17 Sentyabr 2019, Çərşənbə axşamı

 

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ana və uşaqlara göstərilən tibbi xidmətin əhatə dairəsini genişləndirmək üçün mövcud tibbi avadanlıq, cihaz və aparatlardan istifadə metodları ilə müayinə və müalicələrin səmərəliliyi yüksəldilir. Həmin tədbirlərin davamı olaraq mərkəzin Histoloji laboratoriyasının kompüterinə hamilə qadınlarda gələcək övladının bəzi genetik xəstəliklərlə doğulma ehtimalını müəyyən etmək üçün ikili və üçlü araşdırma testləri yüklənib və onun tətbiqinə başlanılıb. Qeyd edək ki, əvvəllər Almaniyanın “Siemens” şirkətinə məxsus lisenziyalı “Prisca” proqramı ölkəmizdə yalnız bir səhiyyə müəssisəsində mövcud idi. Doğum Mərkəzinin də belə bir proqramla təmin olunması Naxçıvan  səhiyyəsi üçün əlamətdar hadisədir.  

 

Mərkəzin həkim-laborantı Mirəstə Hüseynova bildirir ki, bu səhiyyə ocağında əvvəllər daun, trisomiya 18 və digər genetik xəstəliklər uşaq doğulandan sonra müəyyən edilirdi. Türkiyəli mütəxəssislər tərəfindən kompüterə yüklənmiş ikili və üçlü araşdırma testlərinin tətbiqi isə belə xəstəlikləri döldə müəyyən etməyə imkan verir.
Mütəxəssisin sözlərinə görə, ananın qida ilə yetərli qədər yod almaması doğulan uşaqda tiroid vəzinin hormon çatışmazlığına səbəb olur. Naxçıvan Muxtar Respublikası ərazisində yod elementi nisbətən az olduğuna görə hamilələrə profilaktik yod preparatlarının verilməsinə baxmayaraq, yeni­doğulmuş uşaqlarda tiroid hormon çatışmazlığının yaranma riski daha da yüksəkdir. Belə halların aşkar edilməsi üçün mütləq yenidoğulmuş uşaqların qanında hormon səviyyəsini yoxlamaq lazımdır. Çünki bu hormonun azlığı uşaqların fiziki və zehni inkişafında çox ağır dəyişikliklər, o cümlədən ağıl zəifliyi, boy inkişafının ləngiməsi, karlıq, uzunmüddətli sarılıq, sinir sistemində geriyə dönməyən pozulmalarla müşahidə olunur. Ona görə də yeni doğulan uşaqlarda hormonun profilaktik yoxlanılması vacibdir. Bu hormonun dəyərlərində dəyişiklik müşahidə edilərsə, belə uşaqlar endokrinoloqun nəzarəti altında olmalıdırlar.
“Üçlü test nədir?” sualını cavablayan mütəxəssis bildirdi ki, ikili və ya üçlü araşdırma testi uşaqlarda müşahidə oluna biləcək bəzi xromosom anomaliyalarını 21-ci xromosomun trisomiyası (Daun sindromunu) və 18-ci xromosomun trisomiyasını (Edvard sindromunu) erkən aşkar etmək üçün hamilə qadınların 16 və 18-ci həftələri arasında tətbiq olunan bir laborator müayinə üsuludur. Hamiləlik müddətində ana və atanın ən çox nigaran qaldıqları məsələ uşaqlarının sağlam doğulub-doğulmayacağıdır. Hamiləliyin uyğun vaxtlarında edilən qan testləri və ultrasonoqrafik müayinələr risk qrupu təşkil edən döldə xromosom xəstəliklərinin 95-99 faiz ölçüdə diaqnozunun qoyulmasını təmin edir. Uşaqlarda rast gəlinən bu genetik xəstəliklər ağıl zəifliyinə və bəzi orqanların anomaliyalarına səbəb olur. Buna görə də üçlü testə bəzən zəka testi də deyilir. Öncə ikili test – yəni ananın qanında iki hormonun səviyyəsi yoxlanılır. Əgər bu analizlərdən şübhəli bir nəticə alınarsa, dölün 16-18 həftələri arasında əlavə daha bir hormon yoxlanılır. Üçlü testin aparılması bütün hamilələrə tövsiyə olunur. Lakin bəzi hallarda, o cümlədən hamiləliyin 11-12 həftəliyində dölün USM müayinəsində ənsə qalınlığı ölçüsü normadan artıqdırsa və digər bəlli əlamətlər mövcuddursa, araşdırma testlərinin aparılması zəruri hal alır və mütləq vacibdir.
Bu testlərin edilməsinin ana və ya körpə üçün hər hansı bir riski yoxdur. Ana bətnindəki körpənin qolundan alınan qanda edilən testlər kompüter proqramı ilə qiymətləndirilir və risk faktoru müəyyən edilir. Risk yüksək olduqda dərin müayinələrin vacibliyinə ehtiyac yaranır.
Bütövlükdə, test əsnasında körpəyə zərərverən şüalar və üsullardan istifadə edilmir.

Hüseyn ƏSGƏROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR