17 Oktyabr 2019, Cümə axşamı

İqtisadi inkişafın təmin olunmasında nəqliyyat sahəsi mühüm rol oynayır. Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət müasir nəqliyyat sisteminin yaradılmasını təmin etməklə yanaşı, ümumi inkişafı da sürətləndirmişdir.

Son dövrlər müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində, həmçinin muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan, uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək və uzunluğu 32,4 kilometr olan Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Bundan əlavə, ötən dövrdə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurulmuşdur.
Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilo­metr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu olmaqla, ümumilikdə, 2009-cu ildən 1 sentyabr 2019-cu il tarixədək muxtar respublikada 1198 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, 65 körpünün tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 27 körpü isə təmir olunmuşdur.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində şəhərdaxili marşrutlara yeni avtobuslar buraxılmış, rayon mərkəzlərinə və kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilmişdir. Həmçinin ötən dövrdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri, Naxçıvan şəhərində Avtobus Parkı istifadəyə verilmişdir.
Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində ardıcıl tədbirlər aparılmış, yeni inzibati bina inşa olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir.
Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulmuş, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılmışdır.
Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı da diqqətdə saxlanılmış, infrastruktur yenidən qurulmuşdur. Bundan əlavə, dəmir yolu təsərrüfatı yeni sərnişin vaqonları ilə təmin olunmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,9 və 88,2 faiz çoxdur.

Nəqliyyat sektorunda yük və sərnişin daşınması

Yük və sərnişin daşınmasından, bütövlükdə, 38 milyon 680 min 200 manat gəlir əldə olunmuşdur. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 91,5 faiz çoxdur.
Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində bu sahəyə 2019-cu ilin yanvar-avqust ayları ərzində 60 milyon 504 min manatdan artıq vəsait yönəldilmişdir.
Cari ilin ötən dövründə Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli və Qışlaqabbas, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt, Şərur rayonunda Xətai-Yeni Havuş, Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Alışar və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində körpünün bərpası davam etdirilmişdir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin yanvar ayından Naxçıvan­-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamışdır. Bundan əlavə, iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarətini sadələşdirmək məqsədilə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılmışdır. Bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına imkan verir.
Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən cari ilin avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılmış, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park “V” İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR