27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Müasir Azərbaycan iqtisadiyyatında mühüm rola malik olan sahibkarlığın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən həyata keçirdiyi inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, – deyən ümummilli liderin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və inkişafı, eləcə də bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində də mühüm işlər görülmüşdür. 

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də sahibkarlığın inkişafını prioritet məsələyə çevirmişdir. Dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabət­qabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermişdir. Bu inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər görülmüş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.

Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolunun daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”.
2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi də bu vacib sahənin inkişafına diqqətdən xəbər verir. Belə ki, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasının göstəricisi olmaqla, bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fond tərəfindən bu günə qədər 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox kreditlər ayrılmış, həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.
Naxçıvanda sahibkarlığın fəaliyyət istiqamətləri kifayət qədər çoxşaxəlidir. Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir. Təkcə son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Son illərdə rayon və kənd­lərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasını təmin edir. Dövlət dəstəyi ilə son illərdə 50-dən artıq ölkədə keçirilən 321 müxtəlif tədbirdə 1722 sahibkarın iştirakının təmin edilməsi, 8 ixrac missiyasında, 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə muxtar respublika sahibkarlarının təmsil olunması yerli şirkətlərin biznes əlaqələrinin inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və ixracın artmasına əlverişli şərait yaratmışdır. Bütün bu tədbirlər, son nəticədə, məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkə­mizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə lider olmuşdur.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir.
Son illərdə 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir. Muxtar respublikada sahibkarlara yaradılan şəraitdən istifadə edərək öz biznesini genişləndirən, yeni istehsal müəssisələri, iş yerləri yaradan, istehsal etdiyi məhsullarla ölkəmizi xaricdə layiqincə tanıdan, ümumilikdə, iqtisadi inkişafımıza, xüsusən də özəl sektorun inkişafına töhfə verən belə sahibkarlıq subyektlərinin sayı ilbəil artmaqdadır.
Muxtar respublikamızda sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Ötən dövrdə muxtar respublikada 4294 sahibkarlıq subyekti nəzarət kitabçası ilə təmin edilmiş, İqtisadiyyat Nazirliyində yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılmışdır.
İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına və stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, artıq muxtar respublikada investisiya təşviqi sənədinin tətbiqinə başlanmış, ötən dövrdə 11 milyon 376 min manat dəyərində 5 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 21 halda ixrac əməliyyatı üzrə 63 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini vermişdir.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifədir.


Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021191
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1468
2657
1468
103573
4021191

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter