17 Sentyabr 2019, Çərşənbə axşamı

Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com xəbər saytında Azərbaycan diplomatik missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərovun Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Azərbaycanın tarixi şəhəri Naxçıvan” başlıqlı məqalə yayımlanmışdır.

Məqalədə muxtar respublika barədə geniş məlumat verilərək Naxçıvanın tarixən qədim İpək Yolu üzərində yerləşdiyi, Şərq və Qərb arasında ticarət yollarını və sivilizasiyaları birləşdirdiyi, “Şərqin qapısı” adlandırıldığı qeyd olunur. Bu il 95 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasında zəngin mədəniyyəti əks etdirən qədim tarixi abidələrin, o cümlədən əzəmətinə və bənzərliyinə görə Azərbaycanın “Maçu Piççu”su adlandırılan, Azərbaycan xalqının qəhrəmanlıq simvolu hesab edilən Əlincə qalasının, xalq inanc və toponimlərindən əlavə Qafqazın bir çox tədqiqatçılarının əsərlərində də bəhs olunan Nuh Peyğəmbərin məzarüstü türbəsinin burada yerləşdiyi bildirilir.

Azərbaycanda qadına hörmətin, onun ictimai-siyasi həyatda rolunun tarixən var olduğunu sübut edən, Azərbaycan Atabəylər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynamış Möminə xatının şərəfinə 12-ci əsrdə ucaldılmış, YUNESKO-nun Qeyri-maddi Mədəni irs Siyahısına salınmış Möminə xatın türbəsindən bəhs edilərək ölkədə bu dəyərin tarixən qorunub saxlanıldığını və Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən dünyanın ilk dövlətləri sırasına düşməsinin heç də təsadüfi olmadığı vurğulanır. Məqalədə, həmçinin muxtar respublikanın turistik məkanlarından, o cümlədən Ağbulaq və Batabat istirahət mərkəzləri, Duzdağ Fizioterapeya Mərkəzindən bəhs olunur. 2018-ci ildə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu, həmçinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə ötən il Naxçıvanda bir çox beynəlxalq və yerli tədbirlərin, festivalların keçirildiyi bildirilir. Eyni zamanda zəngin mədəni ənənələrə malik Naxçıvanın ənənəvi qrup rəqsi olan “Yallı (Köçəri, Tənzərə)”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildiyi qeyd olunur.
Müəllif Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı potensialından bəhs edir, digər məhsullarla yanaşı, məşhur “Badamlı”, “Sirab” müalicəvi mineral sularının, Naxçıvan duzunun, “Naz Lifan” markalı avtomobillərin dünya bazarlarında öz layiqli yerini tutduğunu diqqətə çatdırır. Cənubi Qafqaz regionunun ən böyük Günəş Elektrik Stansiyasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşdiyi vurğulanaraq alternativ enerji mənbələrinə malik olan muxtar respublikanın həm də elektrik enerjisi ixrac etdiyi bildirilir.
Məqalədə muxtar respublikada müasir ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyi və burada xarici tələbələrin də təhsil aldığı qeyd olunur, çilili gənclərin də müxtəlif təhsil təqaüdü proqramları çərçivəsində Naxçıvanda təhsil almaq imkanlarının olduğu bildirilir. Sonda isə Azərbaycan Hökuməti tərəfindən yaradılan “ASAN viza” sistemi vasitəsilə dünyanın yüzə yaxın ölkəsinin, o cümlədən Çili vətəndaşlarının asan və rahat şəkildə Azərbaycan vizası əldə etmə imkanının olduğu vurğulanır. Xüsusilə Şərq və Qərb sivilizasiyaları ilə eyni anda tanış olmaq üçün Çili vətəndaşlarına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səyahət etmək tövsiyə olunur.

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR