24 Fevral 2020, Bazar ertəsi

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçmişdir. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həmin dövrdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. 

 Son illərdə yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırmış, idxalın həcmini isə azaltmışdır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilmişdir. Həmin Sərəncamda deyilir: “Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir”.

Müstəqilliyin ilk illərində muxtar respublika iqtisadiyyatı xeyli dərəcədə idxaldan asılı idi. Sovetlər Birliyi dövründə iqtisadi əlaqələr bəzən düzgün qurulmadığından, ikili siyasət aparıldığından regionlara, onların iqtisadi inkişafına lazımi diqqət yetirilmirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra – XX əsrin 70-ci illərində bu prosesə lazımi diqqət göstərilmiş, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün bir sıra tarixi qərarlar qəbul olunmuşdur. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən xarici iqtisadi əlaqələrin əsasını yaratmış, ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra bu işi müstəqil dövlət quruculuğu istiqamətində daha böyük qətiyyətlə davam etdirmişdir. İqtisadiyyatın inkişafı və qarşıya çıxan problemlərin həlli xarici iqtisadi, eləcə də xarici ticarət əlaqələrinin necə qurulmasından asılıdır. Ona görə də müasir dövrdə xarici iqtisadi əlaqələr iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bəhs olunan dövrdə yaxın xarici dövlətlərlə iqtisadi əlaqələrin qurulmasında ümummilli liderimizin müstəsna rolu olmuşdur. Naxçıvanda işlədiyi zaman ulu öndərin qonşu və qardaş Türkiyə ilə qurduğu əlaqələr diyarımızın taleyi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Görkəmli dövlət xadiminin 1992-ci ilin martında Türkiyə Cümhuriyyətinə, həmin ilin avqustunda İran İslam Respublikasına səfərləri, səfər zamanı imzalanmış əməkdaşlıq protokolları Naxçıvanın iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Sonrakı illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət pro­qramları regionlarda əlverişli investisiya mühiti yaratmış, infrastruktur yenilənmiş, sahibkarlıq genişlənmiş, xarici iqtisadi əlaqələrin coğrafiyası artmış, müasirtipli istehsal müəssisələri yaradılmışdır. 2003-cü illə müqayisədə 2008-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 5 dəfə artmışdır. Bu müddətdə sənayedə 9, kənd təsərrüfatında 2, əsaslı vəsait qoyuluşlarının həcmində isə 5 dəfə artım müşahidə edilmişdir. 2009-cu ilin birinci yarımilində isə ən yüksək göstərici xarici ticarət sektorunda baş vermişdir. 1995-ci ildə 1 milyon 937 min, 2009-cu ilin altı ayı ərzində isə 49 milyon 354 min 900 ABŞ dolları həcmində ixrac olmuşdur. Beləliklə, muxtar respublikada ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. 2010-cu və sonrakı illərdə də bu proses uğurla davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi və bu istiqamətdə gördüyü işlər, nəticə etibarilə, muxtar respublikada iqtisadi inkişafa, rəqabətqabiliyyətli məhsulların istehsalına və ixrac potensialının artmasına səbəb olmuşdur.
Sənaye müəssisələrinin yaradılması, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni elektrik stansiyalarının qurulması həm sənaye mallarının, həm də elektrik enerjisinin ixracını təmin etmişdir. 2003-cü ildə muxtar respublikada 66 sənaye müəssisəsi, 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, 2019-cu ildə müvafiq olaraq onların sayı 442 və 9-a çatmışdır. Əgər 2003-cü ildə muxtar respublikaya 949 milyon ­kilovat-saat elektrik enerjisi idxal olunmuşdursa, 2018-ci ildə 32,4 milyon kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur. Xarici ticarət dövriyyəsi ilbəil artmış və ixrac idxalı üstələmişdir. 2015-ci ildə 512 milyon 354 min 500 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bunun da 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını isə idxal təşkil etmişdir. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 2015-ci ildə 26,9, o cümlədən ixracın həcmi 213,9 dəfə artmışdır. 2015-ci ildə xarici ticarətdə 316 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal məhsulları ilə yaxın və uzaq ölkələrin bazarlarına yol tapması, xarici ölkələrin sahibkar­larının maraq dairəsinə çevrilməsi, yerli sahibkarlığın inkişafı muxtar respublikanın xarici ticarət dövriyyəsinin dinamik artımını təmin etmişdir. Aparılan sənayeləşmə və ­ixracyönlü məhsul istehsalı uğurlu nəticələr vermiş, 2009-cu ildən başlayaraq ixracın həcminin idxalı üstələməsi sonrakı illərdə də davam etmişdir. 2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil etmiş və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bu gün artıq Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişafa malik, ixrac imkanlarını hər il daha da artıran müasir bir diyar kimi nüfuzlu beynəlxalq qurumların, investorların da diqqətini cəlb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinə görə Naxçıvan Muxtar Respublikası 2 il ard-arda ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olmuşdur. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaratmışdır. İstər ölkəmizdə, istərsə də xaricdə keçirilən beynəlxalq iqtisadi tədbirlərdə, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslarda naxçıvanlı sahibkarların iştirakı da muxtar respublikanın ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər keçirilmiş 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 1000-dən çox nümayəndə iştirak etmiş, 500-dən çox çeşiddə məhsul Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Türkiyə, Belarus, Avstriya, Polşa, İran və digər ölkələrdə nümayiş olunmuşdur.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına məxsus şirkətlər tərəfindən istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə də ixrac olunur. Holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz filiallarını açaraq xarici bazarlarda təmsil olunmağa başlamış, Rusiyanın Moskva, Türkiyənin İqdır şəhərlərində yeni satış mərkəzləri yaradılmışdır. Bunlarla yanaşı, Bakı, Gəncə, Masallı, Quba, Goranboy və Şəki şəhərlərində xidmət sahələri açılmışdır.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı demişdir: “İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə uğurludur. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizindən çoxu ixracın payına düşmüşdür”.
Muxtar respublikamız bütün istiqamətlər üzrə böyük nailiyyətlər qazanmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvanda aparılan irimiqyaslı quruculuq tədbirlərini, sosial-iqtisadi inkişafdakı davamlı və sürətli dəyişiklikləri yüksək qiymətləndirmişdir: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Bütün bunlar bir daha göstərir ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafı davamlı olduğu kimi, onun ixrac potensialı da ilbəil artmaqdadır.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR