23 İyul 2019, Çərşənbə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Əhalinin sosial rifah halının yüksəldilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Buna görə də iqtisadi artımın sabit dinamikasının qorunması daim diqqətdə saxlanılır, yeni layihələr həyata keçirilir. Muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti bu məqsədlərə çatmaqda əsas amildir.

 Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu ilin yanvar-may aylarında iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcmi muxtar respublikada 985 milyon 236 min 400 manata çatıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Keyfiyyət göstəricisi kimi ümumi daxili məhsulun adambaşına düşən hissəsində isə daha çox, yəni 1,9 faiz artım olması əhali rifahının yüksəlməsinə birbaşa təsir edən amil kimi diqqəti cəlb edir.

Naxçıvan ölkəmizin sənayeləşmə yolunda sürətlə irəliləyən iqtisadi regionlarından biridir. Məhz yeni sənaye sahələrinin yaradılması yolu ilə ötən müddət ərzində Naxçıvanda çox güclü istehsal-əmək potensialı yaradılmış, intellektual resurslar maddi dəyər verməyə başlamışdır. Muxtar respublikada əldə olunmuş müsbət təcrübə cari ildə də davam etdirilərək yanvar-may ayları ərzində 441 milyon 725 min manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Bəhs olunan dövrdə Naxçıvanda sənaye ilə yanaşı, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, bank-kredit və xidmət sahələrində də artım dinamikası təmin olunub, əhali gəlirlərində yüksəliş templəri qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-may ayları ərzində muxtar respublikada 54 milyon 392 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Bu dövr ərzində informasiya və rabitə xidmətlərinin dəyəri 21 milyon 525 min manat olub. Bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,8 faiz çoxdur.
İqtisadiyyatın real sektorunun inkişafında bank sektorunun normal fəaliyyətinin təmin edilməsi və təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, cari ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 34 milyon 638 min manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 51,3 faiz çoxdur. Verilmiş kreditlərin 85,3 faizinin uzunmüddətli kreditlər olması diqqəti cəlb edən cəhətlərdəndir. Həyata keçirilmiş tədbirlər muxtar respublikanın xarici ticarət dövriyyəsinin artmasına və burada ixracın payının yüksəlməsinə də mühüm təsir edib. Belə ki, 2019-cu ilin yanvar-may aylarında muxtar respublikada 151 milyon 89 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb, 103 milyon 701 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Aparılan təhlillər bir daha onu göstərir ki, muxtar respublikada sosial-iqtisadi sahələrin kompleks inkişafı uğurla davam etdirilir. Əldə olunan nəticələr uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına zəmin yaradır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4293958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
978
5501
6479
125316
4293958

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter