20 Aprel 2019, Şənbə

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Əlverişli torpaq və iqlim şəraiti ilə seçilən Şahbuz rayonunda 100-ə yaxın ailə təsərrüfatı mövcuddur. Onlardan biri də Ayrınc kənd sakini Sürəyya Quliyevanın başçılıq etdiyi təsərrüfatdır.
Ağır fiziki qüvvə tələb edən əkin-biçindən söhbət gedərkən ilk olaraq kişilər yada düşür. Ancaq Sürəyya xanım öz zəhməti və əzmkarlığı ilə sübut edib ki, bu işlər, sadəcə, qol gücü ilə əldə olunmur. Polad iradə, əzmkarlıq, zəhmətkeşlik, torpağa bağlılıq istər kişi olsun, istər qadın, insanı qarşıya qoyduğu məqsədlərə aparır. Bu zəhmətkeş qadın uzun illərdir ki, torpağa mehr salıb, halal zəhmətinə güvənib. Hər sevincini, şirin arzularını toxuma qarışdırıb torpağa səpib, yaşıl tarlaların, bol məhsullu zəmilərin başına pərvanə kimi dolanıb. Bu qayğıdan, nəvazişdən sanki torpaq da xoşhal olub, onun çəkdiyi zəhmətin, axıtdığı alın tərinin əvəzini səxavətlə qaytarıb, yetirdiyi məhsulun bərəkətini birə-min edib.
1956-cı ildə rayonun Kükü kəndində anadan olan Sürəyya xanım hazırda Ayrınc kəndində yaşayır. O, Naxçıvan Dövlət Universitetində təhsil alıb. 25 il bağça müdiri vəzifəsində işləyən Sürəyya xanımın təsərrüfat sahəsinə marağı isə gənc yaşlarından yaranıb.

Onunla elə zəhmətə qatlaşaraq güzəranını təmin etdiyi təsərrüfat sahəsində görüşdük. Çünki ilin bu vədəsində söhbət etmək üçün əsl zəhmət adamının asudə vaxtını tapmaq, demək olar ki, mümkünsüzdür. O deyir ki, hələ gənc ikən həyətimizdə üzüm bağımız var idi. Elə ki üzüm mövsümü gələrdi, bütün günü həmin üzüm kollarının nazı ilə oynayardım. Məhsul toplanana qədər vaxtımın çoxu bu üzüm kollarına qayğı göstərməklə keçərdi. Zəhmətin nə demək olduğunu da elə o vaxtlardan dərk etmişik. Torpağa bağlılıq qanımıza elə hopub ki, məsul vəzifədə işlədiyim çağlarda belə, ana təbiətdən əlimi üzməmişəm, illər uzunu torpağın köksündə zəhmət cığırı açmışam.
Sürəyya Quliyevanın sözlərinə görə, əvvəllər kənd təsərrüfatı texnikalarının azlığı, suyun olmaması, məhsuldar toxum sortlarının tapılma­ması kənd adamlarının zəhmətini birə-beş artırır, bunun müqabilində də istənilən məhsuldarlığa nail olunmurdu. Torpaqlar kəndliyə verilsə də, imkansızlıq ucbatından sahələrin çoxu əkilmirdi. İndi isə artıq bir zamanlar keçilməsi mümkünsüz sayılan ərazilərdə belə, əkin-biçin işləri aparılır. Buna səbəb Sürəyya xanımın da idarə etdiyi texnikaların alınıb gətirilməsidir. Bəli, yanlış oxumadınız. Siz də nə vaxtsa ­Sürəyya xanımla onun sahəsində görüşməli olsanız, şumlanaraq qabar-qabar olmuş bu ərazilərdəki texnikaları da görəcəksiniz. Sükan arxasında isə elə məhz bu zəhmətkeş xanımı. Sürəyya xanım səhərlər “Niva” markalı avtomobilinə əyləşərək təsərrüfat sahəsinə yollanır. Daha sonra traktorun yer titrədən avazı bu düzlərin dərinliyində əks-səda verir. Bu əks-sədanı da yüksəldən elə Sürəyya xanımın özüdür.
Bildirir ki, 2012-ci ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək lizinq yolu ilə yeni traktor əldə edib. Ailənin təsərrüfat işlərində iki oğlu ona yaxından kömək etsə də, traktoru idarə etməyi öz öhdəsinə götürüb. Onun bu təşəbbüsü, təbii ki, çoxlarını heyrətləndirib. Amma Sürəyya xanım üçün bu, adi bir məşğuliyyətdir: – Bu nəhəng texnikanı aldığım gündən özüm işlədirəm. Hər bir işinə də bələdəm. Odur ki, heç bir çətinlik çəkmirəm. Torpaq nəfəsli, zəhmət qoxulu zəmilərdən əldə edilən qazancla özümə yük maşını da almışam. Ondan, əsasən, əraziyə gübrə və əldə etdiyim məhsulu daşımaqda istifadə edirəm.
Müsahibim onu da vurğulayır ki, ümumiyyətlə, bu diyarın insanları zəhmətkeşdir. Hər bir qarış sahənin qədri bilinən yurd yerimizdə hamı torpaqdan ikiəlli yapışıb. Kəndli yaxşı dərk edir ki, ən qiymətli sərvət olan torpaq daimi ruzi-bərəkət mənbəyi, iş yeridir, gün-güzəranın yüksəldilməsində ən yaxın dostdur. Ona görə də bu sərvətin qədrini bilirik. Biz təsərrüfatçılar üçün yaradılan şəraitin nəticəsidir ki, artıq kənddə yaşayan hər kəsin təsərrüfat işlərinə marağı ildən-ilə artır, bu sahəyə üz tutanların sayı günbəgün çoxalır. Mənim 101 hektar torpaq sahəm vardır. Bu sahədə texnikanın da gücündən istifadə edərək buğda və arpa əkib-becərirəm, tədarük olunan məhsulu da kənddə fəaliyyət göstərən dəyirmana verirəm. Bundan əlavə, Qanlıgöl yaylağında 3 hektardan artıq ərazidə kartof sahəm var. Elə il olur ki, həmin sahədən 100 tondan artıq məhsul götürürük. Yığılan məhsulun bir hissəsini qış üçün tədarük edir, kiçik olanları toxum üçün ayırır, qalanını isə satırıq.
– Yəqin ki, tədarük etdiyiniz məhsulu kənd təsərrüfatı yarmarkalarına çıxarırsınız? – sualına isə təsərrüfat sahibi cavab verir ki, məhsullarımızı yarmarkaya çıxarmağa ehtiyac qalmır. Çünki alıcısı başının üzərindədir. Axı bu yerlərin Pünhan bulağının suyu ilə yetişən kartofun dadı dillər əzbəridir. Kartofun daimi müştəriləri məhsulu elə yerindəcə – sahədən alırlar.
Təbii ki, zəhməti bu qədər sevən Sürəyya Quliyevanın təsərrüfat sahələri sadaladıqlarımızla məhdudlaşmır. Onun idarə etdiyi ailə təsərrüfatında digər məşğuliyyət sahələri də var. Məsələn, həyətyanı sahəsinin bir hektarında saldığı meyvə bağına baxdıqca dəmir iradəli, igid hünərli bu xanımın işgüzarlığı qarşısında heyranlığımı gizlədə bilmirəm. Hələ bağda sıra ilə düzülən arı yeşiklərini demirəm. Yaz aylarında al-əlvan çiçəyə bürünən bu meyvə bağı təkcə gələcəyin məhsulu deyil, həm də arıların nektar deposudur. Elə ki çiçəkləmə dövrü başa çatdı, Sürəyya xanım arı yeşiklərini avtomobilinə yükləyib çiçəklərin köksünə rəngarəng xalı sərdiyi səfalı Şahbuz dağlarına çıxarır.
Əməksevər təsərrüfatçı deyir ki, şükür Allaha, çəkdiyim zəhmətin bu gün bəhrəsini ürəyimcə görürəm. Ötən il “Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu il isə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə təltif olunan qadınlar arasında mən də var idim. Yurdumun gözəlürəkli insanlarının diqqətini üzərimdə hiss etmək məni qəlbən çox sevindirir.
Bir sözlə, nümunəvi ailə təsərrüfatçısı Sürəyya Quliyeva zəhməti, hünəri, geniş ürəyi və cəsarəti ilə çoxlarına, hətta belə deyərdim ki, zəhmətə qatlaşmağı özünə əziyyət bilən bəzilərinə nümunədir. Məhz onun simasında bir daha etiraf etməliyik ki, işləmək istəyən üçün hər yerdə iş var. Sadəcə, qarşına məqsəd qoyub, o məqsəd uğrunda zəhmət çəkməlisən. Necə ki Sürəyya xanım bol məhsul əldə etmək məqsədinə çatmaq üçün traktoru idarə etməkdən belə, çəkinmir. Dəmir iradəli zərif cinsin nümayəndəsi həm də bir daha onu sübut edir ki, kənd adamı üçün yaxşı dolanışıq yeri, firavan yaşamaqdan ötrü ən sərfəli və ən etibarlı iş yeri elə torpaqdır. Torpaq heç zaman borclu qalmır, ­çəkilən zəhmət hədər getmir.
Onun təsərrüfatından zəngin təəssüratlarla ayrıldım. Zəhmətdən qabarıb codlaşan o əlləri sıxıb sağollaşdım. İkimiz də tələsirdik. O, yarımçıq qalmış işini tamamlamaq üçün traktoru işə salmağa, mənsə öz təəssüratlarımı sizinlə bölüşmək üçün bu yazını hazırlamağa...

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3874389
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3292
4136
22779
64780
3874389

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter