15 Oktyabr 2019, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri – missiyanın rəhbəri Nadejda Moçinova, baş audit Vei Sen Çanq, baş audit Amuerfina Sabtosç Azərbaycanın ölkə üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə iş proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, kanalizasiya sularının təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci il may ayının 16-da istismara verilib. Təmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Həmin qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir.
Nümayəndə heyəti Naxçıvançay yatağında tikilən kaptajla və Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olublar.
Missiyanın rəhbəri, audit Nadejda Moçinova “Şərq qapısı” qəzetinə müsahibəsində səfərlərinin məqsədi barədə danışıb:
– Muxtar respublikaya səfərimiz Asiya İnkişaf Bankının ölkə üzrə auditini həyata keçirmək, yerli əməkdaşlar tərəfindən icraedici tərəfdaşlar ilə aparılan işləri və həyata keçirilən layihələrin icra vəziyyəti ilə maraqlanıb bunu qiymətləndirmək məqsədi daşıyır. Bizim ilk işimiz müəyyən sənədlərlə tanış olmaq, digər əsas vəzifəmiz isə yerlərdə görülən işlərin necə həyata keçirildiyini öyrənməkdir.
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri layihəsinin icrası ilə əlaqədar olaraq ayrı-ayrı ərazilərdə fəaliyyət göstərən sutəmizləyici texnologiyalarla tanış olduq. Burada olduğumuz müddətdə gördük ki, həmin qurğular ən müasir texnologiyalardan istifadə olunmaqla qurulub və təmizlənən suyun keyfiyyət göstəriciləri də çox yüksəkdir.
Mən Özbəkistan Respublikasının vətəndaşıyam və bir neçə gün öncə ölkəmizdən Naxçıvan təcrübəsini öyrənmək üçün buraya nümayəndə heyəti gəlmişdi. İnanıram ki, onlar burada əldə etdikləri, öyrəndikləri təcrübədən lazımınca yararlanaraq Naxçıvanda olduğu kimi əhalini keyfiyyətli su ilə təmin edə biləcəklər.

 Pərviz HACILI

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR