27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Diyarımız müxtəlif meyvə çeşidləri ilə zəngindir. Həmin meyvələr içərisində ərik xüsusi yer tutur. Bu meyvə sortlarının əksəriyyətinin (alça-ərik, ağ növrəstə, qırmızı növrəstə, haqverdi əriyi, ağcanabat, ağ təbərzə və ya balyarım, toxum şəmsi, qara və sarı təbərzə, əbutalıbi, xosrov şahi) vətəni məhz Naxçıvandır. Min illər boyu Naxçıvan əhalisinin öz məişətində, ailə təsərrüfatının təşkilində ərikçilik müstəsna yer tutub. İstər ailənin meyvə ilə təminatında, istərsə də əmtəəlik məhsul istehsalında ərikdən yaş (təzə), qurudulmuş, qax (dənəsi çıxarılmış) formada istifadə edilib. 

Naxçıvan ərazisində əriyin üç min il əvvəl becərilməsi tarixi qaynaqlarda öz əksini tapıb. Bu diyarın qədim ərik sortları tarixən qonşu ölkələrə ixrac olunub. Ata-babalarımız isə ərik bağlarını salarkən hansı sortlardan istifadə edilməsinə və nə qədər əkilməsinə, yerin iqlim şəraitinə, ən əsası isə bu meyvənin satışının təşkilinə ciddi riayət ediblər. Təbii ki, bugünkü dövrlə müqayisədə həmin məhsulun mövsümündə alıcısı çox az idi. O zaman, əsasən, Naxçıvan və Ordubad şəhərlərində yaşayan əhalinin həyətyanı sahələrində bol ərik məhsulu yetişdirildiyi üçün bazarda ona tələbat aşağı idi. Əsas bazar İrəvan və Sisian hesab edilsə də, o zaman məhsulu bu bölgələrə çatdırmaq çox çətin idi. Ona görə də əhali, əsasən, qurutmaq üçün yararlı olan haqverdi, ağcanabat, ağ təbərzə (balyarım), əbutalıbi, badamı ərik, ağ ərik sortlarına üstünlük verirdilər. Naxçıvanın hər bir ərazisində ərik becərilsə də, Ordubad bölgəsinin bağlarında ərik daha çox olur, onun meyvəsinin qurudulması, saxlanılma qaydası nəsildən-nəslə ötürülürdü. XX əsrin əvvəllərində tanınmış Azərbaycanşünas alim Məhəmmədhəsən Baharlı qeyd edirdi ki, Naxçıvan əriyi dadına, zərifliyinə, iyinə və böyüklüyünə görə məşhurdur.

Əlbəttə, hər zamanın öz hökmü, öz tələbi var. İstehsalçı çevik hərəkət etməli, işini zamanın tələblərinə uyğun qurmalıdır. Bu gün Naxçıvanda əhalinin sayının artması, məskunlaşma bazarda təzə meyvəyə olan tələbatı da artırır. Ona görə də bağlarda tezyetişən ərik sortlarının sayını artıran təsərrüfat sahibləri əhalini təzə meyvə ilə təmin etməklə yanaşı, ailə təsərrüfatlarını da inkişaf etdirir, gəlirlərini artırırlar. Naxçıvanda ən tezyetişən ərik növü isə el arasında “mayovka” da adlandırılan növrəstə əriyidir.
Naxçıvanın qədim ərik sortu olan növrəstənin (mənası “yeni yetişmiş”, “təzə”, “nübar” deməkdir) iki növü vardır. Ağ növrəstə əsl Ordubad sortudur, meyvəsi xırdadır. Qabığı qalın, tüklü, ağ-sarımtıl, bir tərəfi çəhrayı yanaqlıdır. Çəyirdəyi orta böyüklükdə olub, şirindir. May ayının axırı (“mayovka” sözü buradan yaranıb), iyunun əvvəllərində yetişir. Yetişdikdən sonra bir neçə gün ərzində yeyilməlidir. Qurutmaq üçün yaramır. Həm ağ, həm də qırmızı növrəstə daşınan zaman tez əzilir, ona görə də meyvələr tam yetişmə­miş toplanır.
Qırmızı növrəstə Naxçıvanın qədim və məşhur sortlarındandır. Ağacın çətiri girdədir, sıxyarpaqlıdır. Meyvəsi yumrudur, baş hissəsi batıqdır, uzundur. Qabığı sarı, tüklü, narıncı rəngdədir. Bir üzü qırmızıdır, dənəsi şirindir.
Toxum şəmsi növrəstədən az sonra yetişən, daha çox Ordubad rayonunda becərilən ərik sortudur. Bu sort da iki yerə ayrılır: qırmızıtoxum şəmsi və ağtoxum şəmsi. Hər ikisinin meyvələri yumurta şəklindədir. Baş hissəsi bir qədər şişdir. Ağtoxum şəmsinin qabığı tüklü, qalın və azacıq sarı olur. Üzərində incə, qara xalları vardır. Ləti ağ, olduqca şirəlidir. Çəyirdəyi lətindən asanlıqla ayrılır. Dənəsi şirindir. Qırmızıtoxum şəmsinin bundan fərqi qırmızıyanaqlı olmasıdır. Hər ikisi iyunun əvvəllərində yetişir. Yetişdikdən sonra növrəstə sortundan fərqli olaraq ağacın üstündə uzun müddət qalır, daşınma və qurutma üçün əlverişlidir.
Bu gün Naxçıvanın bazar-­dükanlarında növrəstə əriyini asanlıqla tapmaq olar. Amma bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, alıcılar növrəstəni bəzən xaricdən gətirilən başqa ərik növləri ilə qarışdırırlar. Təcrübəli insanlar ilk yetişən və nübar meyvə olan yerli növrəstə əriyini asanlıqla tanıyırlar. Bir də bazarda “mayovka çıxdı, göycə alıcısı azaldı, toxum şəmsi çıxdı, göycə satışı dayandı”, – deyirlər.
Növrəstə ərik geniş sahələrdə – Ordubadın Dəstə və Şərurun Arazsahili kəndlərində becərilir. Çünki bu ərazilərdə məhsul digər yerlərə nisbətən 10-15 gün, bəzən bir ay tez yetişir. Buna baxmayaraq, digər yaşayış yerlərində də həyətlərdə heç olmasa bir ağac növrəstə ərik əkilir ki, necə deyərlər, “uşağın gözü özündə olsun”, yəni meyvəni nübar vaxtı öz həyətindən yığıb doyunca yeyə bilsin.

Zaleh NOVRUZOV