07 Dekabr 2019, Şənbə

Bu gün paytaxt şəhərimiz Naxçıvanda, muxtar respublikanın rayon mərkəzlərində fəaliyyət göstərən çoxsaylı məktəbdənkənar təhsil müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzidir. Mərkəz 1971-ci ildə Gənc Təbiətçilər Stansiyası kimi yaradılıb, 1991-ci ildən Ekoloji Tərbiyə Mərkəzi kimi fəaliyyətini davam etdirir. Ötən dövr ərzində mərkəzin kollektivi məktəblilərin doğma təbiətə məhəbbət ruhunda tərbiyəsini qarşıda duran başlıca vəzifə hesab edib.
2013-cü ildə mərkəzin binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, burada müasir iş şəraiti yaradılıb. Mərkəzdə, ümumilikdə, 32 adda dərnək, 7 kabinə məktəblilərin ekoloji tərbiyəsi ilə məşğul olur. Dərnəklərə 1200 şagird cəlb edilib. Mərkəzin direktoru Rasim Rüstəmov deyir ki, məktəbdənkənar təhsil müəssisəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin ekoloji biliklərini daha da inkişaf etdirmək və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə müxtəlif tədbirlərin təşkilini diqqət mərkəzində saxlayır. Məktəblilərdə doğma yurdun təbiətinə məhəbbət hissi formalaşdırmaq, bu qiymətli sərvəti qorumağın öz sağlamlığımız üçün vacibliyini onlara aşılamaq məqsədilə bütün imkanlardan istifadə edirlər. İl ərzində təşkil olunan tədbirlərdə məktəblilər fəallıq göstəriblər. Belə ki, şagirdlərin muzeylərə ekskursiyaları təşkil olunub, ekoloji seminar və açıq dərslər keçilib, onlar ağacəkmə aksiyalarına cəlb ediliblər. “Qızılgül bitkisinin əkilməsi və ona aqrotexniki qulluq qaydaları”, “Biosenozun ekologiyası”, “Qoruqların təşkilinin məqsəd və vəzifələri”, “Quşlar və onların həyat tərzi” və başqa mövzularda açıq dərnək məşğələləri keçirilib. “Ekoloji mədəniyyətin formalaşmasının aşılanması yolları”, “Naxçıvan Muxtar Respublikası ərazisində bitən dərman bitkilərinin qorunmasında məktəblilərin rolu” mövzularında hazırlanmış metodik tövsiyələrin müzakirələri də yadda­qalan olub, ekoloji sorğular təşkil edilib.

Yay tətili günlərində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək üçün hazırlanmış tədbirlər planı əsasında öz işini quran mərkəzin kollektivi bir neçə tədbirin iştirakçısı olub. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən “Yay tətili uşaqların gözü ilə” adlı əyləncəli konsert proqramında və “Mənim doğma diyarım” mövzusunda keçirilən bilik yarışmasında, “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsində, oxunması zəruri olan kitabların müzakirələrində mərkəzin dərnək üzvləri fəallıq göstəriblər.
Belə tədbirlər növbəti dərs ilinə qədər təşkil olunacaq, həmin tədbirlərdə şagirdlərin fəallığı təmin ediləcəkdir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR