28 Oktyabr 2020, Çərşənbə

Nəqliyyat xidməti bir ölkənin, diyarın iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdəndir. Bu baxımdan muxtar respublikamızda da lazımi tədbirlər həyata keçirilir, əhalinin rahat hərəkətini, yüklərin vaxtlı-vaxtında, keyfiyyətlə daşınmasını təmin etmək üçün avtomobil, dəmir yolu və hava nəqliyyatının müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirilir.

Həyata keçirilən infrastruktur quruculuğu və tətbiq olunan yeniliklər 2019-cu ili də əhatə edib. Belə ki, göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqələrini genişləndirmək məqsədilə 2019-cu ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus mar­şrutunda gecə reysləri fəaliyyətə başlayıb. Bundan əlavə, əldə olunan razılığa əsasən ötən ilin iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılıb ki, bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına geniş imkanlar yaradıb.
Ötən il Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən 2019-cu il avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Həmçinin bu dövrdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib. Dəmir yolu təsərrüfatına bir ədəd teplovoz gətirilib, Ordubad, Culfa və Kəngərli rayonlarının ərazilərində sahilbərkitmə işləri həyata keçirilib.
Nəqliyyat sektorunun inkişafı istiqamətində atılan addımlar daşımaların kəmiyyət və keyfiyyətinə də müsbət təsir göstərib. Belə ki, 2019-cu ildə muxtar respublikada nəqliyyat sektorunda 2018-ci illə müqayisədə yük daşınması 2, sərnişin daşınması isə 1,2 faiz artıb. Yük və sərnişin daşınmasından, ümumilikdə, 58 milyon 715 min 100 manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.

 Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR