17 Fevral 2020, Bazar ertəsi

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaratmışdır.

Muxtar respublikada 1 yanvar 2020-ci il tarixə əhalinin sayı 2009-cu ilin sonu ilə müqayisədə 57,2 min nəfər artaraq 459,6 min nəfər olmuşdur. Ümumi əhalinin 94,5 mini Naxçıvan şəhərində, 117,6 mini Şərur, 76,2 mini Babək, 50,2 mini Ordubad, 47 mini Culfa, 32,8 mini Kəngərli, 25,3 mini Şahbuz, 16 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.
Əhalinin 229,6 min nəfərini kişilər, 230 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.
Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olmuşdur ki, bu da 2009-cu ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 493 nəfər düşür.
Ötən il muxtar respublikada 5415 körpə doğumu qeydə alınmışdır. Doğulanların 2853-nü və ya 52,7 faizini oğlanlar, 2562-ni və ya 47,3 faizini isə qızlar təşkil etmişdir. Doğulan uşaqlardan 64-ü əkiz olmuşdur. 2019-cu ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qızlarda isə Fatimə, Nilay, Zəhra, Məryəm və Zeynəb adları üstünlük təşkil etmişdir. Ümumilikdə, son 10 ildə muxtar respublikada 77 min uşaq doğulmuşdur.
2019-cu ildə muxtar respublikada 2656 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,3, qadınlarda isə 24 yaş təşkil etmişdir. 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək muxtar respublikada 29,7 min nikah qeydə alınmışdır.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salmışdır. Muxtar respublikada 2009-cu ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,3 nəfər olmuşdursa, 2019-cu ildə bu göstərici 4,5 nəfər təşkil etmişdir. Qeydə alınmış bu göstərici ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.
1 yanvar 2020-ci il tarixə muxtar respublikada gənclərin sayı 141,6 min nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.
Muxtar respublikada insan amilinə verilən dəyər, sağlam ailə – sağlam cəmiyyətin formalaşdırılması istiqamətində aparılan uğurlu siyasət bundan sonra da əhalinin demoqrafik göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR