21 Sentyabr 2019, Şənbə

Qədim yurd yeri Sədərək tarixi, mədəniyyəti, qəhrəmanlığı ilə yanaşı, bərəkətli torpağında yetişən meyvə-tərəvəzləri ilə də tanınır. Diyarımızda ən dadlı, şirin üzüm də elə burada yetişir. Təsadüfi deyil ki, sovetlər dönəmində böyük şərab zavodlarından biri bu bölgədə inşa olunub. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu vardır. Sədərəkdə bu gün də üzümçülük inkişaf etdirilir, yeni üzüm bağları salınır, qədimdən qalan üzüm sortları isə calaq yolu ilə artırılır. Rayon sakinləri gəlirli sahə olan üzümçülükdən, necə deyərlər, dördəlli yapışıblar. Bu sahə ilə məşğul olanlar həm öz təsərrüfatlarında çalışıb gün-güzəranlarını yaxşılaşdırır, həm də daxili bazara öz töhfələrini verirlər. Üzümçülük gəlirli sahə olduğu üçün bu təsərrüfat növünə maraq  ilbəil artmaqdadır. Sədərəkdə olan üzüm bağının şöhrəti ilə bağlı Əli İsmayılovla həmsöhbət olduq. 

O, gənc yaşlarından üzümçülüklə məşğuldur. Kənddə hamı onu təcrübəli üzümçü kimi tanıyır. Gənclər üzüm bağı salmaq istəyəndə mütləq onunla məsləhətləşirlər. Əli dayı deyir ki, rayonda 50-dən çox üzüm növü var. Buradakı üzüm bağlarında arxlar dərin olur. Arası isə 3 metr, tənəklər də bir-birindən 2 metr məsafədə əkilir. Rayonda bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Yeni bağlar da salırıq ki, üzümün ayağı torpağımızdan çəkilməsin. Bağlarda “teyti”, “nəbi”, “xəlilli”, “hüseyni”, “təbrizi”, “mərəndi”, “şəfiyi”, “mələyi”, “əsgəri”, “xatını”, “xangörməz”, “aldərə”, “qara əsgəri”, “ağ, qırmızı”, “sarı və qara kişmişlər”, “hənəqırna”, “qoçbaşı” kimi dadı damaqdan getməyən üzüm növləri süfrələrimizin bəzəyidir. Bunların arasında elə bil Tanrı “hənəqırna”nı Sədərək torpağı üçün yaradıb. Gilələri az qala ərik yekəlikdə olan bu üzüm növünü qış aylarına kimi saxlamaq mümkündür. “Hənə­qırna”nın mövücünün sorağı hələ qədim zamanlardan adla deyilib. Bal kimi olur, yeyəndə gözə işıq, qola qüvvət gətirir. “Hənəqırna”nın 100 kiloqramından ən azı 25 kiloqram mövüc hasilə gəlir. Əli dayı onu da bildirir ki, üzümün qurudulub kişmiş və mövüc şəklində qışa tədarük olunması da minillik ənənəmizdir. Bunun üçün xüsusi ustalıq lazımdır. Üzümün açıq havada qurudulması üçün əlverişli iqlim şəraiti vardır. Qədimdə babalarımız ciblərinə dəsmala bükülmüş kişmiş, fındıq qoyardılar. Kişmişi, mövücü cibdə gəzdirmək bir növ dəbdəydi.

Kalorililiyi çox olduğu üçün uzaq səfərə çıxanlar onu ciblərinə tökərdilər ki, yolboyu acanda yesinlər. Elə “qara kişmişi cibə tökərlər” deyimi də buradan yaranıb. Bu deyimdə kişmiş qara, büzüşmüş, çirkin də olsa, onun şirin, həddən artıq qiymətli və faydalı, həm də cibdə gəzdirməyə münasib olduğu göstərilir.
Müsahibim onu da bildirir ki, üzüm bağını əkib-becərmək zəhmət tələb edir. Belə ki, Naxçıvanın iqlimi qışda çox sərt olduğundan bütün üzüm kolları payızda budanır, bükülür və torpağa basdırılır. Yazda bu tənəkləri vaxtında torpaqdan çıxarmaq lazımdır. Əgər bu iş düzgün aparılmazsa, tənəklərə ziyan dəyə bilər. Dədə-babadan belə bir söz deyərlər: “Elə ki bayram aşını yeyib qurtardın, səhəri gün üzüm tənəkləri torpaqdan çıxarılmalıdır”. İlin axır çərşənbəsi hər il eyni günə təsadüf etmir. Qədimdən yadigar qalan həmin gün mart ayının birinci ongünlüyü ilə ikincinin arasında qeyd olunur. Bu isə imkan yaradır ki, torpaqdan təzəcə çıxarılmış tənəkləri şaxta vurmasın. Üzüm kolları torpaqdan çıxarılıb yenidən əvvəlki yerlərinə iplə bağlanır. Bu işi ehtiyatla görmək lazımdır ki, kolun budaqları zədələnməsin. Yarpaqlayandan bir az sonra üzüm budanır. Bu zaman yenicə əmələ gələn qoralar zədələnməməli və üzüm elə budanmalıdır ki, həmin salxımlar çox da açıqda qalmasın. Günəşin istisi onu yandırmasın. Müsahibim onu da diqqətimizə çatdırır ki, yaz vaxtı tənəklərdən yarpaq yığıb nübar dolma bükmək adətimiz də var. Həmin vaxt tənəklərin uclarındakı yarpaqlardan toplamaq lazımdır. Həm bişirdiyiniz yemək dadlı olar, həm də üzüm kolu zədələnməz. Bu bitki o qədər bərəkətlidir ki, yarpağı da, meyvəsi də, qurumuş kolları da insanların əlindən tutur. Üzüm tənəyinin közündə bişən kababın, dastananın dadı damaqda qalır desəm, yanılmaram.
Kənd sakini Mikayıl Bəbirovla da həmsöhbət oluruq:
– Sədərək üzümü bu gün də dillər əzbəridir. Rayonun qədim üzümçülük mədəniyyəti indinin özündə də yaşadılan, elmi əsaslara söykənən bir sahədir. Bu kənddə Novruz bayramına, hətta yay girənədək təzə-tər üzüm saxlayanlar da az deyil. Kənd sakinləri üzüm məhsulunun saxlanmasına həmişə xüsusi qayğı göstəriblər. Bunun üçün müxtəlif üsullardan istifadə ediblər. Üzümün yığılması, saxlanılması da xüsusi qaydada aparılır. Hər salxımın saplaq kəsiyinə bir gilə üzüm taxılır. Salxım bu gilədən nəm çəkər, gilələr qurumaz, təzə-tər qalar, deyərsən bəs, tənəkdən indicə dərilib. Sədərək üzümünün saxlanma üsulları da maraqlıdır. Milax hazırlayır, salxımları ona düzüb sərin, quru damlarda asarlar. Buna milax üzüm də deyirlər. Bu üsulla hətta sulu, şirəli armudu, gülöyşə və ağ narı, heyvanı da milaxdan asmaqla uzun müddət saxlayarlar. Qış axşamlarında, Novruz bayramında belə milaxlar süfrələrin bəzəyi olur.
O, saxlanılacaq üzümün yığılmaq qaydasından da danışır. Deyir ki, belə üzümlər quru havada yığılmalıdır, bu vaxt gilələr yaş olmamalıdır, yağışlı və dumanlı havada yığılan üzüm keyfiyyətini itirir, onu saxlamaq çətin olur. Meyvələr yığıldıqdan sonra salxımlar nəzərdən keçirilməli, zədəli və soluxmuş, quru gilələr qoparılmalıdır. Yetişməmiş və çürük gilələri təmizləyərkən mum təbəqəsini qorumaq üçün yalnız saplaqdan tutulmalıdır. Giləmeyvənin saxlanılma üsullarından söhbət açan həmsöhbətim deyir:
– Bu üsullardan ən geniş yayılanı “bandaq” üsuludur. Uzunluğu 2-3 metr olan ağac pərdiyə qarmaqlı söyüd budaqları bağlanır. Bandaq üçün dərilən salxımlar zoğlu (1,5-2 buğum) olmalıdır. Bəzən kəsilən salxım bir gün kolun üzərində saxlanılıb, ikinci gün yığılır. Belə olduqda gilələnmə azalır, təmizlənmə işi xeyli asanlaşır. Daha sonra üzüm salxımları bandağın aşağısından başlamaqla asılır. Həmin salxımlar döşəmədən 30-40 santimetr hündürlükdə olmalıdır. Bu üsulla bir bandağa 50-100 kiloqrama qədər üzüm yığıb saxlamaq mümkündür. Digər bir üsulda üzüm salxımı saplaqdan iti bıçaqla kəsilir və bir giləsi salxım saplağının ucuna, yəni çubuqdan qırılan hissəsinə keçirilir. Sonra üzüm salxımları qamışdan düzəldilmiş döşəməyə sərilir və həftədə bir dəfə salxımlar çevrilərək zədəli gilə­lərdən təmizlənir.
Digər bir saxlama üsulundan danışan müsahibim deyir ki, üzümü zirzəmidə və ya evin damında torpağın üstünə sərərək üzərini yumşaq torpaqla örtməklə və yaxud salxımlı zoğu torpağa basdırmaqla da saxlayırlar. Üzümü torpağa basdıran zaman giləmeyvəni öz yarpağına bükmək onun saxlanma müddətini uzadır. Asma üsulu da çox istifadə olunan qaydalardandır. Uzunluğu 1-2 metr, ağırlığı 2-10 kiloqram olan asmalar əl damında, zirzəmidə, evin tavanından asılır. Lakin bu üsulla saxlanan üzüm təravətini tez itirir və gilələr büzüşür. Rütubətin azlığından bəzən belə saxlanan üzüm kişmişə çevrilir. Üzüm rəflərdə, tərəcələrdə, qutularda sərilmiş vəziyyətdə də saxlanılır. Qablara ağac yonqarı, çiyid qabığı, dənizotu, qum tökülür. Bu üsulla saxlanan üzüm məhsulu asma üsuluna nisbətən az soluxur, lakin çürüməsi çoxalır. Üzüm saxladığımız yerin sərin olması daha yaxşıdır. Bundan başqa, tənəyin üzərində olan salxımları torbaya salırlar. Bəzən uzun zoğlarda olan salxımları torbaya salıb, zoğları sərin bir otağa qoyub, bütün qışı saxlayırlar. Bu “milax” üsulu adlanır. Digər bir üsulda, söyüd və ya çəkil çubuqlarından hazırlanmış qələmlərə 8-10 salxım asırlar və bu qələmləri çardaqda, talvarda, yaxud anbarda kiçik çilləyə qədər saxlayırlar. Həmsöhbətim onu da bildirdi ki, bu üsulla “təbrizi” sortunu 6-7 ay saxlamaq mümkündür. Bu üzüm sortu, yetişdikdən sonra 2-3 ay tənəyin üzərində saxlana bilər. Başqa bir üsulda salxım zoğla birlikdə kəsilərək qabda suya qoyulur və xarab olmaması üçün ona bir qaşıq ağac kömürü əlavə edilir. Su olan qablar xüsusi dərəcələrdə maili vəziyyətdə qoyulur. Buxarlanmanı azaltmaq üçün qabın ağzı pambıqla örtülür. Bəzi sortlar, hətta suda kök əmələ gətirsə belə, salxım kütləsini itirmir. Mikayıl dayı deyir ki, vaxtilə qonşu deyib suyumuzu, çörəyimizi əsirgəmədiyimiz bu mənfur ermənilər torpaqlarımıza göz dikəndə kənddəki üzüm bağları da ziyan görmüşdü. Amma ağızlarının payını verib yerlərinə qovandan sonra, şükür Allaha, bağımız, bağatımız da güllük-gülüstanlığa çevrildi.
Mikayıl dayının sözünə qüvvət olaraq onu da əlavə etmək istərdim ki, xalqımıza aid olan bir çox adət-ənənələri, nemətləri, meyvələri mənimsəməyə çalışan ermənilər yüz illərdir, bu bitkinin köklərini qoparıb öz ərazilərinə aparıb, əkib, onu mənimsəməyə cəhd etsələr də, Sədərək üzümünün dadını ala bilməyiblər. Çünki bu torpağın nemətləri də insanları kimi torpağına bağlı, vəfalıdır.
Bu gün düşmən gülləsinin bir addımlığında yaşayan insanların torpağa bağlılığı Sədərəyin qədim üzümçülük ənənələrinin hələ min illər bundan sonra da davam edəcəyinə və nəsildən-nəslə ötürüləcəyinə sübutdur.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR