilən çörək keyfiyyəti ilə yanaşı, insan orqanizmi üçün də çox faydalıdır. Su dəyirmanının yenidən istifadəyə verilməsi digər yaxın kəndlərin sakinlərinə də ondan yararlanmaq üçün geniş imkan açıb.
Ruzi-bərəkət, halallıq rəmzi kimi müqəddəs sayılan su dəyirmanları haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Bu gün müstəqil ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Çünki hər bir tarixi-mədəni abidə xalqımızın milli sərvəti, onun tarixini və qədim mədəniyyətini yaşadan nümunədir. Buna görə də muxtar respublikamızda tarixi-mədəni abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xalqımızın tarixi-mədəni dəyərlərini qorumaq vacib məsələdir. Hər bir ölkənin keçmişi həm də onun abidələrində yaşayır…”
Dəyirmanlarımız bərəkət ocağı, ruzi mənbəyi, bizə ulu babalarımızın yadigarıdır. Darkənddəki bu yadigar da tariximizə böyük ehtiramın bariz ifadəsi kimi artıq ikinci “ömrünü yaşamaqda”, kənd sakinlərinə öz töhfəsini verməkdədir. Onu qoruyub saxlamağı və gələcək nəsillərə çatdırmağı isə dəyirmandan istifadə edənlər özlərinin mənəvi və vətəndaşlıq borcu hesab edirlər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR