21 Sentyabr 2019, Şənbə

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşayan Südabə Məhərrəmovadan söhbət açmaq istəyirəm. Həm illərdən bəri yaratdığı ailə təsərrüfatının başçısı, həm gözəl xalçaçı, həm də bu il şəhərimizdə keçirilən “Kətə” festivalında birinci yerə layiq görülən Südabə xanımdan. Sadaladığım hər üç işi böyük məharətlə bacaran bu xanım haqqında kənddə “Əlləri qızıldır”, – deyirlər. Söhbətə keçməzdən əvvəl onu da deyim ki, üç nədir, beş-altı, hətta on işin öhdəsindən eyni məharətlə gələn qadınlarımız yaşayır muxtar respublikamızın kəndlərində. Onlar, sanki anadan xalçaçı, ailə təsərrüfatçısı, festival qalibləri, 5-8 övladının gözəl tərbiyəçisi, hələ üstəlik, kəndlərimizdəki təşkilatların fəal işçisi, ictimaiyyətçi qadın olaraq doğulublar. Elə sadaladığım keyfiyyətlərin əksəriyyəti Südabə xanımda olduğu üçün yazımın qəhrəmanı kimi onu seçdim.

Bəzi insanlar ailə təsərrüfatını daha çox gəlir əldə etmək üçün öz istəkləri ilə yaradırlar. Bəzilərini isə həyat özü ailə təsərrüfatçısı edir. Südabə xanım kimi... Taksi sürücüsü işləməklə ailəsinin tələbatlarını ödəyən həyat yoldaşı 2006-cı ildə vəfat edəndən sonra həyatın ağır sınaqları qarşısında sınmayıb qürurla dayanan bu qadın övladlarını da başına yığıb bir təsərrüfat yaratdı. Hər kəsə bəllidir ki, Naxçıvanımızın zəngin və bənzərsiz təbiəti zaman-zaman neçə belə ailəyə hayan olub, onları çarəsiz buraxmayıb. Öz sərvəti ilə insanlarını dardan, çətinlikdən qurtarıb. Elə Südabə xanım da Batabatın allı-güllü çəmənlərindən, Biçənəyin, öz kəndlərinin ruzi mənbəyi olan dağlarından-düzlərindən yığdıqları ələyəz, əvəlik, şıppır, bir də ki həmərsin, çobanyastığı, yemişan, qırxbuğum, kəklikotu, solmazçiçək, dağ nanəsi kimi onlarla dərman bitkiləri ilə bu təsərrüfatın bünövrəsini qoya bildi. Həm yaş, həm də qurudulmuş şəkildə bazara çıxardığı bu nemətlər ailəyə xeyli gəlir gətirdi. İllərdir ki, hər mövsümdə onlar bazara 500 hörükdən artıq ələyəz, şıppır, əvəlik, kiloqramlarla dərman bitkiləri çıxarırlar. Xoşbəxtlikdən torpaq islahatı zamanı bu ailənin qismətinə kəndin “Post” deyilən massivindən yaxşı ərik ağacları olan ərazi düşüb. Həyətlərində isə yaxşı alça ağacları var imiş. Südabə xanım da elə bunların hesabına ailə təsərrüfatını genişləndirməyi düşünüb. Övladları ilə birlikdə ağaclara qulluq edib, bar vaxtı əriyi, alçanı yığıb qurutmaqla bazara çıxarıb və yaxşı alıcı toplaya bilib. Onun qurutduğu meyvələri heç də hər qadın quruda bilməz. Elə buna görə də alıcısı düz qapısınadək gəlib çıxır. Südabə xanımın bu məharətini eşitmişdim. Görüşümüz zamanı bunun sirrini də öyrənməyə çalışdım. O dedi ki, mən əlimdən gələn işlərin hər birini bilməyənlərə, bacarmaq istəyənlərə öyrətməyə hazıram. Ərik, alça qurutmaq çox zəhmət tələb edən bir işdir. Gərək elə edəsən ki, yaxşı quruya, rəngi qaralmaya, xarab olmaya. Ərik yetişən vaxt bəzi adamlar yeşikləri götürüb əriyi çırpıb yığırlar yeşiklərə. Bu zaman ərik əzilir. Amma mən belə etmirəm. Böyük teştlərim var, onları götürüb gedirəm bağa, yığdığımız əriyi bir cərgə düzürəm teştlərə ki, əzilməsin. Gətirirəm həyətdə, kölgə yerdə onu quru otun üstünə yenə bir-bir sərirəm. Qoymuram çox qupquru olsun. Azacıq quruyan kimi yığıram süfrənin arasına. Təxminən, 1 ay sonra quru əriyi soyuq suda yuyuram. Ocağı yandırıb içərisinə bir xeyli su doldurduğum böyük qazanı qoyuram odun üstünə, su qaynayanda torbaya yığdığım əriyi bir neçə dəfə suya salıb-çıxarır, süzgəclərə boşaldıram. Suyu tam süzəndən sonra onu təkrar sərmirəm. Süfrənin arasına yığıb üstünü örtürəm, bir neçə gündən sonra torbalara doldurub əl damında tavandan asıram. Belə qurudulub emal edilən ərik də, alça da yumşaq, rəngi isə sapsarı olur. Yaydan düz növbəti yazadək xarab olmadan qalır.

Südabə xanım ərik, alça, yemişan, həmərsin və gilənardan dadlı kompotlar da hazırlayıb bazara çıxarır. Bu ailə həm də həyətində kartof əkir, iribuynuzlu heyvan, ­toyuq-cücə saxlayır. İlboyu bazara kartof, süd məhsulları, toyuq, yumurta çıxarır. Südabə xanım deyir: – Əkib-becərdiklərimizi həm satır, həm də özümüz istifadə edirik. Gördüyünüz bu həyətdə hər cür meyvə­-tərəvəz tədarük olunur.
Südabə xanım o kənddə dünyaya göz açıb ki, burada qədimdən bu günədək hana qurulmayan ev olmayıb. Sübh çağından ta gecə ­yarısınadək kəndin hər küçəsindən, hər dalanından hananı döyəcləyən həvənin səsi eşidilib. Aşağı Qışlaq muxtar respublikamızın qədim dövrlərdən ən çox xalı, xalça, palaz, kilim, xurcun toxunan bölgəsidir. Burada adla tanınan xalçaçı qadınlar yaşayıb, onlar zərif naxışlı, milli ornamentlərlə zəngin xalçalar toxuyublar. Bu xalçalar bir ana yadigarı olaraq indi bütün evləri bəzəyir. Həmin xalçalara baxdıqca, sanki “dil açıb” onları gözünün nuru ilə ilmə-ilmə ərsəyə gətirənlərin təxəyyül və zövqündən, bir də ki zərif əllərin nələrə qadir olduğundan danışır.
Südabə xanım da hələ uşaqlıqdan anasının yanında, hananın qarşısında olub. O deyir ki, evdə altı uşaq idik. Atam rəhmətə getdiyindən ailə­nin bütün qayğıları anamın üzərinə düşmüşdü. O vaxtlar kolxoz-sovxoz işləri var idi. Anam sübhün alaqaranlığında evdən çıxar, toran vaxtı qayıdardı. Gecə yarısınadək isə palaz, kilim, xalça toxuyub satar, dolanardıq. Hamımız ona həm çöl, həm də ev işlərində dəstək olub, fikir etməyə qoymazdıq. Sonralar bacılarım ailə qurub evdən ayrıldılar, mən balaca olduğum üçün anamla elə hey birlikdə xalça, kilim, palaz toxuyardıq. Ona görə də ilmələrin bütün sirrini-sehrini öyrənə bildim. İndiyədək 20-dən artıq xalça toxumuşam. Qızıma cehiz qoşmuşam, oğlanlarıma vermişəm. Bax bu gördüyünüz xalçalar da 30-40 il bundan əvvəl toxunan, lakin gözəlliyini itirməyən həmin xalçalardandır. İndiyədək mənim hanam heç ortalıqdan yığışmayıb, budur (hananı göstərərək deyir), bax beləcə, quruludur. İndi də nəvələrimə öyrədirəm xalça toxumağı. Deyirəm ki, qoy öyrənsinlər. Nənələrindən bir yadigar ­qalsın onlara.
Bəli, kəndin Südabə Məhərrəmova, Gülab Rüstəmova, Bəyim Əhmədova, Əruzə Seyidova və vaxtilə gözəl xalçalar toxuyan digər qadınlarının adları Vidadi Muradovun 2013-cü ildə nəşr olunan “Naxçıvan xalçaları” kitabına da salınıbdır. Südabə xanım gözəl xalçaçı olmaqla yanaşı, həm də ip boyamaqda mahirdir. Hananın üstündən asılan rəngbərəng iplərin təbii otlarla boyanmasının sirrini kənddə ondan yaxşı bilən yoxdur.
Qaldı Südabə Məhərrəmovanın builki “Kətə” festivalında bişirdiyi 8-10 növdə kətənin dad-tamı ilə birinci yerin qalibi olmasına, onun milli mətbəximizlə bağlı məharətlərindən günlərlə danışmaqla qurtarmaz. Bu xanımın təndirdə bişirdiyi lavaşdan, südlü dastanadan danışım, cəviz, kartof, lobya çöçələrindən danışım, yoxsa çeşid-çeşid bir-birindən ləzzətli kətə, qutablarından, təndir paxlavasından? Həqiqətən də, əlləri “qızıl” olan bu qadının bacarmadığı iş yoxdur. Həm də ki iş var iş. Biri var işi necə gəldi edəsən, biri də var ki, ona can yandırıb, layiqli şəkildə ortalığa çıxarasan. Bax Südabə xanım belə­lərindəndir. O deyir ki, xəmirlə bişən nə varsa, bu işin elə əsasını da xəmiri necə yoğurmaq təşkil edir. Xəmir düzgün yoğurularsa, təbii ki, dadlı, ləzzətli də lavaş, kətə, paxlava alınacaq. Bunların hər birinin xəmiri tərkibinə görə fərqli yoğurulur.
Südabə xanımdan ona uğur gətirən kətənin hazırlanması haqqında soruşduqda isə o belə dedi: – O kətə ləzzətli olar ki, xəmirini yumurta, kərə yağı qatılmış südlə yoğurub, yaxşı acıdasan. Bəzən kətənin xəmirini, sadəcə, su ilə də edirlər, amma bunun nə dadı olar ki? İçliyi isə çiriş, quşəppəyi, gicitkən, qazayağı, qarışıq pencərlərlə, ispanaqla hazırlanır. Bunlar əvvəlcə təmiz yuyulur, suyu süzülür, doğranır, duzu-istiotu, soğanı yerində vurulur ki, dadlı olsun. Xəmir hazır olanda bişirilir, təndirdən, sobadan çıxanda isə kətələrin içinə kərə yağı qoyulur. Bu cür bişirilən kətə dadsız ola bilərmi? Südabə xanım “Kətə” festivalının iştirakçılarının onun bişirdiyi kətələri bəyəndiklərindən ağızdolusu danışır, hələ ona yaxınlaşıb bişirilmə qaydasını öyrənənlərin də olduğunu vurğulayır.
40 ildən artıq zaman ərzində Aşağı Qışlaq kənd mədəniyyət evində çalışan, rayonun mədəni-kütləvi tədbirlərində yaxından iştirak edən Südabə Məhərrəmova fəal ictimaiyyətçi, zəhmətsevər insan, qayğıkeş ana olmaqla yanaşı, həm də milli dəyərlərimizi yaşadanlardan, milli mətbəximizin gözəl təbliğatçılarındandır. Azərbaycan qadınına məxsus ən gözəl keyfiyyətləri özündə əks etdirən belə qadınlar hər birimizin mənəvi anasıdır. Onlardan öyrənməli, gənc­lərimizə də öyrətməliyik ki, mənəvi dəyərlərimizi yaşada bilək.

Mətanət MƏMMƏDOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR