10 Dekabr 2019, Çərşənbə axşamı

Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hər il sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul olunur, müvafiq sərəncamlar imzalanır. Həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq istehsal müəssisələri dövlət tərəfindən özəlləşdirilərək sahibkarlara verilib. Bu da sahibkarlar sinfinin formalaşmasına və onların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar açır. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Belə sahibkarlıq subyektlərindən biri də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istilik panelləri və dam örtükləri istehsalı müəssisəsidir.

Muxtar respublikamızda dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni evlərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı daha da artırır. “Cahan Sənaye Kompleksi” MMC-də istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi daxili tələbatın keyfiyyətli məhsullarla tam ödənilməsinə imkan verir. 

Ötən günlərdə müəssisənin satınalma mütəxəssisi Zaur Əhmədli ilə söhbətimiz zamanı bildirdi ki, əvvəllər tikinti sahəsinə aid məhsullara olan tələbat idxal hesabına ödənilirdisə, son illərdə həmin sahədə çalışan sahibkarlara göstərilən dövlət qayğısı bu tələbatın yerli məhsullar hesabına ödənilməsini təmin edib.
Öyrəndik ki, müəssisədə müasir avadanlıqlardan istifadə olunaraq 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri fəaliyyət göstərir. İstilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir. Panel-radiatorun ayrı-ayrı detalları müxtəlif mərhələlər keçməklə hazırlanıb avtomatik qaynaq edilir, işin keyfiyyəti isə test yoxlamasından keçirilir. Sonrakı mərhələdə boyaq işləri görülür. Birinci mərhələdə panel-radiator sulu boya ilə boyanıb xüsusi sobada istilikdə, ikinci mərhələdə isə tunel sobada istilikdə elektrostatik toz boya ilə boyanıb qurudulur. Hazır məhsul xüsusi avadanlıqlarda paketlənib sifarişçilərin ünvanlarına göndərilir.
Müsahibim deyir ki, dam örtükləri istehsalı sahəsində dəmir lövhələr xüsusi qəliblərdə sıxılıb sifarişə uyğun kəsilir. Rəngli şiferlər tunel sobada xüsusi texnologiya, elektrostatik toz boya ilə boyanır. Bundan əlavə, müəssisədə fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılıb ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarəti təmin edir. Standartların tələblərinə uyğun müəssisəmizdə istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyir, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılır. Onu da qeyd edim ki, Bakı, Gəncə, Şəki, Bərdə, Kürdəmir, Masallı, Quba şəhərlərində satış mərkəzlərimiz fəaliyyət göstərir və Türkiyə Respublikasının İqdır şəhərində də yeni satış mərkəzi yaradılıb.
Müəssisədə olarkən onu da öyrəndik ki, burada iş otaqları, iclas zalı, mətbəx, torna və dülgər emalatxanaları, tikinti materiallarının satış mərkəzi, hazır və ehtiyat hissələri anbarları da fəaliyyət göstərir. Müəssisədə təhlükəsizlik tədbirlərinə də diqqət artırılıb, videomüşahidə sistemi quraşdırılıb. İşçilər üçün xidməti otaqlar da var. Onlar pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyatla təmin olunurlar.
Müəssisədə istehsal edilən məhsulların beynəlxalq standartlara uyğun olması istər yerli, istərsə də xarici istehlakçıların Naxçıvan istehsalı olan istilik panelləri və dam örtükləri məhsullarına üstünlük verməsi ilə nəticələnib.

 Pərviz HACILI

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR