16 Oktyabr 2019, Çərşənbə

Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində özəl sektorun əsası ailə təsərrüfatı və ailə biznesləri üzərində qurulur. Ailə üzvlərinin iştirak etdiyi bu təsərrüfat modeli respublikamızın bütün bölgələrində, o cümlədən də muxtar respublikanın rayonlarında biznes sahəsinə çevrilməkdədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” mühüm əhəmiyyətə malikdir. Plana uyğun olaraq ailə təsərrüfatlarının biznes planı tərtib olunur, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilir.
Sərhəd bölgəmiz olan Sədərək rayonu da bu qayğılarla əhatə edilib. Coğrafi mövqe baxımından rayonda kənd təsərrüfatının – heyvandarlığın, əkinçiliyin, bağçılığın, arıçılığın, meyvəçiliyin inkişafı üçün ucsuz-bucaqsız örüş sahələrinin və əkinə­yararlı torpaqların olması ailə təsərrüfatına töhfə verən amillərdəndir. Torpaq adamlarına dövlət tərəfindən verilən güzəştli kreditlər kiçik və orta sahibkarlıq fəaliyyətinə marağı artırır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva ilə söhbət zamanı müsahibim bildirdi ki, muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə Ali Məclis Sədri tərəfindən müvafiq sərəncamla təsdiq edilən Tədbirlər Planına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi tutulmalarından azad edilirlər və onların maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılır. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddırlar. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad edilib. Ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bütün istehsal və sənaye sahələri üzrə güzəştlər davam etdirilir.

Müsahibimin sözlərinə görə, Sədərək rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər dövlət proqramlarının uğurlu icrası, müasir texnologiyaların tətbiqi, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi müxtəlif təsərrüfat sahəsinin inkişafında mühüm rol oynayır. Bu da insanların torpağa bağlılığını artırır. Kəndlərdə yaşayan əhali özünüməşğulluq proqramlarına cəlb edilir. İstehsal etdikləri məhsullardan ruzi-bərəkət götürür, torpağı özlərinə daimi iş yeri sayır, dövlət dəstəyi və qayğısından istifadə edərək yaşayış səviyyələrini yaxşılaşdırırlar. Rayonun əkinçilik, heyvandarlıq, bağçılıq, bostançılıq, arıçılıq təsərrüfatlarında qazanılan uğurlar ildən-ilə artır. Cari ildə də yüksək nəticələrə nail olunub. Belə ki, taxılçılar 2472 hektar taxıl zəmisindən 8788 ton məhsul toplayıblar. Bu da orta məhsuldarlığın 35,6 sentner olması deməkdir. Onu da diqqətinizə çatdırım ki, artıq bir neçə ildir, Sədərək rayonu taxıl tədarükündə liderliyi əldə saxlayır. Bu məsələdə ailə təsərrüfatlarının rolu böyükdür.
Mahirə Adnayeva onu da bildirdi ki, rayonun ailə və fermer təsərrüfatı ilə məşğul olan sahibkarları Fuad Qədimov, Qafar Zeynalov, Nurəddin Əliyev əkdikləri hər hektar taxıl zəmisindən 40 sentner məhsul götürüblər.
Kənd adamları həmişə halal zəhmətdən güc və zövq alırlar. İllik ruzilərini əkinçilikdən, heyvandarlıqdan, bağ-bağçalarının məhsullarından əldə edirlər. Sədərək rayonunda hara üz tutsaq, orada zəhmətkeş insanların müxtəlif növ ailə təsərrüfatı işləri ilə məşğul olduqlarını görərik.
Mahirə Adnayeva deyir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. İstehsal olunmuş məhsulların satışı ilə bağlı keçirilən yarmarkalar, festivallar belə təsərrüfatların inkişafına hərtərəfli şərait yaradır. Hazır­da bölgədə xeyli ailə təsərrüfatı var. Onların sırasında Mehparə Hüseynovanın ailə təsərrüfatını da qeyd etmək yerinə düşər. Mehparə xanım öz təsərrüfatında yüz əllidən çox adda kənd təsərrüfatı məhsulu istehsal edərək satışa çıxarır. Bunlardan Naxçıvan bölgəsinə xas olan turşular, şorabalar, mürəbbələr, kompotlar, göyərti və meyvə quruları, əriştə, Sədərək çörəyi və bir çox məhsulların adını çəkmək olar.
İcra başçısının müavini deyir ki, Sədərək rayonunda ailə biznesinin inkişafı tam dövlət qayğısı əhatəsindədir. Bunun nəticəsidir ki, əhalinin gəlirləri artır və büdcəyə daxil olan vəsaitin miqdarı getdikcə yüksəlir. O da xüsusi qeyd edilməlidir ki, Sədərək rayonunda özünüməşğulluğun təmin olunması diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, son 1 ildə 27 ailəyə yanı balalı, iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib. Hər bir buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi belə təsərrüfatların inkişafında böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, rayonda arıçılıq təsərrüfatı ilə də məşğul olan ailələr var ki, onlar dövlətdən hər bir arı ailəsi üçün 10 manat subsidiya alıblar. Sədərəkdə həm də bostançılıq təsərrüfatı geniş yayılıb. Bu sahənin inkişafı, keyfiyyətli yerli məhsulun yetişdirilib satışa çıxarılması bazarlarda məhsul bolluğu yaradıb. Belə ailə təsərrüfatçılarından Ərrəhman Əliyevin, Tarverdi Əliyevin adlarını çəkmək yerinə düşər.
Sədərək rayonunda ailə təsərrüfatlarının inkişafı məşğulluğa öz müsbət təsirini göstərərək əhalinin gəlirlərini xeyli artırıb. Nəticədə, bölgədə ailə təsərrüfatı ilə məşğul olanların sayı gündən-günə çoxalır, əhalinin güzəranı, rifah halı ildən-ilə yaxşılaşır.

Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR