21 Fevral 2020, Cümə

Naxçıvan Muxtar Respublikasında enerji təminatı bu gün özünün yeni inkişaf mərhələsindədir. Bu sahənin inkişaf etdirilməsi istər ölkə başçısı, istərsə də muxtar respublika rəhbərinin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən olub. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb.

Bu dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılıb, yüksək­gərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb.
Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavatdır.

Dünyada karbohidrogen mənşəli enerji ehtiyatlarının getdikcə azalması və onların qeyri­-bərabər paylanması hazırda ölkə­lər qarşısında alternativ enerji mənbələri əldə etmək zərurətini qlobal məsələyə çevirib. Çünki dünya təcrübəsi də göstərir ki, enerji asılılığı iqtisadi və milli təhlükəsizlik məsələlərinə birbaşa təsir edən, eyni zamanda bir ölkənin müstəqilliyini təhdid altına alacaq güclü rıçaq hesab olunur. Bu mənada, qlobal gücləri güclü edən əsas vasitənin də enerji ehtiyatı olduğu bir daha öz təsdiqini tapır. Məhz bu baxımdan son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda alternativ və bərpa­olunan enerji mənbələrindən maksimum istifadəyə hesablanmış mühüm layihələrin həyata keçirilməsi böyük əhəmiyyəti ilə ­seçilir.
Nəzərə alaq ki, Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa­olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Ötən dövrdə belə mənbələrdən istifadə energetika sektorunda davamlı inkişafı təmin edib, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində müasir infrastruktur yaradılıb. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikada Günəş və Su Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 70 faizindən çoxunu təşkil edir. Bununla yanaşı, diyarımızda yeni elektrik stansiyalarının tikintisi və layihələndirilməsi işləri davam etdirilir. Belə ki, hazırda 36 meqavatlıq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək gücünün 30 meqavata qədər artırılması üçün layihə işləri hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublikanın enerji təhlükəsizliyi ölkə başçısının daim diqqət göstərdiyi məsələlərdən biri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər barədə demişdir: “Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb... Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında, bəlkə də, yeganə belə bir hal olacaqdır. Şadam ki, o cümlədən Günəş Elektrik Stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, artıq qədim diyarda Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Bu fikirlər bir daha təsdiq edir ki, həqiqətən də, enerji təhlükəsizliyi iqtisadi inkişafın əsas şərtidir. Çünki enerji mənbələri olmadan heç bir sahəni inkişaf etdirmək, deməli, həm də davamlı iqtisadi inkişafı təmin etmək mümkün deyil. Muxtar respublikada bərpaolunan enerji mənbələrinin sayının artması və yaxın gələcəkdə enerji təminatının 100 faiz bu yolla ödənilməsi məhz muxtar respublika iqtisadiyyatının dayanıqlı­lığını şərtləndirən ən mühüm amil olacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR