22 Noyabr 2019, Cümə

(esse)

Bir aləm var, bir qədər sirli, möcüzəli. Onun qoynuna sığınır həm canlılar, həm də cansızlar. Günəş işığıyla, külək mehiylə, yağış və qar suları ilə qidalanır onlar. Ora bizim əvvəlimiz, axırımız, sığınacaq yerimiz. Həm anamız, həm atamız, ora bizim Vətənimiz, gözəlliklər məskənimiz. Bizi əhatə edən aləm, bəşər övladının evi. Onu qoru, zənginləşdir və sev. Əlinlə məhv etmə, qırma, dağıtma. Qoru sənə hədiyyə edilən gözəllikləri, qoru köksündə yuva edən minlərlə bitkiləri, böcəkləri, çiçəkləri, heyvanları. Texnikanın inkişafı heç də yanıltmasın səni. Mühafizə et, qiymətli sərvətlərindən səmərəli istifadə et, qoru gözəl təbiəti, iqlimi, torpağı, son dərəcə müxtəlif və rəngarəng olan bitki örtüyünü, heyvanlar aləmini əhatə edən canlı muzeyi. Gözəl sənət əsərini duy, keşiyində dur, ata-babalarımızdan bizə yadigar qalan təbiət abidələrini gələcək nəsillərə yadigar qoy!

Düşün, yer üzündəki 11 iqlim növünün 9-u Vətənimizdədir. Hər bir iqlim qurşağının süfrəmizə bəxş etdiyi nemətlərsiz insan həyatı mövcud ola bilərmi? Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiq addımdır. Sağlam ətraf mühitdə yaşamaq hüququ hamının haqqıdır. Ona görə də təbiətimizin hər bir zərrəsinə doğma münasibət bəsləməliyik. Bir ağacın budağını sındırmaq, zibili yerə atmaq yerinə belə mənfi halların qarşısını almağa çalışmalı və ekoloji mədəniyyətə sahib olmalıyıq. Xoş gələcəyimiz naminə bu gündən başlamalıyıq təbiəti, planetimizin bitki örtüyünü və canlılar aləmini qorumağa, bizi əhatə edən son dərəcə gözəl, zəngin və rəngarəng olan ətraf aləmin qayğısını çəkməyə.

Qoruyaq Yer kürəsini, təbiəti, meşələri, dağları, çayları, gölləri, dənizləri. Çirkləndirməyək... Sabahımız və gələcəyimiz onların əzəli və əbədi tarazlığından asılıdır. Onun pozulması fəlakətlə nəticələnə, bütün bəşəriyyəti məhv edə bilər.
Yer kürəsinin ən qiymətli təbii sərvəti, planetimizin “ağ ciyərləri” – meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib komponentlərini özündə birləşdirir. Meşələrə qarşı hücum insana qarşı yönəlmiş ən ağır müharibə hesab edilir və onun qarşısını da insan ancaq öz ağlı, zəkası ilə dəf edə bilər. Mübarizə aparmalıyıq təbiətin nizamını pozanlara, onun qədrini bilməyənlərə, korlayanlara qarşı. Ağacları kəsmək yox, onları böyüdüb, yadigar qoymaq lazımdır. Çox faydalı, çətin olmayan bu işi indi görməliyik. Əkilən ağacın necə böyüdüyünü, ətrafa kölgə saldığını, bar verdiyini görəndə, heç şübhəsiz, siz də sevinəcəksiniz.
Doğma Vətənimizi sevdiyimiz kimi sevib, ona olan duyğuları, hissi aşılamalıyıq təbiətə. Zənginliyi, gözəlliyi, füsunkarlığı Vətənə məxsus kimi görməliyik. Xeyirxah əməklə daha da gözəlləşdirməliyik yurdumuzu ki, onun səfalı qoynunda sağlam, gümrah olub, uzun ömür sürə bilək. Vətən nemətləri ana təbiətin zənginlikləri içərisinə daxildir. Vətən ana məhəbbəti, ana qayğısı ilə öz təbiətinin nemətləri ilə bizi yedirir, böyüdür. Vətən, təbiət və ana! Təbiəti qorusaq, öncə özümüzü qorumuş olacağıq, çünki biz onun üzvü, bir hissəsiyik, onunla vahid harmoniya təşkil edirik. Məharətlə yaranmış həyat simfoniyasının ahəngdarlığı, harmoniyası, daxili səliqəsi heç yerdə, heç vaxt pozulmamalıdır.
Təbiət həm də musiqi mənbəyi, şeir, sənət əsəri, ilham çeşməsidir. Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin müəllifidir. Vətəni, onun əsrarəngiz təbiətini sənətkar – şair, bəstəkar, rəssam belə, bəzən təsvir etməkdə aciz qalır.
Gəlin təbiətin möcüzələrlə dolu aləminə bələd olun, onu daxili aləminizdə, xəyalınızda, hiss və duyğularınızda canlandırın, duyun, dərk edin və beləliklə də, təbiətin sonsuz rəngarəngliyinin, füsunkar gözəlliyinin fərqinə varacaqsınız. Xüsusilə də gənc nəsil doğma Vətənimizin təbiətini daha dərindən öyrənməli, sevməli, qorumalı, onun təbii sərvətlərindən daha qənaətcilliklə, daha səmərəli istifadə etməlidir. Təbiətin ölkəmizə bəxş etdiyi gözəlliklərə qayğı ilə yanaşmaq, onları gələcək naminə qorumaq hər birimizin başlıca vəzifələrindəndir.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR