21 Sentyabr 2019, Şənbə

Naxçıvandakı arxeoloji qazıntılar zamanı tapılmış qədim musiqi alətləri sübut edir ki, Azərbaycan musiqisi çox zəngin bir tarixə malikdir. Həmin alətlər haqqında məlumata Azərbaycan şairlərinin əsərlərində də rast gəlirik.
Nizami Gəncəvinin məşhur “Xəmsə”sində musiqi yaradıcılığının ayrı-ayrı janrları, müxtəlif çalğı alətləri və ifaçılıq sənəti haqqında maraqlı fikirlər vardır. Onun poemalarında Azərbaycanda geniş yayılmış 30-dan artıq musiqi alətinin adı çəkilir. Bunların arasında saz, cəngi, rübab, ərqanun, ney, şeypur, zurna, təbil, nağara və başqa çalğı alətləri vardır. Məhəmməd Füzuli də öz əsərlərində ney, saz, dəf, şur, ərəs kimi çalğı alətlərinin adını çəkir və onları təsvir edir. Qədim mənbələrdə adına təsadüf etdiyimiz bu musiqi alətlərinin bəziləri tarixin keşməkeşlərində unudulsa da, əksəriyyəti günümüzə qədər gəlib çatıb.
Adətən, qədim musiqi alətlərinin hazır­lanmasından, təmirindən söhbət düşəndə ağlımıza ilk olaraq yaşlı insanlar gəlir. Ancaq bu gün Şərur rayonunun Ələkli kənd sakini 28 yaşlı Rəşad Həsənli də 14 ildir ki, bu işlə məşğuldur. O, tarixlərin sınağından keçərək cilalana-cilalana zəmanəmizə qədər gəlib çıxan qədim musiqi alətlərimizə yeni həyat bəxş edir. Rəşad Naxçıvan Musiqi Kollecinin məzunudur. Artıq beş ildir ki, Ələkli kənd musiqi məktəbində tar dərsi deyir. Onun dedikləri:

– Bu sənətə marağım hələ məktəb illərindən var idi. Elə buna görə də təhsilimi musiqi kollecində davam etdirməyə qərar verdim. Tarla tanış olduqdan, onun sirlərini öyrəndikdən sonra bu musiqi alətini təmir etməyi də öyrənmək qərarına gəldim. Bakı şəhərinə yollandım. Orada bu sənətlə məşğul olan yaşlı bir usta tapdım. Bir neçə ay ondan dərslər aldım. Bu gün çox sevinirəm ki, əsrlərin sınağından keçərək bizə ərməğan qalmış bu dəyərli sərvətləri, tarixi kimliyimizi özündə yaşadan qədim musiqi alətlərini təmir etməklə kifayətlənməyib onları hazır­lamağı da bacarıram.
Rəşad onu da bildirir ki, Azərbaycan muğamlarını tar və kamançasız təsəvvür etmək mümkün deyil. Tar Azərbaycan simli musiqi alətləri arasında texniki, dinamik imkanlarına görə ən mükəmməl və ən təkmil çalğı alətidir. Ölkəmizdə köklü ənənələrə söykənən bu musiqi alətinin adı gələndə böyük sənətkarlar göz önündə canlanır.
Müsahibim onu da deyir ki, bu vaxta qədər tarın vahid, yəni müəyyənləşdirilmiş ölçüləri mövcud olmayıb. O, tarın hazırlanma prosesindən danışır və bildirir ki, əvvəlcə tut ağacının kötüyü kvadrat şəklində kəsilir, 1-2 il otaq temperaturunda qurudulur. Bu tut gündəyən yerdə bitsə, daha yaxşı olar. Çünki suya yaxın yerdə bitən tut ağacından yaxşı tar düzəltmək olmaz. Kvadrat forma nümunə üzərində xətlənir və çanaq formasına gətirilir. İç və çöl hissəsi yonulduqdan sonra çanağa qol, qola isə kəllə hissəsi birləşdirilir. Kəllə hissəsində aşıq yerləri açılır və aşıqlar burada yerləşdirilir. Qolun üstünə 22 ədəd not pərdəsi dolanır, zəng sim xərəkləri yerləşdirilir. Sonuncu mərhələdə çanaq üzərinə pərdə çəkilir, simlənir və hazır olur.
Qeyd edək ki, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil ­edilib.
Müsahibim saz haqqında da danışır. Deyir ki, müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə cəviz ağacından hazırlanır.
Onu da bildirək ki, Rəşadın bacarığı təkcə tar və saz düzəltməklə bitmir, o, milli musiqi alətlərimiz olan kamança, qaval hazır­lamaqla bərabər, nadir sənətkarlıq sahələrindən biri olan sədəfkarlıqla da məşğuldur.
Həmsöhbətim deyir ki, sədəf göyqurşağı rənglərini özündə əks etdirən diqqətçəkən, dənizdə və torpaqda tapıla bilən nadir daşlardan biridir. Sadəlik, lütf, bərəkət, uzun­ömürlülük, cəsarət və qüdrəti təmsil edir. Sədəfin şəfaverici xüsusiyyətə malik olmasına da inananlar çoxdur. Qədimdən bəri insanlar zərgərlik və zinət əşyalarında sədəfi seçiblər. İncə naxışların emalında mozaik, sıva, örtük, mastik kimi üsullar istifadə edilir. Sədəf geometrik formalı bəzəkli və yaxud yapışdırılmış sahəyə tətbiq olunur. Bu qiymətli daşdan gözəl bir sənət əsəri yaratmaq üçün onun müəyyən bir qalınlığı olmalıdır. Dəniz və ya okeanlardan çıxarılan yumşakçalar xüsusi plitələrə bölünür və sonra tətbiq olunacaq sahəyə uyğun formalaşdırılır.
Hazırda “Çiçəklənən Naxçıvan” kompozisiyasının üzərində işləyən Rəşad onu da diqqətimizə çatdırır ki, muxtar respublikamızda milli dəyərlərimizə, sənətə və sənətkara verilən yüksək qiymət onu bu sahədə daha səylə çalışmağa ruhlandırır. O, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirir.
Sonda onu da qeyd edək ki, Rəşad Naxçıvanda keçirilən “Yaradıcı gənclər festivalı”nda da öz əl işləri ilə iştirak edib. Həmin sənət nümunələri maraqla qarşılanıb.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR