17 Fevral 2020, Bazar ertəsi

Fevralın 27-də İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Biznes Mərkəzinə gələn nümayəndə heyəti burada sərgilənən istehsal məhsulları ilə yaxından tanış olub. Məlumat verilib ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qonaqlar Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrində də olublar. “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı nümayəndə heyətinə bildirilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir.

“Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-nin istehsal prosesi ilə maraqlanan qonaqlara məlumat verilib ki, dövlət maliyyə dəstəyi ilə müəssisədə çörək, makaron və peçenye, süd məhsulları və Şərq şirniyyatları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliyadan gətirilən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli məhsul 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sahəsində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Müəssisədə bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil olunub.
Nümayəndə heyəti “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat öyrənib. Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq anti­bakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadrat­metr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir. Burada müasir texnoloji avadanlıqlar quraşdırılıb.
“Gəmiqaya Mebel Fabriki” MMC ilə tanış olan qonaqlara bildirilib ki, müəssisədə müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyə respublikalarından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Bu ünvanda müştərilər müxtəlif ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, binalar üçün müxtəlif avadanlıqları seçə, dizayn-dekorasiya xidmətlərindən yararlana bilərlər.
Qonaqlar “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə də yaxından tanış olublar.

Qulamrza Süleymani: “Gələcəkdə Naxçıvanın təcrübəsindən
faydalanaraq müştərək məhsullar istehsal etmək niyyətindəyik”

İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymani “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi barədə danışaraq deyib:
– İran İslam Respublikasının qonşu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələri yüksək səviyyədədir. İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının Naxçıvanla, təxminən, 140 kilometr sərhədi vardır. Azad zonanın inkişaf layihəsi çərçivəsində biz muxtar respublika ilə gömrük, tranzit, logistika, sənaye, turizm və digər sahələrdə, eləcə də istehsal olunan məhsulların müştərək ixracatı istiqamətində əməkdaşlıq qura bilərik. Səfər zamanı bütün bu məsələlərlə bağlı bir sıra yüksək səviyyəli görüşlər keçirdik, gələcək əməkdaşlığa dair çox faydalı müzakirələr apardıq. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən işlər faydalı nəticələr verəcəkdir.
Qulamrza Süleymani vurğulayıb ki, müzakirələrdə yeni təkliflər səsləndirildi və biz gələcəkdə həmin təklifləri də icra etmək niyyətindəyik: “Bizim 500 min hektar ərazimiz var və fikrimcə, orada bu təklifləri gerçəkləşdirmək üçün geniş imkanlar mövcuddur. Onu da xüsusi qeyd edim ki, görüşlər zamanı Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində lazımi tədbirlər həyata keçirildiyini, dövlətin sahibkarlara biznes fəaliyyətini qurmaq, genişləndirmək üçün maliyyə yardımı göstərdiyini öyrənmək mənim üçün maraqlı oldu. Bütün bunları nəzərə alaraq gələcəkdə Naxçıvanın təcrübəsindən yararlanıb müştərək məhsullar da istehsal etmək niyyətindəyik. İnanıram ki, atacağımız addımlar hər iki tərəf üçün uğurlu olacaqdır”.

 Nail ƏSGƏROV
Tural AĞAYEV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR