31 Mart 2020, Çərşənbə axşamı

Makroiqtisadi sabitliyin qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri, şübhəsiz, bank sektorunun dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ötən ilin yekunları da kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasında müsbət nəticələr əldə olunduğunu təsdiq edir.

Aparılan təhlillər göstərir ki, ötən il banklar qarşısındakı mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Belə ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən aldığımız məlumata əsasən muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 31 dekabr 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşunun həcmi 171 milyon 191 min manata çatıb. Bu kreditlərin 6 milyon 240 min manatı qısamüddətli, 164 milyon 951 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Verilmiş kreditlərin 12 milyon 434 min manatı kənd təsərrüfatı, 10 milyon 945 min manatı sənaye, 3 milyon 703 min manatı tikinti, 6 milyon 289 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinə, 105 milyon 333 min manatı digər kommunal, sosial və istehlak kreditlərinə yönəldilib. Kredit qoyuluşuna sahələr üzrə nəzər saldıqda, 8,7 faizlə kənd təsərrüfatı, 7,6 faizlə sənaye sahələrini görə bilərik. Kənd təsərrüfatı üzrə verilmiş kreditlərə gəldikdə, burada bitkiçilik məhsulları istehsalına 1 milyon 321 min manat kredit verilib ki, bu da 2018-ci ilin yekunları ilə müqayisədə, təxminən, 2,8 dəfə çoxdur. Heyvandarlıq məhsulları istehsalını artırmaq üçün ötən il 9 milyon 983 min manata yaxın kredit verilib ki, bu da bir il əvvəlki rəqəmlə müqayisədə 2 dəfəyə yaxın artıqdır. Ümumilikdə, bu sahələrlə yanaşı, 2018-ci illə müqayisədə daha çox kredit verilmiş sahələr arasında tikinti üçün, təxminən, 5 dəfə, taxılçılıq üçün isə, təxminən, 6 dəfə çox kreditlər verildiyini deyə bilərik.
Ötən ilboyu muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 83,7 faizlə özəl bankların üstünlük təşkil etdiyini görürük. Bunlardan sonrakı yerləri 12,6 faizlə dövlət bankları, 3,7 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Ötən dövr “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’a uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının qeyri-nağd ödənişlərin həcminin artırılması istiqamətində gördüyü işlər də uğurlu olub. Belə ki, muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 575-i Naxçıvan şəhərində, 703-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1278-ə çatdırılıb. Elektron ödəniş alətlərindən istifadəyə yaradılmış şərait və aparılan maarifləndirmə işləri sayəsində nağdsız ödənişlərin həcmində artım dinamikası qorunub saxlanılıb. 2019-cu ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. Nəticədə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da müəyyən işlər görülüb. Belə ki, 31 dekabr 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 789 min manat, o cümlədən milli valyuta ilə 8 milyon 833 min, xarici valyuta ilə 956 min manat həcmində təşkil edib. Bir il əvvəlki dövrlə müqayisədə banklara qoyulan əmanətlərin həcmində milli valyuta ilə sürətlə artım, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcmində isə sürətlə azalma dinamikasının olduğunu görürük.
Təhlil olunan göstəriciləri və dünya iqtisadiyyatında baş verən proseslərlə mövsümi faktorları da nəzərə alsaq, ümumilikdə, muxtar respublikada bank sektorunda maliyyə dayanıqlılığının təmin olunduğunu qeyd etmək mümkündür. Əldə olunmuş nəticələr 2020-ci ildə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulmuş elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması kimi vəzifələrin uğurla həll olunacağını proqnoz etməyə imkan verir.

 Əli CABBAROV

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR