09 Aprel 2020, Cümə axşamı

Sahibkarlığın inkişafı cəmiyyət həyatının ən mühüm istiqamətlərindəndir. Çünki bu inkişaf, sadəcə, biznes meyarları ilə ölçülmür. Sahibkarlıq inkişaf edirsə, ölkənin iqtisadi potensialı artır, potensial artırsa, ordumuz güclənir, ordu güclənirsə, dövlətin təhlükəsizliyi təmin olunur, nüfuzu yüksəlir, beynəlxalq müstəvidə dayaqları möhkəmlənir. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həqiqətən, iqtisadi gücü olan ölkə bütün sahələrdə nailiyyətlər qazanır, elmi, təhsili, mədəniyyəti inkişaf edir. Ən əsası iqtisadi qüdrəti olan dövlət öz müstəqilliyini qoruyub saxlayır, inkişaf etdirir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq” fikirlərinin təsdiqi ölkəmizin bugünkü inkişafında daha aydın görünür.

Təbii ki, dahi şəxsiyyətin sahibkar­lığa bu cür yanaşması ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması sahibkarlıq subyektlərinin sayının daha da artmasına gətirib çıxarmış, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlmişdir. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişafına göstərdiyi diqqət, qayğı və bu sahədə işgüzar mühitin yaradılmasıdır.

Sahibkarlığın inkişaf etdirilməsi Naxçıvan Muxtar Respublikasında da xüsusi diqqət yetirilən sahələrdəndir. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarların cəmiyyətin inkişafındakı rolunu hər zaman yüksək qiymətləndirməsi məxsusi xarakter daşıyır. Ali Məclis Sədrinin aşağıdakı fikirlərini sahibkarlıq anlayışının ən mükəmməl tezisi kimi də dəyərləndirmək olar: “Sahibkarlar cəmiyyətin ən təşəbbüskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir”.
Həqiqətən, sahibkarlar bütün dünyada cəmiyyətin ən təşəbbüskar təbəqəsi hesab olunur. Çünki onlar daim inkişaf etməyə, yeni təşəbbüslərlə çıxış etməyə həm meyilli, həm də məcburdurlar. Meyillidirlər ona görə ki, biznesdə stabil vəziyyət yoxdur, daim inkişaf etməlisən, əks halda, bazardan çıxmalı olacaqsan. Məcburdurlar ona görə ki, cəmiyyətin artan tələblərini təmin etməyin digər yolu, sadəcə olaraq, yoxdur. Bu artan tələblər isə təkcə bizim bildiklərimiz deyil, 5 il, 10 il bundan sonra istifadə (əşya, qida, xidmətlər və sair) edəcəklərimizdir. Bunları isə bizə innovativ ruhlu sahibkarlar çatdırırlar. Ən əsası isə sahibkarlar təkcə ənənəvi ehtiyacları ödəmir, həm də yaratdıqları yeniliklərlə cəmiyyəti arxasınca apara bilirlər. Əgər belə olmasaydı, insanlar hələ də ildən-ilə yeni funksiyalarla təmin olunan mobil telefonlar, avtomobillər, məişət əşyaları və sairlə tanış ola bilməyəcəkdi. Burada təbii olaraq maraqlı bir sual ortaya çıxır ki, bəs elm, təhsil bu prosesin hansı hissəsindədir? Cavab birdir: elm, təhsil istənilən yeniliyi bizə nəzəri olaraq verir. İstehsalat (yəni sahibkarların olduğu yer) isə bunu reallığa çevirir. Hətta bizneslə bağlı ədəbiyyatlarda belə bir məşhur deyim də var ki, güclü sahibkarlar elmi özü üçün “işlətməyi” bacarır və müasir dünyada bunun çox sayda nümunəsi var. Təsadüfi deyil ki, elm o zaman özünü doğruldur ki, o, cəmiyyət həyatında tətbiq olunsun, insanlara fayda versin. Məhz buna görə də Ali Məclis Sədrinin son illərdə muxtar respublikada elm və təhsilin inkişafı (xüsusilə yeni peşə təhsilli məktəblərin yaradılması, müvafiq ixtisasların hamiliyə verilməsi, elmi yeniliklərin istehsalatda tətbiqi və sair) sahəsində həyata keçirdiyi tədbirlər böyük mahiyyəti ilə seçilir. Paralel olaraq muxtar respublika rəhbərinin sahibkarlığın inkişafı sahəsində gördüyü işlər hər iki tərəfin qarşılıqlı fəaliyyətini uzlaşdırmaq baxımından böyük rol oynayır.
Vurğulamaq lazımdır ki, muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzində saxlanılır, hər il müxtəlif qurum və təşkilatların illik hesabatları ilə bağlı tədbirlər keçirilir. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şəxsən rəhbərliyi ilə keçirilən elə müşavirə və görüşlər də var ki, onlar məxsusi əhəmiyyət daşıyır. Təhsil, idman, kənd təsərrüfatı kimi vacib sahələrlə yanaşı, sahibkarlarla da hər il görüşlərin təşkili artıq ənənə halını alıb. Bu görüşlər ötən bir il ərzində sahibkarlığın inkişafı istiqamətində görülən işləri, muxtar respublika iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri yaxından öyrənmək baxımından əhəmiyyətlidir. Dövlət-sahibkar münasibətlərinin əyani göstəricisi olan belə görüşlər sahibkarlıqda yeni prioritetlərin müəyyənləşdirilməsi və müvafiq statistik göstəricilərlə tanış olmağa imkan verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR