06 Avqust 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müasir texnoloji yeniliklərin tətbiqi ilə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Komitədə daşınmaz əmlakın qeydiyyatı prosesinin daha da sadələşdirilməsi, bu sahədə operativliyin artırılması üçün növbəti yeniliyin tətbiqinə – daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə başlanılıb. Bu məqsədlə daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənib və müvafiq funksionallıq yaradılıb. Komitənin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına inteqrasiya olunub.

Hüquq sahibləri müvafiq xidmətdən istifadə etməklə daşınmaz əmla­kın dövlət reyestrindən elektron çıxarışı müəyyən olunmuş müddət ərzində Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalından onlayn qaydada əldə edə bilərlər. Həmçinin vətəndaşlar və aid dövlət orqanları üçün portal vasitəsilə çıxarışın qeydiyyat nömrəsini və daşınmaz əmlakın reyestr nömrəsini daxil etməklə onun həqiqiliyini yoxlamaq imkanı yaradılıb.
Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar elektron imza ilə imzalanaraq vətəndaşın “Elektron hökumət” portalındakı kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmayan vətəndaşlar isə “Elektron hökumət” portalından qeydiyyatdan keçdikdən sonra məlumat bazasında saxlanılan elektron çıxarışlar avtomatik olaraq onların şəxsi kabinetlərinə göndərilir.
Elektron imza ilə təsdiq edilmiş çıxarışlar kağız formada tərtib edilən çıxarışlardakı bütün məlumatları özündə əks etdirir və aid olduğu daşınmaz əmlaka dair bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edilə bilər. Elektron çıxarış sisteminin tətbiqi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, ayrı-ayrı dövlət qurumları tərəfindən verilən sorğuların operativ qaydada cavablandırılmasını təmin edir.
Qeyd edək ki, komitənin internet saytında daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı tələb olunan ödənişlərin əvvəlcədən hesablanması üçün “əmlak kalkulyatoru” da istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR