21 Sentyabr 2019, Şənbə

Üzüm çox məhsuldar olmaqla yanaşı, həm də quraqlığa davamlı bir bitkidir. Məhsul yetişdikdən sonra dörd aya qədər qala bilir. Bu meyvə qurudulmaq üçün də əlverişlidir və şərab hazırlanması üçün əsas xammaldır. Tarixi mənbələr göstərir ki, Azərbaycanda yetişən üzüm və ondan alınan şərablar bütün dövrlərdə dünya səviyyəsində yüksək qiymətləndirilib. 1886-cı ildə Tiflisdə nəşr edilmiş “Vinodeliye na Kafqaze” iqtisadi oçerkində P.V.Dzyubenko qeyd edir ki, düzgün hazırlanar və saxlanarsa, ticarəti düzgün təşkil edilərsə, Azərbaycan şərabları müvəffəqiyyətlə Fransanın Bordo şərabını əvəz edə bilər.

Ta qədimlərdən Azərbaycanda üzümçülük və şərabçılıq əhalinin əsas məşğuliyyət sahələrindən olub. Onun dilbər guşəsi Naxçıvanda Günəş radiasiyasının illik miqdarının 150-160 kilo kalori kvadratsantimetrə çatması (bu miqdar radiasiya keçmiş SSRİ-də yalnız Özbəkistanın düzən ərazilərində qeydə alınırdı) burada becərilən üzüm və ondan alınan şərabın daha da keyfiyyətli olmasına zəmanət verir. Yuxarıda qeyd etdiyimiz kimi, üzüm quraqlığa davamlı olduğu üçün ta qədimdən Naxçıvanda suvarma suyunun azlıq təşkil etdiyi Əlincə çayı vadisində, alçaq və orta dağlıq hissəsindəki yaşayış məntəqələrində, indiki Babək rayonunun Sirab, Qahab, Zeynəddin, Cəhri, Nehrəm kənd­lərində, Sədərəkdə bu bitkinin əkilməsinə daha çox üstünlük verilib. Tarixi mənbələrdə də Naxçıvanda üzümçülüyün qədim ənənələri barədə ­söhbət açılır. Belə ki,1727-ci il ­“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə əhalinin bütün növ məşğuliyyəti kimi üzümçülük barədə də geniş məlumat verilir. İstehsal olunan məhsulun dəyəri və alınan vergilər barədə statistik məlumatların mövcud olduğu mənbədə üzümlük sahələri “qitə” ölçü vahidi ilə verilib. Adlı siyahıda hər kəsin bir qitə (bəzən şərik) və ya yarım qitə üzümlüyü olması barədə məlumatlara rast gəlinir. Məsələn, Cəhri kəndində 160, Yuxarı Əylis kəndində 190, Ordubad şəhərində 101 qitə üzüm bağı olduğu göstərilir.

Adıçəkilən mənbədə Əlincə çayı vadisində yerləşən, bu gün də həyətyanı sahələrdəki əkinin əsasını üzümçülük təşkil edən kəndlərin hamısından üzümə görə vergi alınması barədə faktlara da rast gəlinir. Bu siyahıda nisbətən dağlıq ərazidə olan Göynük, Şurud, Qal (Gal), Aşağı Anzır kəndlərinin də adı vardır. Maraqlıdır ki, Cəhridən başqa, bugünkü Babək rayonu ərazisində olan heç bir yaşayış məntəqəsindən üzümə görə vergi alınmayıb. Əksinə, həmin dövrdə Ordubadın dağ kəndlərindən olan Parağa 291, Çənnəb 4500, Düylün 700, Anaqut 1700, Dırnıs 2200, Kələki 1500, Unus 1800, Aşağı Əylis 2800, Anabad isə 450 ağça üzüm verigisi ödəyib.
Üzümçülüklə bağlı əlimizdə olan digər yazılı mənbələr çar Rusiyası dövrünə aiddir. Bu mənbələr göstərir ki, Naxçıvanda bir sıra süfrə üzüm növləri ilə yanaşı, kişmiş və mövüc istehsalı üçün yararlı üzüm sortları daha çox yayılıb. Doğrudan da, Naxçıvanda xəlili, hüseyni, əsgəri, kürdəşir, inəkəmcəyi, sahibi, qızıl üzüm, keçiəmcəyi, gülabı, kişmişi, ağ kişmişi kimi süfrə üzümlərinin əksəriyyəti Naxçıvanın aborigen üzüm sortlarıdır və kişmiş hazırlanması üçün əsas xammaldır. O cümlədən aborigen üzüm sortu olan hənəqırna mövüc hazırlamaq üçün ən əlverişli sortdur.
Haşiyə: Ehtimal etmək olar ki, “hənəqırna” üzüm növünün adı “hələ qırma” sözündən əmələ gəlib. Çünki üzümlüklərdə ən gec yetişən və mövsümün axırında toplanan üzüm növüdür. Digər üzüm sortlarının 5-6 kiloqramından bir kiloqram mövüc alındığı halda, hənəqırnanın 2-3 kiloqramından bir kiloqram mövüc alınır. Hənəqırna bağlardan ən sonda dərilən üzüm sortudur. Milaxlarda asılaraq Novruz bayramına kimi qala bilir. Payız yarı olduqdan sonra pendir-çörəklə hənəqırna bir çox naxçıvanlının sevimli yeməyinə çevrilir.
Rus tədqiqatçısı M.Ballas aksiz sənədlərinə əsaslanaraq göstərir ki, 1870-ci ildə Naxçıvanda 1454 desyatindən 335 min 167 pud və yaxud 5362,7 ton üzüm yığılıb. Qafqaz Statistika İdarəsinin Qafqaz haqqında məlumat məcmuəsinin III cildinin 275-ci səhifəsində göstərilir ki, Ordubad da daxil olmaqla, Naxçıvan qəzasında (1850-1874-cü illər üçün) 2454 desyatin üzümlük olub və burada hər hektardan orta hesabla 168 pud və yaxud 6 min 596 ton üzüm götürülüb. Məhəmməd Həsən Baharlı isə qeyd edir ki, 1914-cü ilə qədər Naxçıvan quberniyasında, təxminən, 5 min desyatin üzüm sahəsi olub.
Sovet hakimiyyəti qurulana qədər Naxçıvanda müəyyən qədər üzüm sahəsi olsa da, mənbələrdə böyük plantasiyaları və şərab zavodları olan şəxslərin adına rast gəlmirik. 1920-ci ildən sonra əksər kəndlərdə əhaliyə verilən torpaq sahələrində üzüm bağları salınmışdı. Ayrılan sahələr bir-birinə yaxın olduğu üçün fərdi sahələr bir yerdə plantasiya əmələ gətirirdi. Məsələn, Sirab kəndində üç sahədə “Rəncənə” adlı yerdə 60 hektara yaxın, “Hacı Rəcəb” bağlarında 5 hektar, “Dayçan” bağlarında isə 55 hektara yaxın üzümlük sahələri salınmışdı. 1932-ci ildən başlayaraq bağlar bir neçə mərhələdə alınaraq kolxozlaşdırıldı.
1960-cı illərin ortalarından etibarən kolxozlar sovxoza, xüsusilə üzümçülük sovxozlarına çevrildi, yeni üzüm plantasiyaları salınmağa başlanıldı. Digər respublikalardan – Özbəkistan, Türkmənistan, Gürcüstan, eləcə də Avropa dövlətlərindən yeni üzüm sortları olan üzüm çilikləri (əkmək üçün tənək budaqları) gətirildi. Salınan bağlar cərgə üsulu ilə əkilir, şpalerlərə (beton dirəklər və onlara çəkilən üç cərgə məftil) qaldırılırdı. Dar və geniş cərgəli olmaqla, cərgəarası 3 və 3,5 metr götürülürdü ki, traktorlar aradan keçib şum apara bilsin. Bağların arasını Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) üzvü olan sosialist dövlətlərindən Bolqarıstanın istehsal etdiyi kiçik qabaritli “Bolqar” traktorları şumlayırdı.
Naxçıvanda üzümçülüyün inkişafı ulu öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbərliyə gəlişindən sonra yeni mərhələyə yüksəldi. Dahi şəxsiyyətin himayəsi ilə həmin illərdə üzüm plantasiyalarının sahəsi də bir neçə dəfə genişləndi. Belə ki, 1970-ci ildə 7 min 400 hektar, 1975-ci ildə 10 min 4 hektar, 1981-ci ildə isə 18 min hektar sahədə üzümlük salındı. İstehsal olunan məhsulun həcminə gəldikdə isə ən yüksək göstərici 1981-ci ildə qeydə alınıb. Belə ki, həmin dövrdə Naxçıvanda 103 min 543 ton məhsul tədarük edilib. Ümumiyyətlə, ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə ölkə­mizdə üzümün illik istehsalı 2 milyon tona çatdırılıb. İstehsal olunan bu məhsulun 148 min tonu Naxçıvan Muxtar Respublikasının payına düşürdü. Üzüm istehsalına görə birinci yerdə Şərur, ikinci yerdə Babək, üçüncü yerdə Culfa, dördüncü yerdə Ordubad, beşinci yerdə isə Şahbuz rayonu dayanırdı. Hətta ərazisi dağlıq və dağətəyi olan Şahbuz rayonunda ildə 5 min ton üzüm tədarük olunurdu.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu sahədə ciddi tənəzzül baş verdi. Belə ki, 80-ci illərin əvvəllərindən etibarən üzüm plantasiyalarının sahəsi və eləcə də üzüm məhsulunun yığım həcmi azalmağa başladı. SSRİ-də M.S.Qorbaçovun hakimiyyətə gəlməsi Azərbaycanın hərtərəfli bəlaya düçar olmasına, o cümlədən üzüm plantasiyalarının da vəhşicəsinə dağıdılmasına səbəb oldu. “Alkoqolizmə və sərxoşluğa qarşı mübarizə” devizi altında həyata keçirilən tədbirlər milyonlar bahasına salınan üzüm bağlarının dağıdılmasına səbəb oldu.
Yaxşı xatirimdədir, 1986-cı ildə partiya uçotundan çıxmaq üçün Şahbuz rayonuna getmişdim. Şahbuz İcraiyyə Komitəsinin rəhbərliyi telefonda təsərrüfat başçılarından sökülən bağlar haqqında hesabat istəyir, az bağ sökənləri danlayır, tələsdirirdi. Onu da qeyd edək ki, sökülən bağların əksəriyyətinin üzümü yığılmamış, eləcə məhsul üzərində buldozerlə kürənirdi. Təbii ki, bu göstəriş SSRİ rəhbərliyi tərəfindən verilmişdi və bu planın nəticəsi idi ki, 80-ci illərdə 18 min hektara çatdırılan üzüm plantasiyaları, həmçinin milyon manat pul vəsaiti hesabına başa gələn şərab zavodları dağıdıldı. Ölkəmiz böyük bir gəlirdən məhrum olduğu kimi, əhali də çox sayda iş yeri itirdi.
Üzümçülüyün yenidən dirçəldilməsi, bu sahədəki ənənələrin bərpa edilməsi, yeni üzümlüklərin salınması, bol məhsul istehsalı, bir sözlə, üzümçülüyün şöhrətinin özünə qaytarılması müstəqillik illəri ilə bağlıdır. Belə ki, ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda üzümçülüyün daha sürətli inkişafı üçün əlverişli şərait yaradılıb və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2011-ci il dekabrın 15-də “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qədim diyarda üzümçülüyün də yenidən dirçəlməsinə səbəb olub.
Bu gün Naxçıvanda üzümlüklərin sahələri genişləndirilməklə yerli üzüm istehsalına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Dövlət indi kəndliyə kredit də verir, texnika da, su da, digər qayğılar da göstərir. Təki bir vaxtlar bağlarda becərilən minillik qədim üzüm sortları yenidən süfrələrimizi bəzəsin. Artıq bu işdə əhəmiyyətli uğurlar qazanılıb. Belə ki, son illər təkcə Babək rayonunun Nehrəm kəndində 180 hektar sahədə salınan “Sumqala” üzümçülük təsərrüfatı, Babək qəsəbəsində iməciliklər yolu ilə salınan yeni üzümlük, eləcə də Didivar kəndində Hüseynqulu Bədəlova, Babək qəsəbəsində Ənvər Hüseynova məxsus fərdi üzümçülük təsərrüfatları ilbəil fəaliyyətlərini genişləndirir, bol məhsul istehsal edərək daxili bazarın keyfiyyətli yerli məhsula olan tələbatını ödəyirlər. Nehrəm kəndindəki üzümlükdən istehsal olunan məhsul paytaxt Bakı ilə yanaşı, Rusiya bazarlarına da satışa çıxarılır. Bundan əlavə, üzümdən kişmiş və mövüc də hazırlanır. Hazırda məhsulu uzun müddət saxlamağa imkan verən və tutumu 250 ton olan soyuducu anbar da inşa olunur. Burada 200 nəfər işlə təmin olunub. Gələcəkdə təsərrüfatın fəaliyyəti daha da genişləndirildikdən sonra iş yerlərinin sayı 500-ə çatdırılacaq.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, salınan həmin bağlarda keçmiş ənənələrdən istifadə etməklə unudulmaqda olan üzüm sortları yenidən bərpa edilib.
Digər aqrar sahələr kimi, üzümçülüyün də inkişafına göstərilən dövlət qayğısı üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına səbəb olub. Bu gün qədim diyarımızın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
Söhbət şərabçılıqdan düşmüşkən qeyd edək ki, ailə təsərrüfatı sahibləri yaradılan şəraitdən bəhrələnib verilən kreditlər hesabına yeni üzümlük sahələri sala və şərabçılıqla məşğul ola bilərlər. Çünki Naxçıvanda yetişən üzümlərdən alınan şərab, düzgün hazırlanarsa, yaxşı alıcı kütləsi qazana bilər ki, bu da, ilk növbədə, yeni iş yerlərinin yaranmasına, muxtar respublikanın ixrac potensialının daha da artmasına, eləcə də qədim diyarın iqtisadiyyatının güclənməsinə şərait yaradar.

Zaleh NOVRUZOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR