10 Dekabr 2019, Çərşənbə axşamı

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Ötən dövrdə muxtar respublikada daxili imkanlardan istifadə olunmaqla iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Xüsusilə aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmış, daxili bazarın keyfiyyətli məhsullarla təminatı diqqət mərkəzində saxlanılmışdır. Son dövrlərdə kənd təsərrüfatı məhsulları istehsalında daha çox diqqəti cəlb edən birgə fəaliyyət formalarından biri də ailə təsərrüfatlarıdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfat sahələrinə lazımi dövlət qayğısının göstərilməsi ilə yanaşı, onların fəaliyyətlərinin stimullaşdırılmasına da yeni imkanlar açmışdır. Xüsusilə ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışı və ixracı hazırda diqqət mərkəzində olan əsas məsələlərdəndir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu məsələ ilə bağlı aid dövlət qurumları qarşısında mühüm tapşırıqlar qoymuşdur.
Bəs bu istiqamətdə hazırda hansı işlər görülür? Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Əli Şərifova müraciət etdik.

– Bildiyiniz kimi, bu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunub. Təbii ki, burada əsas məqsəd belə təsərrüfatları inkişaf etdirməkdir. Muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarının inkişaf etdirilməsi, o cümlədən belə təsərrüfatlarda istehsal olunan məhsulların satışına və ixracına köməkliklər göstərilməsi ilə bağlı tapşırıqların icrası istiqamətində hansı işlər görülür?
Xudakərim MƏMMƏDOV: – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatları ilə bağlı bir neçə istiqamətdə iş aparılır. Belə ki, bu təsərrüfatların mövcud vəziyyəti, istehsal potensialının təkmilləşdirilməsi, ixrac qabiliyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində nazirliyin müvafiq şöbələri tərəfindən araşdırmalar həyata keçirilir. Hazırda diqqət mərkəzində olan məsələlərdən biri də belə təsərrüfatlar tərəfindən istehsal olunmuş məhsulların satışı ilə bağlıdır. Əhаlinin ucuz və kеyfiyyətli məhsullаrа olan tələbаtının ödənilməsi, istеhsаlçılаrın öz məhsullаrının birbаşа istеhlаkçılаrа çаtdırılmаsı məqsədilə hər həftə paytaxt Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil edilən kənd təsərrüfatı yarmarkalarında yerli sənaye məhsulları ilə yanaşı, ailə təsərrüfatı məhsullarının da satışına geniş yer verilir. Bundan əlavə, ənənəvi olaraq hər il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı da təsərrüfat sahiblərinin öz məhsullarını tanıtmaq və satışını təşkil etmək baxımından böyük əhəmiyyət daşıyır.
Əli Şərifov: – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na əsasən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən də bu sahədə müvafiq işlər görülür. Bunlar, əsasən, istehsal olunan məhsulların keyfiyyətinə nəzarət, onların qablaşdırılması və etiketlənməsinə müvafiq köməkliklər göstərilməsindən ibarətdir. Bununla yanaşı, ailə təsərrüfatı məhsullarının muxtar respublika üzrə geniş arealda mövcudluğu və əlçatanlığı nəzərə alınaraq yüksək tələbatı özündə ehtiva edən digər satış bazarlarına çıxış imkanları da təşviq olunmuşdur. Artıq bu istiqamətdə Bakı və Gəncə şəhərlərində “Naxçıvan məhsulları” əmtəə nişanı ilə fəaliyyət göstərən 4 yeni mağaza yaradılmışdır. Muxtar respublikada istehsal olunan və dayanıqlı imicə malik ailə təsərrüfatı məhsullarına tələbatın yüksək həddi qarşılığında qənaətbəxş satış göstəricilərinə nail olunmuşdur. Ötən müddətdə adıçəkilən mağazalar şəbəkəsi vasitəsilə qurudulmuş, paketlənmiş və xüsusi qaydada etiketlənmiş meyvə və tərəvəz məhsullarının tələbata uyğun olaraq satışı təmin olunmuşdur.
– Hazırda ən aktual məsələlərdən biri də ailə təsərrüfatı məhsullarının ixracı ilə bağlıdır. Bu istiqamətdə hansı işlər görülür?
Xudakərim MƏMMƏDOV: – Bildiyiniz kimi, ixracyönümlü məhsul istehsalında ilk olaraq rəqabətə­davamlılıq prinsipləri önə keçir. Bu baxımdan həmin ailə təsərrüfatları ilə müxtəlif görüşlər təşkil olunub, onların bu və ya digər məsələlərlə bağlı məlumatlandırılması tərəfimizdən həyata keçirilmişdir. Məsələn, ailə təsərrüfatlarının beynəlxalq tədbirlərdə iştirak imkanları araşdırılmış, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirlərdə ailə təsərrüfatı sahiblərinin iştirakı təmin edilmiş, onlar istehsal etdiyi məhsulların ixracı, kataloqunun hazır­lanması və ölkə daxilində, eləcə də xaricdə keçirilən tədbirlərdə sərgilənməsi istiqamətində maarifləndirilmişlər. Bundan əlavə, ailə təsərrüfatı sahibləri ilə görüşlərdə onlar ölkə daxilində və xaricdə keçirilən sərgilərdə öz məhsullarının nümayişi, ixracının təşviqinin təmin edilməsi istiqamətində məlumatlandırılmışlar.
Əli Şərifov: – Ailə təsərrüfatı məhsullarının ixracı bizim qurum tərəfindən də həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Məsələn, bu il “Naxçıvan qovurması” istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi məqsədilə ailə təsərrüfatı sahibləri ilə seminar-müşavirələr keçirilmiş, onlara “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Nəticədə, cari ilin ötən dövründə “Naxçıvan məhsulları” mağazalar şəbəkəsi vasitəsilə “Naxçıvan qovurması” məhsulunun tələbata uyğun həcmdə ixracı istiqamətində satışı həyata keçirilmişdir. Muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının yüksələn iqtisadi aktivliyi tərəfimizdən ciddi qaydada dəstəklənir və fəal marketinq trendi davamlı təşviq olunmaqdadır.
– Ailə təsərrüfatı məhsullarının ixracı üçün daha hansı imkanların olduğunu düşünürsünüz?
Xudakərim MƏMMƏDOV: – Bu istiqamətdə Türkiyə Respublikasının Naxçıvana tətbiq etdiyi güzəştli ticarət rejimi çərçivəsində muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının gömrük rüsumu tətbiq olunmadan qonşu ölkəyə ixracı imkanı yaradılmışdır. Bu da, öz növbəsində, əsasən, kənd təsərrüfatı sahəsində çalışan ailə və fermer təsərrüfatları üçün yeni bazarlara çıxış imkanı yaratmışdır.
Əli Şərifov: – Ailə təsərrüfatı məhsullarının laboratoriya yoxlamalarında əldə olunan müsbət nəticələr onu deməyə əsas verir ki, istehsal olunan məhsullar rəqabətə davamlıdır və qısa müddətdə xarici bazarlarda özünə yer tuta bilər. Buna görə də ailə təsərrüfatlarının ixracyönümlü məhsul istehsal etmək üçün geniş imkanları var. Ümid edirəm ki, bu və ya digər istiqamətlərdə görülən işlər gələcəkdə ailə təsərrüfatı məhsullarının ixracına da yeni imkanlar açacaq.
– Müsahibə üçün sağ olun.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR