19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Müasir iqtisadiyyatın prioritetləri sırasında bölgələrdə yerli imkanlar hesabına daha çox məhsul istehsalına nail olunması mühüm yer tutur. Bu baxımdan muxtar respublikamızın müxtəlif bölgələrində ailə təsərrüfatları yaradılması yolu ilə davamlı özünüməşğulluğun bərqərar olunması diqqət mərkəzində saxlanılır. Ailə təsərrüfatlarının inkişafı istiqamətində onların kütləvi olaraq sığortaya cəlb olunması da bu sahənin davamlı fəaliyyəti üçün dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi tədbirlərin bir hissəsidir.
Əhali məşğulluğunun artırılması və daxili bazarın rəqabətqabiliyyətli məhsullarla təmin olunmasındakı əhəmiyyətli roluna görə 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənir. Bu sərəncamın tələblərinə uyğun olaraq dövlət tərəfindən ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılması üçün ardıcıl tədbirlər görülür. Şübhəsiz, bu zaman ailə təsərrüfatlarının və onların istehsal etdiyi məhsulların sığortası məsələsi də öz aktuallığını ortaya qoyur. Belə ki, məhdud maliyyə resursları ilə əhatə olunmuş ailə təsərrüfatlarının gözlənilməz bədbəxt hadisələrlə üzləşdiyi zaman məruz qaldığı maddi zərərlərin əvəzinin ödənilməsi onların davamlı fəaliyyətlərinin təmin olunması və kiçik sahibkara çevrilmələri baxımından vacib məsələlərdəndir.

Ailə təsərrüfatları çoxşaxəli fəaliyyət məkanıdır. Eyni zamanda belə təsərrüfatlar fəaliyyət profili cəhətdən də sərbəstdirlər. Bazarın tələblərinə cəld uyğunlaşan ailə təsərrüfatları daha təşəbbüskar bir xarakter ortaya qoymaqla iqtisadiyyatın çoxşaxəliliyi üçün əhəmiyyətini bir daha göstərirlər. Əkinçilik, bağçılıq, heyvandarlıq, quşçuluq və arıçılıq üzrə ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması və satışı ilə məşğul olan ailə təsərrüfatlarının fəaliyyətləri zamanı yaranan müxtəlif gözlənilməz hadisələr isə onların sahiblərinə ciddi maddi zərərlər vura bilər. Ailə təsərrüfatları belə riskli, gözlənilməz hadisələrdən sığorta olunmaqla bu problemləri aradan qaldırır və onların davamlı inkişafına zəmanət verirlər.
Müasir iqtisadiyyatın istənilən sahəsində olduğu kimi, ailə təsərrüfatları da hər yerdə rast gəlinən təbii, texnogen və insan amili qaynaqlı gözlənilməz hadisələr nəticəsində maddi itkilərə məruz qalırlar. Quraqlıq, sel, dolu, fırtına, güclü külək kimi əlverişsiz hava şəraiti, zəlzələ, ildırım vurması, torpaq sürüşməsi kimi dağıdıcı təbiət hadisələri baş verdikdə insanlar bundan zərər görür və yaxud biznes təhlükə altına düşür. Hər bir insanın özünün başına gələ biləcək qəfil hadisələr də onun həyat və sağlamlığına təhlükə yaradır. Odur ki, Naxçıvan Muxtar Respublikasında minə yaxın ailə təsərrüfatının mövcud olduğu və onlara hərtərəfli köməklik göstərildiyi bir dövrdə sığorta zəmanətinin də verilməsi mühüm əhəmiyyətli məsələ kimi diqqəti cəlb edir. Bu qədər sayda ailə təsərrüfatı sahiblərinin, habelə onların istehsal etdikləri məhsulların və tabeliklərində olan kənd təsərrüfatı texnikası və emal avadanlıqlarının vaxtında sığortalanması, şübhəsiz, onların daha çox uğur qazanması üçündür. Başqa sözlə, ailə təsərrüfatları başçıları və onlarla birgə fəaliyyət göstərən digər insanların həyat və sağlamlığını, onlara məxsus olan bina, daşınmaz əmlak, nəqliyyat vasitəsi, iribuynuzlu və xırdabuynuzlu heyvanlarını, quşlarını, arı ailələrini, əkin sahələrini sığorta etdirmələri zəruridir. Çünki hər hansı ailə təsərrüfatı qəfil, gözlənilməz hadisələrdən zərər çəkən zaman ödənilən sığorta məbləği qurulmuş biznesin davamlı inkişafına şərait yaradır.
Hazırda sığorta fəaliyyəti ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında özünün inkişaf mərhələsindədir. Yaradılmış hər­tərəfli şəraitdən bəhrələnərək icbari və könüllü formada aparılan sığorta işləri, bağlanılan müqavilələr, son nəticədə, insanların rifahı, onların sosial müdafiəsinə xidmət edir. Ailə təsərrüfatları da cəmiyyətin sosial-iqtisadi həyatında, əhali məşğulluğunda və innovativyönümlü yeni iqtisadi layihələrin yaranıb genişlənməsində mühüm əhəmiyyətli təcrübə kimi öz təsdiqini tapıb. Belə təsərrüfatların dəstəklənməsi və kütləvi olaraq sığortaya cəlb olunması onların da gələcək uğurları üçün mühüm zəmanət verir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459340
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2296
1580
2296
123381
4459340

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter