16 Dekabr 2019, Bazar ertəsi

Babək rayonu muxtar respublikada aqrar sahənin dinamik inkişaf etdiyi və zəngin təsərrüfatçılıq ənənələrinə malik olan yaşayış məntəqələrindəndir. Rayonun təbii-coğrafi şəraiti, göstərilən dövlət dəstəyi, zəhmətkeş insanların əməyi ailə təsərrüfatlarının inkişafına stimul verib. 

Bu gün rayonda müxtəlif növ süd və bostan-tərəvəz məhsullarının, turşuların, dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir. Cari ildə dövlət tərəfindən 10 ailə təsərrüfatçısına məhsul istehsalını daha da artırmaq üçün 108 min manatdan çox kredit verilib. Məhsul istehsalını artırmaq işin bir tərəfi, onu nümunəvi qaydada və vaxtında istehlakçıya çatdırmaq isə digər bir tərəfidir. Buna görə də muxtar respublikada ənənəvi olaraq yarmarkalar, sərgi-satışlar və festivallar təşkil olunur. 

Ötən şənbə günü Babək qəsəbəsindəki mərkəzi meydanda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı da bu tədbirlərin davamıdır. Festivalda rayonun 36 yaşayış məntəqəsindən 90-dan çox ailə təsərrüfatı sahibi iştirak edib. Təsərrüfat sahibləri festivala 167 növdə 3583 qablaşdırılmış məhsul çıxarıblar. Alıcılara müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, dərman bitkiləri təklif edilib.
Nehrəm kəndindən olan ailə təsərrüfatçısı Tofiq Abutalıbovun festivala çıxardığı qarpız turşusu, mürəbbəsi, doşabı, şərablar, qurudulmuş dəmirtikanı meyvəsi, abqora alıcıların marağına səbəb olub. Qocaman təsərrüfatçı deyir ki, rayonun bütün kəndlərindən olan ailə təsərrüfatçıları təmsil etdikləri ərazinin torpaq-iqlim xüsusiyyətlərinə xas olan məhsulları festivala çıxarırlar. Bəzən ailə təsərrüfatı sahibləri bir neçə aya satacaqları məhsulları belə festivallarda bir gündə satırlar. Biz zəhmət adamları yaradılan bu şəraitdən çox razıyıq.
Qeyd edək ki, festivalda alıcılara iaşə xidməti də göstərilib. Babək Rayon Mədəniyyət Evinin “Zabul” İnstrumental Ansamblının və rayon Uşaq-musiqi məktəblərinin kollektivləri festivala rəngarənglik qatıb.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR