31 Mart 2020, Çərşənbə axşamı

Muxtar respublikada səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmış, ümumi inkişafı daha da sürətləndirmişdir.

Görülmüş işlərin nəticəsi olaraq 2019-cu ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olmuşdur ki, bu da 2009-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə 2009-cu ilə nisbətən 2,5 dəfə artaraq 6201,5 manat olmuşdur.
2019-cu ildə ümumi daxili məhsulun tərkibində istehsalın payı 58,9 faiz təşkil etmişdir ki, 2009-cu ildə bu göstərici 45,6 faiz səviyyəsində olmuşdur. 2009-cu illə müqayisədə sənaye məhsulu 4,8, əsas kapitala yönəldilən vəsaitlər 2,5, kənd təsərrüfatı məhsulu 2,7, nəqliyyat sektorunda yük daşınması, informasiya və rabitə xidmətləri hər iki halda 1,7 dəfə artmışdır.
Əldə olunmuş uğurlu nəticə kimi 2010-cu ildən 2020-ci ilədək muxtar respublikada, ümumilikdə, 35 min 791 yeni iş yeri açılmışdır.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, 2009-cu ilin sonu ilə müqayisədə məşğul əhalinin sayı 20,2 faiz artaraq 2019-cu ilin sonuna 249 min nəfər olmuşdur. 2019-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 484 manatdan çox olmuşdur ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 1,8 dəfə çoxdur.
Muxtar respublikada 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması əhalinin özünüməşğulluğunun təmin edilməsinə yeni imkanlar yaratmaqla bərabər, yerli istehsalın həcmini daha da artırmışdır.
2019-cu ilin sonuna muxtar respublikada 126-sı ərzaq, 257-si qeyri-ərzaq olmaqla, 383 növdə məhsul istehsal olunmuşdur ki, bunun da 350-si və ya 91,4 faizi tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə imkan yaratmışdır. Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, ən əsası isə səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır.
İqtisadi fəaliyyətin bütün sahələrində açılmış yeni iş yerləri, əməkhaqlarının davamlı artımı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və özünüməşğulluğun təmin edilməsi üzrə həyata keçirilən mühüm tədbirlər həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, alıcılıq qabiliyyətini artırmışdır. Belə ki, 2019-cu ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 3,6 dəfə artaraq 1 milyard 660 milyon 864 min 300 manat təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası hər bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Pərakəndə ticarət şəbəkəsində satılmış
məhsulların dəyəri, min manat

Pərakəndə ticarət şəbəkəsində satılmış malların 5,5 faizi ticarət təşkilatlarında, 20,2 faizi kənd təsərrüfatı məhsulları bazarlarında, 18 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkalarda, 56,3 faizi isə fiziki şəxslərdə qeydə alınmışdır. Pərakəndə ticarət şəbəkələrində satılmış istehlak mallarının 48,8 faizini ərzaq, 51,2 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlər 2009-cu illə müqayisədə 2,8 dəfə artaraq 243 milyon manata yaxın olmuşdur.
Bütün sahələrdə qazanılmış uğurlar dayanıqlı iqtisadi sabitliyin və davamlı inkişafın təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR